Padşah və ədib
Padşah və ədib Müəllif: Seyid Əzim Şirvani |
Var idi bir ədibi-danişmənd,
Bəhri-elmü kəmalü mədəni-pənd.
Eyləyib elmü fəzl icadın,
Elmə təhris edərdi övladın.
Ona şah oğlun eylədi təslim,
Ta ona elmü fəzl edə təlim.
Dedi kim, ey ədibi-fərzanə,
Sənə təslimdir bu dürdanə.
Necə ki, oğluva edirsən cəhd,
Ona da eylə elmi-hikməti əhd.
Ta ədib etdi hökmi-şahı qəbul,
Oldu, insanı gör, zəlumü cəhul.
Neçə il çəkdi zəhmət ol dana,
Olmadı bir fərasəti peyda.
Leyk övladi-bakəmali-ədib
Hər biri fəzldən apardı nəsib.
Şah bir gün ədibə qıldı xitab,
Eylədi qeyz ilə itabə şitab –
Key müəllim, bu nə xəyanətdir?
Bu nə ixlasü nə iradətdir?
Əhdüvə hiç səndə yoxdu vəfa,
“Fə iza xaləfəl-kərimü cəfa”.
Ərz qıldı ədib, key sultan,
Tərbiyətdir zəmanədə yeksan.
Müxtəlifdir və leyk istedad –
Ki, müqəssir deyil yəqin ustad.
Daş-ara simü zərdü gər müzmər,
Leyk hər daşda yoxdu sim ilə zər.
Oldu dəhrə Süheyl nurəfşan,
Müxtəlif zahir oldu bəs əlvan.
Cümlə əlvan Süheyldəndir əgər,
Verdi hər cüzi-ərzə rəngi-digər,
Aldı hər ciz feyzi-mövlasın,
Eylədi zahir öz təqazasın.
Agəh ol kim, bir əmrdir müşkül –
Ki, verə şurəzarlər sünbül.
Seyyida, çəkmə zəhməti-bica,
Hər şey öz batinin edər peyda.