Qarı və oğru
Müəllif: Seyid Əzim Şirvani


Var idi şəhri-Reydə bir qarı,
Duz yerində satardı ol qarı.
Ümmi-təlbisü madəri-təvzir,
Hiyləsindən dolub bu aləmi-pir.
Bir cavan oğlu var idi ziba,
Baği-izzətdə bir güli-rəna.
Qonşudan bir gün ol rəsidəcavan.
Bir yumurta oğurladı pünhan.
Sirqətə gərçi ol deyildi həris,
Nənəsi eylədi onu təhris.
əvvəl olmuşdu gər nihan oğru,
aqibət oldu bir yaman oğru.
Rahzən, düzd, şəbrəvü əyyar,
Oldu axır həramilər ilə yar.
Əhli-divan etdilər tədbir,
Ta ki, ol növcavan oldu əsir.
Şah hökm etdi ki, çəkin darə!
Şahə yalvardı kim, o biçarə
İzn ver bir zaman anam gəlsin,
Ölürəm, ta ki halımı bilsin.
Anasın gördü ol günü qarə,
Çəkdi ağuşa, yetdi didarə.
Dedi: - Ey madəri-həmidəxisal,
Dilüvü lütf eylə, ağzıma sal.
Ölürəm çünki iştiyağından,
Ta öpüm bir o dil-dodağından.
Dilini verdi ağzına madər,
Onu üzdü dişiylə ol sərvər.
O qarı etdi naləvü fəryad-
Key haramzadə, de nədir bu fəsad?
Şah sual etdi surəti-hali,
O cavan şahı eylədi hali,
Dedi: - Ey şah, ibtidadə əgər
Mənə olsaydı bu nəsihətlər,
Oğru olmazdım, ey şəhi-vala,
Mənə yetməzdi hiç böylə bəla.
Bəs anamdır bu möhnətə bais,
Bu qəmu dərdü zillətə bais.
Bu səbəbdən mən, ey şəhi-dövran,
Eylədim ol ləini qəti-lisan.
Bir lisan xeyrə olmasa guya,
Ona lazım gəlir bu günə cəza.
Şahə xoş gəldi bu lətif kəlam,
Eylədi ol cəvanə çox ikram.
Oldu qəmdən xilas o biçarə,
Ədli-şəh çəkdi qarını darə.