Qaradağlılar/Fəthoğlu oymağı

Dizmar mahalı Qaradağlılar. Fəthoğlu oymağı
Müəllif: Ənvər Çingizoğlu
Hacı Sara xanım


Ustaclı elinə daxil olan oymaqlardan biri də Fəthoğludur. Bu oymağın camaatı Təbriz ətrafında məskunlaşmışdı. Fəthoğlu oymağından çıxan ünlü əmirlərdən biri Əliqulu bəydir. Əliqulu bəy Şah Məhəmməd Xudabəndənin böyük oğlu Həmzə mirzənin lələsi idi. Şahdan xan ünvanı almışdı. Əliqulu xan adlı-sanlı əmirləri bir-biriləri ilə dalaşdırıb, nüfuzdan saldı. Azərbaycan-Təbriz bəylərbəyi Əmir xan Mosullu-Türkmanı Qəhqəhə qalasına saldırıb, yerinə keçdi. 1585-ci ildə Təbriz bəylərbəyi oldu. Əliqulu xanın Hüseynqulu bəy adlı qardaşı vardı. Hüseynqulu bəy sultan ünvanı ilə Təbriz şəhərinin darğası olmuşdu. Sonra qardaşını əvəzləmişdi. Fəthoğlu oymağından çıxan səsli oğullardan biri də Həsən bəydir. Həsən bəy I Şah Təhmasibin ağalığı dönəmində Qızılbaş ordusunda qulluq edirdi. 1551-ci ildə Şəki yürüşündə iştirak etmişdi və Kiş qalasının alınmasında qəhrəmanlıq göstərmişdi.