Qara çuxanın qaytanı
Qara çuxanın qaytanı Müəllif: Aşıq Cəfərqulu |
Aşıq Cəfərqulu 1885-ci ildə Laçın bölgəsinin Seylanlı kəndində dünyaya gəlib. |
Qara çuxanın qaytanı,
Unutma yol-ərkanı.
Məndən sənə yar olmaz,
Öz yarını get, tanı.
Qara çuxanın cibləri,
Yırtılıbdı cibləri.
Mən sevdiyim gözəlin
O taydadı evləri.
Qara çuxanın ətəyi,
Yaxşı olmaz gödəyi.
Yarım seyrə çıxıbdı,
Ay çoban, çal tütəyi.
Qara çuxanın astarı,
Çağır gəlsin dostları.
Baxın, gələn qızların,
Can almaqdı qəsdləri.
Qara çuxanın qolları,
Örtübdü ağ əlləri.
Elə bil ki şəvədi,
Sevgilimin xalları.
Qara çuxanın yaxası,
Geyib kəndin koxası.
Yoxdu onun xəbəri,
Tökülübdü arxası.