Nuşirəvanın ova getməsi

Nuşirəvanın ova getməsi
Müəllif: Seyid Əzim Şirvani


Nəql edirlər ki, şahi-Nuşirəvan.
Oldu bir türfə seydgahə rəvan.
Tutdular seyd kim, kəbab edələr,
Şahi-dövranı kamiyab edələr.
Bir qulam oldu rustayə dəvan,
Ta gedib duz gətirsin ol əlan.
Dedi Nuşirəvan ədalət ilə,
Duzu al, ey qualm, qiymət ilə.
Töycüyə etməsinlər ani hesab,
Dağılıb olmasın bu kənd xərab.
Dedilər: - Ey şəhi-sitarə-məhəl,
Belə az nəsnədən yetər nə xələl?
Dedi: - Bünyadi-zülm dünyadə
Az olub, ey küruhi-dilsadə.
Sonradan kim ki, gəldi, etdi ziyad,
Qıldılar xanimanları bərbad.
Yesə bir sib əgər şəhi-baqi,
Olu viran rəiyyərin baği,
Beş yumurta əgər yesə sultan,
Ləşkəri min toyuq edər büryan.
Dari-dünyadə qalmaz ol qəddar,
Qalır ol şumə lənəti-büsyar.
Zülmdən yer üzündə ot bitməz,
Zülmü sultan edəndə kim etməz?
Padşah etməsə ədalət əgər,
Olur əlbəttə dəhr zirü zəbər.