Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Buruc surəsi

Əl-İnşiqaq surəsi Quran. Əl-Buruc surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Ət-Tariq surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun bürcləri olan göyə
2. Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)
3. Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül - Əsvəd»ə və onun şahid olduqlarına);
4. Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!
5. O odunla dolu şölələnən atəş.
6. O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.
7. Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.
8. Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyb və irad tuturdular.
9. O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir –bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.
10. Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlər şərh edilir.)
11. Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!
12. Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.
13. Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.
14. Odur! (İtaətkarları) bağışlayan və çox sevən!
15. (O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı – şövkətlidir.
16. İstədiyini qüdrətlə yerinə yetirəndir.
17. O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?
18. Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!
19. (Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.
20. (Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)
21. (Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı - şövkətli bir kitabdır.
22. O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi - Məhfuzda) yazılmışdır.