Oğluma xitab (Ey oğul, olma talibi-badə)(Seyid Əzim Şirvani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oğluma xitab
Müəllif: Seyid Əzim Şirvani


Ey oğul, olma talibi-badə,
Getməsin ta ki, izzətin badə.
Badənin zuri əqli zail edər,
Adəmi hər fəsadə mail edər.
Əqldəndir şərafəti-insan,
Olmasa əql, mərd olur nadan.
Badə tabı olur şüura hicab,
Əqli məstur eyləyib meyi-nab.
Veribən simü zər şərab alma,
Ey oğul, əqlüvə hicab alma...
Bil ki, ümmül-fəsaddır badə,
Verdi çox xanimanları badə.
Bir zaman gərçi mən üzüqarə
Var idim badənuşü meyxarə:
Mənə mənzil şərabxanə idi,
Həmdəmim çəng ilə çağanə idi;
Məclisimdə həmişə hal əhli,
Mərifət məcməyi, kəmal əhli;
Həmdəmim hər büti-pərivəş idi,
Mənə məşrəb şərabi-biğəş idi;
Arü, namusü, qeyrəti atdım.
Baş qoyub xüm ayağına yatdım;
Gecələr məst, ta səhər bəngi,
Həmbüsatım müğənniyü çəngi;
Çəkməmiş başıma səhərlər əyağ.
Olmaz idim durub yerimdən oayğ;
Gərçi elmü fərasətim çox idi,
Əhli-fəzl içrə hörmətim yox idi;
Məst olub xəlq ilə cidal etdim,
Əqlimi cəhlə payimal etdim;
Məstlikdən olan zaman huşyar,
Gördüm əldən gedibdü qeyrətü ar;
Incinib cümlə yarü ənsarım,
Qalmayıb kimsənə havadarım;
Çıxmışam ta ki, məst bazarə,
Gəlmişəm rast hər dilazarə;
Əlidaşlı uşaqlar hər yan
Məni-bədməstə oldu səngzənan;
Batmışam gül kimi qızıl qanə,
Dönmüşəm sərbəsər gülüstanə;
Ta ki, tövfiq oldu həmrahım,
Lütflər eylədi mənə şahım;
Ta hidayət çirağı saldı ziya,
Qəlbimi rövşən etdi nuri-xuda.
Eylədim pak camdən tövbə,
Dəxi şürbi-müdamdən tövbə...