Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Məaric surəsi

Əl-Haqqə surəsi Quran. Əl-Məaric surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Nuh surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. İstəyən şəxs elə bir əzab istədi ki, (mütləq) baş verəcək
2. Kafirlər üçün və onun qarşısını alan olmaz.
3. (Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri) sahibi olan Allahdandır.
4. Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab – kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.
5. Belə isə, gözəl bir şəkildə səbr et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər – əlamət olmasın).
6. Onlar onu (o günü) uzaq görürlər (mümkünsüz bilərlər).
7. Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.
8. O gün ki, göy qızmış (ərimiş) filiz kimi olar.
9. Və dağlar (didilmiş, havada pərakəndə halında) rəngarəng yun kimi olarlar.
10. Və heç bir qohum və əziz dost öz qohumunu(n) və dostunu(n halını) soruşmaz.
11. Qohum qohuma göstərilər, (lakin dəhşətin şiddətindən bir-birlərinə fikir verməzlər,) günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını,
12. Həm zövcəsini və qardaşını,
13. Həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (qəbiləsini),
14. Və yer üzündə olanların hamısını - təki bu iş ona (o günün əzabından) nicat versin.
15. Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir.
16. Başın və (bədən) üzvlərin(in) dərisini soyandır.
17. (Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni,
18. Və (mal-dövlət) toplayıb qablarında (sandıqda, bankda və anbarda) yığıb saxlayanları,
19. Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır.
20. Ona bir zərər və ziyan üz verdikdə, dözməz.
21. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar.
22. Namaz qılanlardan savayı.
23. O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər.
24. O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi).
25. Dilənən və (dünya malından) məhrum olan kimsələr üçün.
26. O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər.
27. O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar.
28. Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur.
29. Və o kəslər ki, öz şəhvani qüvvələrini saxlayarlar.
30. Öz zövcələri, ya malik olduqları kənizlər isə istisnadır. Onlar (bu barədə – yaxınlıq etməyə görə) qınanmazlar.
31. Beləliklə, kim bundan (bu iki haldan) artığını istəsə (və hər hansı bir kəslə və hər hansı bir şeylə hər cür, cinsi ləzzətlərə dalsa,) belə şəxslər (İslam hüdudlarında) həddi aşanlardır.
32. O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər.
33. O kəslər ki, öz şəhadətlərində (şəhadəti qəbul etmək və verməkdə) sabit və möhkəmdir.
34. O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar.
35. Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir.
36. Belə isə, kafir olanlara nə olub ki, sənin yanına tələsirlər?!
37. Dəstə – dəstə, sağdan və soldan (sənin ətrafına yığılırlar)?!
38. Yoxsa onlardan hər birinin tamahı var ki, (sabah Qiyamətdə kafir ola-ola) onu çox nemətli Cənnətə daxil edələr?!
39. (Xeyr!) Belə deyil; Biz onları özləri bildikləri şeydən (nütfədən) yaratdıq. (Sonrakı mərhələlərdə imana və əmələ təkamül tapmayınca heç kəsin Cənnətə girməyə ləyaqəti çatmaz)!
40. And olsun məşriqlərin və məğriblərin Rəbbinə (qışın əvvəlindən yayın əvvəlinədək olan günəşin cənub tərəfə ən çox meyl etməsindən şimala tərəf ən çox meyl etməsinə qədər olan yüz səksən günəş məşriqi və onun əksi, onların müqabilində yüz səksən məğrib və ya bu günəşin ulduzlarının, yaxud digər planetlərin məşriqləri və məğribləri və ya hər hansı bir günəş planetinin məşriqləri və məğriblərinin Rəbbinə) ki, həqiqətən, Biz qadirik ki,
41. Onların (insanların) yerinə onlardan daha yaxşısını gətirək və Biz əsla (Öz iradəmizdə) məğlub olmarıq!
42. Belə isə (dəlil-sübut tamamlandıqdan sonra onlarla mücadilə etmə, əksinə) onları burax ki, vəd verilən günə qovuşanadək (öz tüğyankarlıqlarının girdabında) batsınlar və oynayıb-əylənsinlər.
43. O gün ki, onlar qoyulmuş əlamətlərə sarı sürətlə hərəkət edənlər kimi öz qəbirlərindən tələsik çıxarlar
44. Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün.