Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-İnşiqaq surəsi
←Əl-Mutəffifin surəsi | Quran. Əl-İnşiqaq surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Əl-Buruc surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Göylər yarılacağı
2. Və öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir.
3. Yer genişlənəcəyi (böyüyüb dağlarsız, dənizlərsiz, dümdüz olacağı) zaman,
4. Qoynunda olanları çölə tullayıb boşaldacağı zaman,
5. Öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir. (Bu iki cümlədə məqsəd budur ki: «İnsan öz Rəbbinə qovuşacaq və onunla haqq-hesab çəkiləcəkdir»).
6. Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan.
7. Kimin əməl dəftəri sağ əlinə verilərsə
8. Onunla tez, asan, haqq-hesab çəkiləcək.
9. Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar.
10. Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə,
11. O, tezliklə fəryad edib öz ölümünü istəyər.
12. Və şölə çəkən oda daxil olar və yanar.
13. O, öz yaxınlarının arasında (axirətdən qəflətdə, mal-dövlət və rütbəyə görə) sevinc içində idi.
14. O elə zənn edirdi ki, əsla (Allaha tərəf) qayıtmayacaq.
15. Xeyr (qayıdacaqdır), həqiqətən, Rəbbi daim onun (hər bir) halını görəndir.
16. Xeyr, and olsun (qürubdan sonrakı) məğribin qırmızılığına (şəfəqə),
17. Və and olsun gecəyə və (gecənin) topladıqlarına (gündüz ora-bura yayılmış canlılara),
18. And olsun hilal halında tədriclə nuru kamilləşməkdə (bədirlənməkdə olan) aya ki,
19. Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra Bərzəxə daxil olmaq, Qiyamətə keçmək və onun duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).
20. Bəs, onlara nə olub ki, iman gətirmirlər?!
21. Onlara Qur’an oxunduqda, səcdəyə qapanmırlar?!
22. Əksinə, kafir olanlar daim təkzib edirlər.
23. Allah onların öz qəlblərində gizlətdiklərini (küfr və inadı) daha yaxşı biləndir.
24. Belə isə, onlara ağrılı bir əzabın müjdəsini ver!
25. Yalnız iman gətib yaxşı iş görənlərdən başqa. Onlar üçün minnətsiz və bitib – tükənmək bilməyən bir mükafat vardır.