Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Nuh surəsi

Əl-Məaric surəsi Quran. Nuh surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Cinnə surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Həqiqətən, Biz Nuhu öz qövmünə yolladıq ki: «Öz qövmünü ağrılı bir əzab gəlməmişdən əvvəl qorxut».
2. (Nuh) dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün açıq – aşkar bir qorxudan (peyğəmbərəm)»,
3. «(Göndərilmişəm ki,) Allaha ibadət edəsiniz, Ondan qorxasınız və mənə itaət edəsiniz».
4. «(Belə edin ki,) O, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək (hər bir canlı üçün qaçılmaz olan əcələdək) möhlət versin (və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin), həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz».
5. Dedi: «Ey Rəbbim, mən öz qövmümü gecə – gündüz (haqqa) dəvət etdim».
6. «Lakin mənim dəvətim onlar üçün (haqdan) qaçmaqdan savayı bir şey artırmadı».
7. «Sənin onları bağışlamağın üçün mən nə vaxt onları dəvət etdimsə barmaqlarını qulaqlarına tıxadılar, libaslarını başlarına çəkdilər, (etiraz edərək inadla) israr etdilər və şiddətlə təkəbbür göstərdilər».
8. «Yenə də mən onları uca səslə və aşkar şəkildə dəvət etdim».
9. «Sonra onlara dəvəti (həm) aşkarda, cəmiyyətlərində və (həm də) sirli və gizlində bildirdim».
10. Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin.Çünki O, çox bağışlayandır».
11. « Göydən (buluddan) sizə bol yağış göndərsin».
12. «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın».
13. «Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz?!»
14. «Halbuki, O, sizi müxtəlif mərhələlərdə və hallarda yaratmışdır (torpaq, bitki, yemək, nütfə, ələqə, muzğə, döl, körpə, cavan, qoca)».
15. «Məgər (qəlb gözü ilə) görmədinizmi ki, Allah yeddi göyü bir-biri üzərində qat-qat necə yaratmışdır?!»
16. «Ayı onların arasında işıq saçan bir nur və günəşi yanar bir çıraq etdi».
17. «Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)».
18. «Sonra sizi(n cisminizi yenə) onun (yerin) köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. (Qiyamət günü onun parçalanmış zərrələrini (hissəciklərini) yığaraq dünyadakı şəklə salacaq və Bərzəx ruhunu ona daxil edəcəkdir)».
19. «Və Allah bu yeri sizin üçün döşənmiş bir xalça etdi ki,
20. Orada geniş səhra və dağ arası yollarında (öz yaşayış məqsədləriniz üçün ) gəzəsiniz.»
21. Nuh dedi: «Ey Rəbbim, onlar mənə asi oldular və mal-dövləti,övladları onlara (axirət) ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».
22. «Və olduqca böyük bir hiylə qurdular».
23. «Və (öz tabeliyində olanlara) dedilər: «Əsla tanrılarınızı tərk etməyin və heç vaxt «Vədd», «Suva», «Yəğus», «Yəuq» və «Nəsr»i (o zamanın bütlərinin adları ) atmayın!»
24. «Həqiqətən, (o başçılar) çoxlarını azdırdılar; və (ey Rəbbim,) zalımların ancaq azğınlığını artır».
25. (Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar.
26. Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!»
27. «Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər».
28. «Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır».