Ayrı düşdüm vətənimdən, elimdən,
Başı çənli, qarlı dağlar, qal indi!
İçən ölməz dərdə dərman suyundan,
Axar sular, tər bulaqlar, qal indi!
Bivəfasan, mən görmədim vəfanı,
Çox çəkmişəm sənin cövrü cəfanı,
Məndən sonra rəqib sürər səfanı,
Fərş döşəli ağ otaqlar, qal indi!
İlqarsızsan, vəfan yoxdu dünyada,
Dostunun sirrini verirsən yada,
Şamamanı dərdirirsən xoryada,
Səbzə bostan, sarı tağlar, qal indi!
Qurbaniyəm, yəqin oldu sözlərim,
Eşq əlindən kabab istər gözlərim,
Qan tökürsən qürbət eldə, gözlərim,
Ağla, canan deyib ağla, qal indi!