Qaradağlılar/Soyun kökü:Ustaclı eli

Sofulu oymağı Qaradağlılar. Soyun kökü:Ustaclı eli
Müəllif: Ənvər Çingizoğlu
Toxmaqlı oymağı


Xanqaradağskilərin soy-kökü Ustaclı elinin Toxmaqlı oymağından çıxan Ilyas xəlifəyə bağlanır. Ilyas xəlifədən danışmazdan öncə Ustaclı eli və onun oymaqları haqqında bilgi vermək gərəkliyini düşünüb, qaynaqlara müraciət etdik. Məşhur alim Qulamhüseyn Beqdeliyə görə Ustaclı eli Oğuzların Bəydili boyuna bağlanır. Bəydili boyu oğuzların 24 qrupundan biridir. Tarixçi Seyid Camal Tərabi-Təbatəbayi «Azərbaycanın qədim abidələri» adlı əsərində ustaclıları Şamlı elinin bir qolu kimi göstərir. Bildiyimiz kimi Şamlı eli əsasən Bəydili boyundan təşkil olunmuşdu. Ağqoyunlu tarixçisi Fəzlullah ibn Ruzbehan Xunci «Tarixi aləm arayi-Əmini» adlı əsərində Şeyx Heydərin ünlü sərkərdəsi Həsən ağa Ustaclını Şamlı əmirlərdən biri kimi nişan verir. Dirsəkləndiyimiz tutalqalar bir bu faktı ortalığa qoyur ki, Ustaclı eli oğuzların Bəydili boyuna bağlıdır. Mifik şəcərəyə görə Oğuz xanın 6 oğlu varmış. Bu oğullar Gün xan, Ay xan, Ulduz xan, Göy xan, Dağ xan və Dəniz xan adlanırmışlar. Qardaşların da hərəsinin 4, hamısı bir yerdə 24 oğlu varmış. Gün xanın oğulları: Qayı, Bayat, Alqaravlı, Qaraevli. Ay xanın oğulları: Yazır, Döyər, Dodurğa, Yaparlı. Ulduz xanın oğulları: Avşar, Qızıq, Bəydili, Qarxın. Göy xanın oğulları: Bayandır, Beçənə, Çavuldur, Çəpni. Dağ xanın oğulları: Salur, Eymur, Alayundlı, Ürəgir. Dəniz xanın oğulları: Igdir, Bügdüz, Yıva və Qınıq. Deməli, mifik şəcərəyə görə, Ustaclı eli Oğuz xanın üçüncü oğlu Ulduz xanın üçüncü oğlu Bəydilinin törəmələridir. Ustaclılar haqqında Azərbaycan Sovet Ensiklopediyasında yazılır: «Azərbaycanlıların etnogenezisində iştirak edən türkdilli tayfa. XI yüzildə Səlcuqluların tərkibində Kiçik Asiyaya, XV yüzilin sonlarında isə Azərbaycana gəlmişlər. Mənbələrdə adları ilk dəfə 1488-ci il hadisələri ilə ilgili çəkilir. Azərbaycan və Iranın siyasi həyatında mühüm rol oynamışlar. Ustaclılar Qızılbaş tayfa birliyində səfəvilərin dayağı olmuşlar. Səfəvi sərkərdələrinin və bəylərbəyilərin bir çoxu ustaclı əmirlərindən təyin olunurdu. Ustaclıların çavuşlu, toxmaq, küsülü, kəngərli və başqa qrupları vardı. (Bax: ASE, 1X cild, səh. 468.) Anonim «Qızılbaşlar tarixi»ndə Ustaclı tayfası haqqında yazılır: «Onlar I Şah Ismayılın zühurunun əvvələrində Ərzincan yaxınlığında öz köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur. (Bax: Qızılbaşlar tarixi. Bakı, 1993, səh. 28.) Qızılbaşlar dövlətinin tarixçisi Zeynalabidin Əli Əbdi bəy öz ünlü «Təkmmilatül-əxbar» adlı əsərində ustaclıların I Şah Ismayıla qoşulması haqqında yazırdı: «Oradan Kağızmana gəlib, Araz çayının başlanğıcı yaxınlığında Ustaclı tayfasının o vaxtlar yerləşdiyi başqa bir köç yerinə — Mingöl yaylaqlarına hərəkət etdilər. Həmzə bəy Həbix oğlu Ustaclı qarşısıalınmaz buyruq ilə onlara (ustaclılara) Əlahəzrətin səadətli gəlişi haqqında sevincli xəbər gətirdi… Səhərisi gün bütün böyüklər, başçılar, gənclər, əsilzadələr, sufilər və etiqad edənlər, bir sözlə həmin o tayfa bütünlüklə adı çəkilən Həmzə bəyin yanında Əlahəzrəti qarşılamağa çıxdılar… qulluq yoluna buyurdular. Şahın canişini bir neçə ay onların içərisində qaldı və bu xəbər sufilərin və şiələrin qulağına çatdı. Sonra (Ismayıl) o tayfa ilə Tərcan mahalındakı Sarıqayaya, oradan da Ərzincan vilayətinə yola düşdü. (Bax: Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989, səh.192.) Ünlü türkoloq Faruq Sümər Ustaclı elinin yurdu haqqında yazır: «Səfəvi dövlətini quran ünsür tamamilə türklərdən ibarətdir. Bu ünsürün böyük əksəriyyətini də anadolulu köçəri və kəndli türklər meydana gətirirdi. Yuxarıda deyildiyi kimi, Şah Ismayıl Ərzincan yaxınlığında Anadolu türklərini başına yığaraq, buradan Azərbaycana yürüyərək öz dövlətini qurmuşdur. Bu halət Səfəvi dövlətinin başlıca dayağı olan boy və obaların yurdlarının bilinməsilə daha düzgün anlaşılmaqdadır. Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: ustacalı-ustahacılı (Səfəvi dövründə ustaclı), rumlu, təkəlü, zülqədər, şamlı, əfşar, qaçar. Bunlardan ustaclılar Sivas-Amasiya bölgəsindən gəlmişlər.» (Bax: F. Sümər, Oğuzlar, Bakı, 1992, səh. 163). Ustaclı elinin bütün nümayəndələri Azərbaycana gəlmədilər. Bəzi qalıqları Türkiyə ərazisində qalıb, dövran sürməyə başladılar. Türkoloq Faruq Sümər yazır: «Ulu yörük əsasən Amasya, Tokat və Sivas bölgələrində yaşamaqda olub, bu icmanın bəzi oymaqları qərbdə Ankara, Qırşəhir bölgəsinə qədər yayılmışdır. Ulu yörük üç əsas elata ayrılır; yüzdə para, orta para, şərq para. Bu elatları təşkil edən oymaqlar bölük adlanır. Bölüklərdən hər biri qışlaqlara sahibdir və orada əkinçilik edir. Bu icmanı meydana gətirən başlıca bölüklər bunlardır: il bəylü, çəpni, qalağuzlu, Ağ salur, tatlu, gərampa, şərəfəddinlu, cünğar (monqolca caunqar?—sol qol), ballu, çapanlu, ikuzlü, çavurçı, ustaclu, turqutlu, ağcaqoyunlu (dülqədirlidən), əlibəyli, quzugüllü, qara keçili, inallu (Hələb türkmənlərindən). 1499-cu ildə Ərzincan yörəsində, Mingöl yaylağında I Şah Ismayıla qatılan ustaclılar arvad-uşaqlarını, ağrıqlarını Sultan Bəyazidin yanına göndərmişdilər. Şirvan zəfərindən sonra elliklə köçüb, Azərbaycanda yerləşdilər. Ustaclı elinin nümayəndələrinin arasında Xanməhəmməd bəy, Baba Süleyman bəy, Baba Ilyas bəy, Məntəşa bəy, Müsənna bəy, Heydər bəy, Əhməd bəy adlı əmirlər vardı. Ustaclı qoşunu Qızılbaşlar ordusunun sol qolunda vuruşurdu. 1514-cü ildə Çaldıranda Osmanlı ordusuna qarşı savaşan Qızılbaş ordusunun sol cinahına Xanməhəmməd bəy Təmişli-Ustaclı başçılıq edirdi. Onun cinahında adlı-sanlı qızılbaş əmirləri, Məntəşə sultan Şeyxlər-Ustaclı, Pirə bəy Çavuşlu-Ustaclı döyüşürdü. Qorçubaşı Sarı Piri bəy Ustaclı isə qoşunun çərxçisi, önqolun, avanqard hissənin başçısı idi. Savaş zamanı atı vurulan Şah Ismayıla at verən Xızır ata Ustaclı elindən idi. Azərbaycan tarixində Ustaclı eli bağlı neçə-neçə səhifə var. Onlar Qızılbaşlar məmləkətində qayda yaratmaqla bərabər, bəzən də qarışıqlıq törətmişlər. Bu qarışıqlıq bir siyasətə dayanırdı. Birinci olmaq siyasətinə. 1524-cü ildə Şah Ismayıl vəfat etdi. Böyük oğlu və vəliəhdi Təhmasib mirzə şah elan edildi. Yüksək və gəlirli dövlət vəzifələrini, zəngin və verimli torpaq sahələrini ələ keçirmək üçün qızılbaş əmirləri mübarizəyə başladılar. Dövlət işləri üzərində əməli nəzarəti, vəkil vəzifəsini Əmir Əli bəy (Div sultan) Rumlu ələ keçirdi. Lakin Ustaclı tayfasının Mustafa bəy Hacıfəqihli (Köpək sultan) və Abdulla xan Təmişli kimi qüdrətli əmirləri onun hakimiyyətini qəbul etmədilər. Əli bəyin çağrışı ilə Təkəli, Zülqədər elləri bir yerə yığışıb, Ustaclı elinə qarşı savaş açdılar. Şamlı əmirləri də Əli bəy Rumluya dəstək verdilər. 1525-ci ildə güclənən Əli bəy Mustafa bəyə dövlət qayda-qanunlarına tabe olmağa, onun vəkilliyini tanımağa çağırdı. Mustafa bəy müsbət cavab verərək onunla görüşməyə getdi. Lakin məşvərət zamanı sözləri düz gəlmədi. Pozuluşdular. Əli bəy qiyama təhrikçi saydığı Qarınca bəy Ustaclını və Narın bəy Qacarı öldürdü. Mustafa bəy başını götürüb, Çuxur Səd əyalətinə, Irəvana və Naxçıvana çəkildi. 1526-cı ildə ətrafına xeyli adam toplayan Mustafa bəy (Köpək sultan) Xalxaldan Sultaniyyəyə gəldi. Ona qoşulmuş Ustaclı əmirləri, Qılınc xan Təmişli, qorçubaşı Bədr bəy Şərəfli, Qurd bəy Şərəfli və başqaları ilə birgə şah qərargahına doğru hərəkət etdi. Vəkil Əli bəy Rumlu barışıq üçün elçi göndərsə də, ustaclılar ona etibar etmədilər. Səksəncək adlı yerdə qarşılaşdılar. Öncə ustaclılar birləşmiş qoşuna qalib gəldilər. Onlar adlı-sanlı təkəli əmirlərindən olan Qaraca sultanı və Burun sultanı öldürdülər. Sonra şahdan və şahın qvardiyasından istifadə edən rumlular və təkəlilər üstünlük qazandılar. Ustaclı qoşunu basılıb, Gilana tərəf qaçdı. Qaçanlar Rəştə üz tutub, Müzəffər sultana sığındılar. Ustaclı elinin digər qrupu Abdulla xan Təmişlinin və Əhməd sultan Sofuoğlunun başçılığı altında rumlu və təkəli tayfalarına qarşı savaşa başladılar. Onlar da yenildilər. 1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb, istilaçılara qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub, geri çəkildilər. 1527-ci ildə Mustafa bəy (Köpək sultan) Gilandan qoşun çəkərək Ərdəbilə gəldi. Ərdəbilin hakimi Badəncan sultan Rumlunu məğlub edib, öldürdü. Ordan Çuxur Səd əyalətinə, rumlu elinin yaşadıqları yerə hərəkət etdi. Vəkil Əli bəy (Div sultan) bu xəbəri eşidib, Çuxa sultan Təkəli və Məhəmməd xan Zülqədərin yaxından yardımı ilə səkkiz min qorçu ilə Qərbi Azərbaycana yollandı. Tərəflər Naxçıvanda, Araz çayının yaxasında üz-üzə gəldilər. Ustaclı qoşunu darmadağın edildi. Qoşunun komandanı Mustafa bəy öldürüldü. Sonra Rumlu və Təkəli tayfaları arasına təfriqə düşdü. Vəkil Əli bəy (Div sultan) Rumlu Çuxa sultan Təkənin təhriki ilə məhv edildi. Vəkillik mənsəbinə Çuxa sultan yiyə durdu. 1530-cu ildə ustaclı əmirlərindən Bədr xan Şərəfli, Məntəşa sultan Şeyxlər, Həmzə sultan Hacıfəqihli Gilandan saraya gəlib, şahdan bağışlanmaqlarını xahiş edirlər. I Şah Təhmasib onları bağışlayıb, hərəsini bir yerə hakim təyin edir. 1531-ci ildə Çuxa sultan Təkəli də Hüseyn xan Bəydili-Şamlı ilə düz dolanmayıb, öldürüldü. Təkəlilər vəkiliyi Çuxa sultanın böyük oğlu Şahqubad bəyə verilməsini təklif etdilər. Özünə gəlmiş ustaclılar bu təklifə qarşı çıxdılar. Maraqlıdır ki, bu dəfə zülqədər və avşar əmirləri ustaclıları dəstəklədilər. Təkəlilər ustaclılardan bir neçə adam öldürdülər. I Şah Təhmasib təkəli tayfasının qətlinə fərman verdi. Təkəlilər bu hayı eşidib, qaçdılar. Adlı təkəli əmirlərinin bir qrupu Osmanlı dövlətinə sığındılar. Şah əmirüməralığı Abdulla xan Təmişli-Ustaclının və Hüseyn xan Bəydili-Şamlının arasında bölüşdürdü. 1534-cü ildə Osmanlı padşahı I Sultan Süleyman Azərbaycana yürüş etdi. Təkəli və Zülqədər tayfaları osmanlıların tərəfinə keçdilər. Ustaclı eli ağır qoşunla şahın yanında dayandı. Abdulla xan və Məntəşa sultan I Təhmasibin məşvərətçiləri sırasında idilər. 1535-ci ildə I Sultan Süleyman yenidən Azərbaycana yürüş etdi. Çıraq sultan Ustaclı yığcam qoşunla Dərgəzində osmanlıların önünə çıxıb, vuruşdu. Osmanlılar yenilib, geri döndülər. Məntəşa sultan Ustaclı isə Osmanlı sərkərdəsi Ibrahim paşaya qarşı döyüşə başladı. Onun dəstəsini Bidlisədək qovub, xeyli qənimətlə qayıtdı. 1546-cı ildə qardaşına qarşı qiyam edən Əlqasib (Əlqas, Alxaz da yazılır) mirzəylə danışıq aparmaq üçün gedən Bədr xan Ustaclı əliboş qayıtdı. Şah Bədr xanı və Çıraq sultanı başqa qızılbaş əmirlərilə bərabər Əlqasib mirzənin üstünə göndərdi. Qiyamçı şahzadə dirəniş göstərən kimi Abdulla xan Ustaclı şah qoşununa köməyə gəldi. Əlqasib mirzə məğlub olub, Osmanlı dövlətinə sığındı. 1548-ci ildə I Sultan Süleyman üçüncü dəfə Azərbaycana yürüş etdi. Osmanlı ordusuna qarşı ilk çıxanlar arasında Abdulla xan Təmişli-Ustaclı da vardı. 1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Bədr xan və Şahqulu sultan Ustaclıların qatıldığı Qızılbaş ordusu Şəkini tutub, Qızılbaşlar dövlətinə birləşdirdilər. 1551-ci ildə I Şah Təhmasibin əmri ilə Qızılbaş ordusu asi gürcülərə qarşı yürüş etdi. Qızılbaş ordusunun başçılarından biri Nadir xan Ustaclı idi. 1552-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə soxuldu. I Şah Təhmasib düşmən ordusuna qarşı bir neçə istiqamətdə qoşun tərtib etdi. Erciş və Bərgiri istiqamətində Allahqulu bəy Aycəkoğlu-Ustaclı, Ənsar xəlifə Qaradağlı, Ərəb Iraqı istiqamətində isə Çıraq sultan Ustaclı öz qoşunları ilə vuruşurdu. Ərzurum hakimi Iskəndər paşaya qarşı isə Çuxur Səd bəylərbəyi Şahqulu sultan Ustaclı döyüşürdü. 1554-cü ildə I Sultan Süleyman dördüncü dəfə Azərbaycana yürüş etdi. Bu dəfəki savaşda da Ustaclı eli igidliyi ilə seçildi. 1554-cü ildə Osmanlı yürüşündən ilhamlanan Şirvan əhalisi Şirvanşah Qasım mirzənin başçılığı ilə Səfəvi dövlətinə qarşı üsyana başladı. Şirvan bəylərbəyi Abdulla xan Təmişli-Ustaclı ikiminlik qoşunun gücü ilə ayaqlanmanı yatırtdı. 1555-ci ildə Səfəvi elçisi eşikağasıbaşı Fərruxzad bəy Qaradağlı Amasiyada sülh danışıqlarına başladı və barış baş tutdu. 1557-ci ildə Özbək Əli sultan Astrabada hücum edir. Qızılbaşların komandanı divanbəyi Bədr xan Şərəfli idi. Savaş zamanı Bədr xan əsir düşdü. Bir çox çətinlikdən sonra azad olundu. Astrabad hakimləri Ustaclı elinin nümayəndələrindən təyin olunduğundan onlar daima özbək və türkmənlərə qarşı vuruşurdular. Ustaclı əmirlərindən Şahəli sultan Hacıfəqihli, Sədrəddin xan Kəngərli, Məhəmməd xan Asayişli və başqaları Astrabad hakimi olmuşdular. 1571-ci ildə Qaradağda, Qəhqəhə qalasında olan xəzindən qızıl və gümüş külçələr yoxa çıxmışdı. Qalabəyi Həbib bəy Ustaclı şahzadə Ismayıl mirzəni, Ismayıl mirzə isə Həbib bəyin qızını günahlandırırdı. Paytaxtdan yoxlama gəldi. Yoxlamağa gələnlər ustaclıların əski düşmənləri Hüseynqulu xəlifə Rumlu və Vəli xəlifə Şamlı idilər. Onlar şahzadənin tərəfini saxladılar. Ustaclı elinin ağsaqqalarından olan Pirə Məhəmməd xan Çavuşlu, Qaradağlı elinin ağsaqqalı Ənsar xəlifə Həbib bəyi müdafiə etdilər. Onlar Qəzvinə qayıtdıqdan sonra şahın önündə bir-birilərinin üstünə dartındılar. Qızılbaşlar arasına yenidən təfriqə düşdü. 1575-ci ildə I Şah Təhmasib xəstələndi. Qızılbaşlar iki tirəyə ayrıldı. Ustaclı əmirlər yüzbaşı Hüseyn bəy, süfrəçi Murad bəy, əmiraxurbaşı Məhəmməd bəy, Piri bəy, Allahqulu sultan Aycəkoğlu Heydər mirzənin, digər tayfaların nümayəndələri isə Ismayıl mirzənin namizədliyini müdafiə edirdilər. Qaradağlılar Fərruxzad bəy sarayda, Ənsar xəlifə isə Qaradağda Ismayıl mirzənin əleyhinə çalışırdılar. Qızılbaşlar arasında düşmənçilik get-gedə qızışırdı. Şah sağalıb, ayağa durdu. Elə bu zaman şahzadə Mustafa mirzənin lələsi Nəzər sultan Ustaclı vəfat etdi. Mustafa mirzənin lələliyini yüzbaşı Hüseyn bəyə verdilər. Düşmənçilik bir az səngidi. 1576-cı ildə I Şah Təhmasib yenidən yorğan-döşəyə düşdü. Ədavət yenidən qızışdı. Hər kəs öz namizədini dəstəklədi. Şah vəfat etdi. Məhəmmədi xan Hacıfəqihli-Ustaclı I Təhmasibin maneəsiz olaraq Heydər mirzənin şah elan edilməsi haqqında məktubunu ortaya çıxardı. Digər qrupdan olan qızılbaşlar məktubu vecə almayaraq Ismayıl mirzəni dəstəkləməkdə davam edib, şahzadənin ardınca Qaradağa dəstə yolladılar. Həmin qrupun nümayəndələri şah vəfat edən günü sarayda keşikdə olduqlarından qapıları qapadıb, Heydər mirzənin bayırla əlaqəsini kəsdilər. Ustaclılar saraya basqın etdilərsə də, basılıb, geri çəkildilər. Qaradağa yollananlar Ismayıl mirzəylə geri qayıtdılar. Allahqulu sultan Aycəkoğlu dəstədən ayrılıb, saraya getdi. Ustaclıların qara günləri başlandı. 1576-cı ildə taxta çıxan II Şah Ismayıl Ustaclı elinə divan tutdu. Pirə Məhəmməd xan Gilan hakimi olduğundan, qruplaşmağa qatılmadığından rahatca şahzadə Imamqulu mirzəni götürüb, saraya gəldi. Şah ona toxunmadı. Hüseyn bəyi tutub, saraya gətirdilər. Hamının gözlədiyinin əksinə, edam edilməyib, zindana atıldı. Şah öz yaxın tərəfdarı Hüseynqulu xəlifə Rumlunu cəzalandırdı. Onun evindən köçüb, Şahqulu sultan Yeganlı- Ustaclının evinə düşdü. Şahqulu sultan Xorasanda, Herat bəylərbəyi idi. Onu ordaca öldürdülər. Ustaclı elinin sağ qalmış nümayəndələri hər vasitə ilə Şah Ismayılın onları bağışlamasına nail olmaq istədilər. Digər qızılbaş tayfaları ilə birlikdə şaha xidmət etmək niyyətilə Qəzvinə doğru getdilər. Lakin onları burada da yaxşı qarşılamadılar. Onlar şahzadə Heydər mirzənin tərəfində çıxış etməklə qızılbaş tayfalarının nifrətinə səbəb olmuşdular. Isgəndər bəy Münşi yazır: «Ustaclı tayfası qızılbaşlar arasında gecə-gündüz öz rüsvayçılığından utanır və xəcalət çəkirdi». II Şah Ismayıl ilk növbədə yerinə keçə biləcək şahzadələri məhv etməyi qərara aldı. O, bu məqsədlə Mustafa mirzəni «himayə etməyi» adlı-sanlı ustaclı əmirlərindən olan Pirə Məhəmməd xana tapşırdı. Ustaclı həmtayfaları başa düşdülər ki, şah onların «taxt-taca sədaqətini» sınaqdan keçirmək üçün dəhşətli üsul düşünmüşdür. Isgəndər bəy Münşinin dediyi kimi, Pirə Məhəmməd öz əlini şah sülaləsi nümayəndəsinin qanına bulamaq istəməsə də, qəzəbli şahın əmrindən boyun qaçıra da bilməzdi. Çünki o, öz tayfasının şah qarşısındakı günahını yumaq istəyirdi. Beləliklə, Mustafa Pirə Məhəmməd xanın evinə çatdırıldı və bir neçə gündən sonra boğulub, öldürüldü. Rumlular Ustaclı elinin yaxasını buraxmaq istəmirdilər. Qəzvin şəhərinin darğası Əbdülqəni bəy Ustaclının mülazimlərinə sataşan rumlular savaşa başladılar. Xəbər şaha çatdı. Şah Museyib xan Şərəfəddinli-Təkəliyə və Murtuzaqulu xan Pörnək-Türkmana əmr etdi ki, qiyamçıları susdursunlar. Ustaclı elinə yenidən divan tutuldu. II Şah Ismayılın toxunmadığı Ustacı əmirlərdən biri Çuxur Səd bəylərbəyi Məhəmmədi xan Hacıfəqihli idi. Toxmaq ləqəbli Məhəmmədi xan hətta «ali divan» deyilən qurumun iclaslarında üzv kimi iştirak edirdi. 1577-ci ildə II Şah Ismayıl vəfat etdi. Əmirlər ayaqlandılar. Üsyana başladılar. Araya girən Xəlil xan Avşar qızılbaşları sakitləşdirdi. Türkman tayfasının qocaman ağsaqqalı Əmir xan Mosullu ilə Ustaclı elinin cavan ağsaqqalı Pirə Məhəmməd xan arasında «ata-oğul» müqaviləsi bağlandı. Şah öləndən sonra məmləkəti müvəqqəti idarə etmək üçün «ağsaqqalar şurası» yarandı. Şuraya Ustaclı elindən Pirə Məhəmməd xan Çavuşlu, Türkman elindən Əmir xan Mosullu, Şamlı elindən Sultan Hüseyn xan Bəydili, Təkəli elindən Müseyib xan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan Araşlı daxil idi. 1578-ci ildə Şah Məhəmməd Xudabəndə şah elan edildi. Yeni şah gözdən qarav olduğu üçün dövləti arvadı Xeyrənnisə bəyim Məhdi Ulya, oğlu Həmzə mirzə və vəziri Mirzə Salman Cabiri idarə edirdi. Şah taxta əyləşən kimi yeni təyinatlara başladı. Ustaclı əmirlərdən Məhəmmədi xan Hacıfəqihli Çuxur Səd bəylərbəyiliyinə, Pirə Məhəmməd xan Çavuşlu Ərdəbil hakimliyinə təyin olundular. 1578-ci ildə osmanlı sultanı III Murad (1574—1585) Amasiya sülh müqaviləsini pozub, Qızılbaşlar məmləkətinə soxuldu. Çuxur Səd əyalətinin bəylərbəyi Məhəmmədi xan Ustaclı bu olay haqqında paytaxta, qonşu Azərbaycan (Təbriz) və Qarabağ (Gəncə) bəylərbəyinə xəbər verdi və ordunun önünə çıxdı. Qarabağ bəylərbəyi Imamqulu xan Yıva-Qacar köməyə gəldi. Azərbaycan (Təbriz) bəylərbəyi Əmir xan Mosullu-Turkman isə əski düşmənçilikləri ucundan yerindən tərpənmədi. Fikirləşdi ki, ustaclılardan nə qədər çox qırılsa, o qədər yaxşıdır. Bir müddət yubanandan sonra onminlik qoşun toplayıb, Məhəmmədi xanın yardımına getdi. Şah osmanlılarla yenidən sülh bağlamağa girişdi. Bu işi Məhəmmədi xan Ustaclıya tapşırdı. Məhəmmədi xan yeznəsi və mülazimi Vəli bəy Ustaclını barış işinə məmur etdi. Vəli bəy yola Osmanlı dövlətinə yola düşdü. Yoldaca osmanlı sərhəd hakimi tərəfindən tutulub, saxlandı. Osmanlı sultanının göstərişi ilə Krım tatarları da Azərbaycana soxuldular. Pirə Məhəmməd xan Çavuşlu-Ustaclı da onlara qarşı döyüşə başladı. Şirvan tatarlardan təmizləndi. Bəylərbəyi Araz xan Rumlu osmanlılara qarşı döyüşdə öldürüldü. Yeni bəylərbəyi təyin etmək gərəkliyi düşünüldü. Qızılbaş əmirləri Həmzə xan Təmişli-Ustaclının namizədliyini irəli sürdülər. Dəlil gətirdilər ki, onun atası Abdulla xan uzun müddət Şirvanın bəylərbəyi olub. Şahın arvadı Məhdi Ülya bu təklifə etiraz edib, qışın şaxtasında saraya qayıtdı. Qızılbaş əmirləri də qeyzlənib, Məhdi Ulyanın ardınca Qəzvinə getdilər. Qəzvinə toplanan qızılbaş əmirləri sözü bir yerə qoyub, and içdilər ki, dövlət işinə qarışan şah arvadını öldürsünlər. Pirə Məhəmməd xan Çavuşlu onları bu fikirdən daşındırmağa çalışdı. Lakin qızışmış əmirlər saraya hücum edib, Məhdi Ulyanı və tat-tacik ünsürlü bir neçə əyan-əşrəfi öldürdülər. 1580-ci ildə Qızılbaşlar arasına təfriqə, ədavət düşdü. Şirvana yenidən soxulan tatarlara qarşı vuruşan bəylərbəyi Məhəmməd xəlifə Hacılar-Zülqədər Əmir xan Mosullu-Türkmandan kömək istəmişdi. Əmir xan köməyə gəlsə də, döyüşə candan atılmamışdı. Bu dəfə Şahrux xan Zülqədər onu suçlayaraq özü vuruşmağa getmək istədiyini bildirdi. Ustaclılar da onun tərəfini tutub, Əmir xanı mühakimə etdilər. Təfriqə yenidən başlandı. Öncə türkmanlara tərəf duran zülqədərlər və şamlılar bu dəfə ustaclılara qahmar çıxdılar. Şahrux xan Zülqədər açıq-açığa Əmir xanla düşmənçilik edirdi. Məhəmmədqulu xan Avşar araya girərək barışıq yaratdı. Saray və Azərbaycanla yanaşı Xorasanda da qızılbaş əmirləri arasında dava gedirdi. Mürşüdqulu xan Ustaclı Herat hakimi Əliqulu xan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu xan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman da türkmanların tərəfini saxladı. Sarayda olan şamlı əmirlərinə və Pirə Məhəmməd xan Çavuşlu-Ustaclıya qarşı mübarizə başladılar. Onlar şahın hüzurunda özlərini savundular, müdafiə etdilər və Murtuzaqulu xanı günahkar çıxardılar. Türkman və Təkəli tayfalarının nümayəndələri Şamlı tayfasının içinə nifaq toxumu səpib, iki yerə parçaladılar. Vəli xəlifə Şamlının öldürülməsini Sultan Hüseyn xan və Əliqulu xan Şamlının boynuna qoydular. Vəli xəlifənin oğlu Ismayılqulu bəy təkəli və türkmanların oynuna gedib, aldanıb. doğma elinə düşmən kəsildi. Ismayılqulu bəyin qardaşları Mahmud xan Sofuoğlu-Ustaclının qardaşını öldürdülər. Müttəfiqlər bir-birini dənləməyə başladılar. Ustaclı elinin ağsaqqalı Pirə Məhəmməd xan Çavuşlu elini qorumaq üçün barışığa getdi. Təbrizdə Əmir xanın toyunda iştirak etdi. Hətta öz qızını Əmir xanın oğluna verdi. 1580-ci ildə Şirvanın itirilməsi məsələsi ortalığa çıxdı. Şah Şirvanı azad edəcək qoşun təşkil olunmasına fərman verdi. Şirvanın azad olunması Ustaclı elinə tapşırıldı. Bəylərbəyi təyin olunan Salman xan Təmişli seçkin ustaclı əmirlərini başına yığıb, Şirvana tərpəndi. Dəstəsində Mustafa sultan Şərəfli, Əliqulu sultan Çavuşlu, Mehdiqulu sultan Çavuşlu, Hüseynqulu sultan Asayişli və başqa əmirlər vardı. Onlar yaylaqda dincələrkən eşitdilər ki, tatarlar Şirvana yenidən basqın ediblər. Onlar atlarını tələm-tələsik Şirvana tərəf çapdılar. Şirvanlılar tatarları Kürün rahat yerindən keçirib, ustaclıların üstünə tuşladılar. Savaşda qızılbaşlar məğlub oldular. Şah onların köməyinə Pirə Məhəmməd xan Çavuşlunu və başqa əmirləri göndərdi. Güclənən qızılbaşlar Kürü keçib, osmanlıları və tatarları yendilər. Tatarlar qaçmağa başladılar. Salman xan məğlubiyyətin hayfını almaq üçün onları izlədi. 1583-cü ildə Fərhad paşanın başçılığı altında Osmanlı ordusu hərtərəfli Azərbaycana hücum etmişdi. Çuxur Səd bəylərbəyi Məhəmmədi xan (Toxmaq) Ustaclı ilk zərbəni yenə öz üzərinə götürdü. 1584-cü ildə şah və şahzadə Təbrizə gəldi. Burada qışı keçirdilər. Yeni ilin yaz mövsümünə hazırlaşan Qızılbaş ordusunda təfriqə alovlandı. Artıq böyüyüb, yaşa dolan Həmzə mirzə anasının qisasını almağa girişmişdi. Təbriz bəylərbəyi Əmir xan Mosullu-Türkmanı özünə həmfikir etmək istədi. Əmir xan Osmanlı yürüşünü önə çəkib, onu fikrindən daşındırmağa çalışdı. Həmzə mirzə Əmir xandan incidi. Ustaclı elinə elə bu lazım idi. 1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan zindanda öldürüldü. 1585-ci ilin yayında Osman paşanın başçılığı ilə Osmanlı ordusu Azərbaycana yürüş etdi. Şah və şahzadə Qarabağda, yaylaqda idilər. Çuxur Səd bəylərbəyi Məhəmmədi xan (Toxmaq) Ustaclı qərargaha qatıldı. Müdafiə planı hazırlandı. Bütün əyalətlərə xəbər göndərildi. Bəylərbəyilər və hakimlər qoşunları ilə Təbrizə toplanmaları əmr olundu. Türkman və Təkəli elinin əmirləri Əmir xanın öldürülməsindən dolayı şahın əmrini rədd etdilər. Həmzə mirzə 20 min nəfərlik ordu ilə Qarabağ yaylaqlarından Təbizə hərəkət etdi. Yolüstü Qaradağda Dizmar və Üzümdül mahallarında dincəldi. Ilyas xəlifə Toxmaqlı-Ustaclı şah və şahzadəni qonaqladı. Məhəmmədi xan (Toxmaq) Ustaclı Təbriz civarında, Sufiyan yörəsində osmanlılarla üzləşdi. Öncə qızılbaşlar qələbə qazandılar, sonra osmanlıların çoxluğu öz sözünü dedi. Qızılbaş ordusu geri çəkildi. Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı. Osman paşa güclü həmlə ilə Təbrizi aldı. Pir Qeyb xan və Hüseynqulu sultan şəhərdən çəkilib, Qaradağda, Üzümdil mahalında şaha qoşuldular. Əliqulu xan Fəthoğlu şahzadənin beynini doldurdu ki, qorçubaşı Məhəmmədqulu xan Avşar Məhəmməd xan Türkmanla bərabər ananı öldürülməsində iştirak etmişdi. Həmzə mirzə qorçubaşını hədələməyə başladı. Məhəmmədqulu xan qardaşıoğlundan bu xəbəri duyub, qaçdı. Təbriz ətrafında osmanlılara qoşuldu. Məhəmməd xan Mosullu-Türkman isə Təkəli və Zülqədər ellərini də başına yığıb, qiyama başladı. Qiyamçılar dövlət qoşunundan çox idilər. Üsyançıların irəli sürülən tələbi bu idi ki, Əmir xanın qatilləri, ilk növbədə Əliqulu xan Fəthoğlu onlara verilsin, ustaclı və şamlı əmirləri vəzifədən çıxarılsın. Şahzadə ustaclı və şamlı əmirlərinə döyüş əmri verdi. Qiyamçılar tələblərini yumşaltdılar. Həmzə mirzə onların mülayim tələbini də rədd etdi. Sarayda olan Zülqədər, Avşar və Qacar ellərinin nümayəndələri şahzadənin tərsliyindən narazı olduqlarını bildirdilər. Orduya birlik gərək idi. Həmzə mirzənin güzəştə getməsini dilədilər. Həmin ellərin nümayəndələri olan qorçular, qvardiyaçılar Əliqulu xanın Təbrizdəki evini yağmaladılar. Harda ustaclı evi vardısa viran qaldı. Qiyamçılar hətta Əmir xanın sarayında yerləşən şah hərəmxanasına da basqın etdilər. Həmzə mirzənin kiçik qardaşı Təhmasib mirzəni oğurlayıb, özləri ilə apardılar. Onlar Həmzə mirzəni öldürüb, əvəzinə Təhmasib mirzəni vəliəhd etmək istəyirdilər. Həmzə mirzə atasından da şübhələnməyə başladı. Şahın anası Sultanım xanım Türkman tayfasından idi. Həmzə mirzə Məhəmmədi xan Ustaclını Təbrizdə qoyub, sarayı qorumağı tapşırdı. 3 min nəfərlik qoşunla Qəzvinə yola düşdü. Qiyamçılar artıq paytaxtı almışdılar. Həmzə mirzə Qəzvinə yaxınlaşdı. Avşar və Bayat elinin ordakı nümayəndələri ona qoşuldular. Qoşunun sayı 7 minə çıxdı. Qiyamçılar şahzadənin yaxınlaşmasını eşidib, paytaxtdan çıxdılar. Tezliklə döyüş baş verdi. 10 min nəfərdən çox olan qiyamçılar şah qoşunu ilə savaşda yenildilər. Ustaclı elinin nümayəndələri qiyamçıların yatırılmasında fəal iştirak etdilər. 1586-cı ildə qiyamı yatıran şahzadə Təbrizə qayıtdı. Həmzə mirzə yenidən qoşun toplamaq istədi. Türkman, Təkəli, Zülqədər ellərinin camaatının qırılanı qırılmış, qalanların bir hissəsi osmanlıların tərəfinə keçmiş, bir hissəsi isə ölkəyə səpələnmişdi. Avşar elinin nümayəndələri isə ağsaqqaları Məhəmmədqulu xana görə küskün idələr. Xorasandakı ustaclılar və şamlılar Həmzə mirzəni eşitmək belə istəmirdilər. Onlar Abbas mirzəni şah görmək istəyirdilər. Osmanlılar isə ölkə boyunca hücumlarını genişləndirmişdilər. 1586-cı ildə Həmzə mirzə sülh bağlamaq qərarına gəldi. Eşikağası Əhməd bəy Ustaclını Fərhad paşanın yanına göndərdi. Həmzə mirzə Qarabağa gəlmişdi. Xoy mahalından olan erməni dəlləyi Xudu şahzadəni öldürdü. Qızılbaşlar arasına yenidən ikitirəlik düşdü. Saray əyanları Əliqulu xan Fəthoğlu-Ustaclı ilə Ismayılqulu xan Bəydili-Şamlı şahzadə Təhmasib mirzəni vəliəhd elan edib, hakimiyyətə yiyələndilər. Yeni vəzifələrə ustaclılar və şamlılar yiyələndilər. Xorasanda isə Əliqulu xan Şamlı ilə Mürşüdqulu xan Ustaclı Abbas mirzəni vəliəhd elan etdilər. Bütün qızılbaş əmirləri Abbas mirzəni dəstəklədilər. Mürşüdqulu xan tərəfdaşı Əliqulu xan Şamlını öldürüb, Abbas mirzəyə təkbaşına yiyələndi. Şahzadənin lələsi oldu. 1587-ci ilin önlərində Mürşüdqulu xan Ustaclı və Abbas mirzə Qəzvinə daxil oldular. Abbas mirzə şah elan edildi. Şah Abbas oyuncaq olmaq istəmədi. Yayda, Bəstam yörəsində lələsi və vəkili Mürşüdqulu xan Şahqulu sultan oğlu Ustaclını Ümmət bəy Ustaclının əliylə öldürüb, məmləkəti təkbaşına idarə etməyə başladı. 1588-ci ildə Osmanlı ordusuna qarşı vuruşan qoşunlardan birinə Qaradağ vilayətinin Dizmar mahalının başçısı II Ilyas xəlifə Toxmaqlı-Ustaclı idi. 21 fevral 1588-ci ildə Cəfər paşa Istambula göndərdiyi məruzəsində qeyd edirdi ki, Dizmarın başçısı Ilyas xəlifə Toxmaqoğlu Təbriz civarında, Xamnədən qərbdə osmanlıların yolunu kəsib. 1589-cu ildə I Şah Abbas yeznəsi, Qəzvin hakimi Qara Həsən xan Çavuşlu-Ustaclını barışıq üçün Osmanlı dövlətinə elçi göndərdi. 1589-cu ildə I Şah Abbas yenidən elçi göndərdi. Bu dəfəki elçi Ərdəbil hakimi Mehdiqulu xan Çavuşlu-Ustaclı idi. I Şah Abbasın Fərhad paşanın yanına göndərdiyi elçilərdən biri də Töhfə bəy Ustaclı olmuşdu. I Şah Abbasın hakimiyyətinin ilk illərində Məhəmmədi xan Ustaclı Çuxur Səddə, Qara Həsən xan Ustaclı Qəzvində, Mehdiqulu xan Ərdəbildə, Ibrahim xan Ustaclı Məşhəddə, Həsən xan Ustaclı Həmədanda, Mustafa xan Ustaclı Təbəsdə, Bəktaş xan Ustaclı Mərvdə hakimlik edirdilər. Şahın Çavuşlu oymağını görməyə gözü yox idi. Qara Həsən xanı və Məhəmmədşərif xanı Qəzvində öldürtdü. 1592-ci ildə Mehdiqulu xanı Ərdəbil hakimliyindən çıxarıb, Zülfüqar xan Qaramanlını təyin etdi. Ibrahim xanın qətlinə isə Xorasanda fərman verdi. Əvəzinə Ümmət xan Ustaclını vəzifə başına keçirdi. Məhəmmədi xanın yerinə isə Əmirgunə xan Ağcaqoyunlu-Qacarı qoydu. I Şah Abbasın öldürdüyü ustaclı əyanların arasında Kor Həsən bəyin də adı var. Kor Həsən bəy öncə mülazim kimi xidmət edirdi. Savadlı, bacarıqlı adam olduğundan nədim vəzifəsinə irəli çəkildi. Şah sonra onu da öldürtdü. Ustaclı elindən I Şah Abbasın hörmət etdiyi oymaq Toxmaqlı və Kəngərli idi. Bu oymaqların nə başçılarına, nə də tuyul torpaqlarına toxunmadı. I Şah Abbasın inandığı ustaclıların arasında Bəyazid bəy də vardı. Bəyazid bəy sarayda qapıçıbaşı vəzifəsində çalışırdı. 1603-cü ildə I Şah Abbas Təbrizi alandan sonra ora bəylərbəyi ustaclı yox, türkman təyin etdi. Pirbudaq xan Pörnək Azərbaycanın bəylərbəyi təyin olundu. 1603-cü ildə Naxçıvanı osmanlılardan azad edən şah Qaradağ hakimi Maqsud sultan Kəngərlini başçı təyin etdi. Irəvana isə bildirdiyimiz kimi Qacar elinin nümayəndəsini bəylərbəyi qoydu. 1604-cü ildə qızılbaş ordusunun Gürcüstan yürüşündə Həmədan hakimi Həsən xan Ustaclı öz qoşunu ilə iştirak etmişdi. 1605-ci ildə özbəklərə qarşı vuruşan qızılbaş ordusunun bir qoluna Mərv hakimi Bəktaş xan Ustaclı başçılıq edirdi. Onun hücumları nəticəsində qızılbaşlar qələbə əldə etdilər. Bəktaş xan 1614-cü ilədək Mərvin hakimi olmuşdu. Sonra şah onu Mehrab xan Qacarla əvəz etdi. I Şah Abbasın orduda və hökumətdə apardığı islahatların nəticəsində qızılbaşların rolu məhdudlaşdı. Onların adları tarix səhifələrində az-az çəkilməyə başladı. Ustaclı elinin nümayəndələri əllərində olan torpaqlarında möhkəmləndilər. Məhdudiyyətlərə və məhrumiyyətlərə baxmayaraq ustaclılar Səfəvi hökumətinin idarəsində iştirak edirdilər. I Şah Səfinin keşikçibaşısı Bəhram bəy Ustaclı elindən idi. 1717-ci ildə Şah Sultan Hüseynin Isfəhandan Herata əfqan Abdulla xan Sədozayın üstünə göndərdiyi korpusa Cəfər xan Ustaclı başçılıq edirdi. Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb, müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər. Bizim araşdırdığımız Toxmaqlı oymağı Güney Azərbaycanın Qaradağ vilayətində yerləşdiyindən güclü və müstəqil Qaradağlı elinə qatıldı. Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb, müstəqil yaşamını sürdürdü. Azərbaycanın bəzi bölgələrində Ustaclı toponiminə rast gəlinir. Ustaclı elinin oymaqları: təmişli, çavuşlu, asayişli, köşkoğlu, sofulu, fəthoğlu, toxmaqlı, hacıfəqihli, kəngərli, kərəmpa, yeganlı, şərəfli, şeyxlər…