Qurbani (Diri versiyası)
Qurbani (Diri versiyası) Müəllif: Aşıq Qurbani |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №3(6)" (az.). "Ozan dünyası" jurnalı. 2011. 2018-06-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-14. |
Keçmişdə Araz çayı sahilində Diri dağı deyilən yerdə Fərəməz bəy adlı bir bəy olmuş. Bu bəyin çoxlu mal-dövləti olmuş, ancaq züryəti
yoxmuş. Fərəməz bəy mal-dövlətinin əksəriyyət hissəsini paylayır yetimyesirə ki, Allah ona bir oğul versin. Bu işdən sonra Allahın ona rəhmi gəlib qurban günündə ona bir oğul verdi. Uşaq qurban günü olduğu üçün adını qoydular Qurbani.
Qurbani yeddi yaşından on dörd yaşına kimi molla məktəbində oxuyub. On dörd yaşından sonra isə Fərəməz bəy Qurbanini yanına çağırıb dedi:
— Oğul, sən anadan olmamışdan qabaq əhd etmişdim ki, kaş mənim
bir oğlum olaydı, onunla birlikdə Diri dağına çıxaydım. Həmin əndim
yerinə yetib. Gəl bir Diri dağına ova gedək.
Oğul atasının sözünü sındırmayıb, ox, yay götürüb Diri dağına ova
getmək istəyəndə onların yanına bir keçəl gəldi, dedi:
— Fərəməz bəy, məni də özünüzlə aparın, nə vursanız mən götürüm.
Fərəməz bəy və Qurbani keçəlin sözünə baxıb onu özləri ilə
apardılar. Onlar ovda bir dağ keçisi vurdular və onu keçəlin kürəyinə
şəlləyib yendirdilər Mazannənə deyilən pirə. Axşam düşmüşdü, qaranlıq
olduğundan Fərəməz bəy dedi:
— Ay uşaqlar, gətirin bu dağ keçisini bu pirdə kabab edək, yeyək və
bu pirdə adama bir niyyət tutaq, görək yuxuda kim nə görür.
Belə də etdilər.
Fərəməz bəy fikrində tutdu ki, "Ey İlahi, yuxudan durandan sonra
ciblərimin hamısı pul ilə dolsun!" Qurbani fikrində tutdu ki, "Ey İlahi,
yatım və yuxuda mənə bir buta ver! Uzaq yerdə olsun, çox zəhmətlərdən
sonra mən mətli muradıma çatım". Keçəl fikrində tutdu ki, "Ey İlahi,
yatım, tezdən durub görüm ki, başım tüklənib, bələ qonşumuzdakı Pərvaz
qızı mənə verələr".
Qurbaninin öz arzusuna görə yuxuda Həzrət Əli ona badə verib
dedi:
— Qurbani, al bu badəni, gör haranı görürsən?
Qurbani badəni əlinə aldı, baxdı və dedi:
— Gəncə şəhərini görürəm. orada bir güllü bağça var və güllü
bağçanın içində qırx nəfər qız görürəm. O qızların içində bir nəfər qız
var, o qədər gözəldir ki, on beş gecəlik ay kimi hər yerə işıq salır.
— Ay oğul, o qız Gəncəli Abdulla xanın bacısı qızı Pəri xanımdır.
Onu sənə, səni də ona buta verdim. Çox çəkməz ki, sən öz istəyinə
çatarsan. Amma çox çətinliklərə düşəcəksən.
Qurbani badəni nuş etdi. Badənin zərbindən onun ağlı başından
çıxdı.
Sabah tezdən Fərəməz bəy yerdən duran kimi əl atdı cibinə, gördü
ki, bir şahı pul var idi, o da düşüb itib. Keçəl isə baxdı gördü ki, başında
üç tük var o da əlində gəlib. Fərəməz bəy dedi:
— Ay keçəl, görək Qurbani nə haldadır.
Bunlar Qurbaniyə yaxınlaşanda baxdılar gördülər ki, Qurbaninin
huşu özündə deyil. Fərəməz bəy qışqırdı.
— Vay, bir oğlum var idi, o da dəli olub.
Fərəməz bəy səs-küy salıb bütün ətraf camaatı ora tökdü. Gələn
adamların içində iki qarı vardı. Keçmişdə həkim olmadığından xəstə
adamların dərdini dünyagörmüş qoca adamlardan soruşurdular. Ona görə
də Fərməz bəy üzünü qarılara tutub dedi:
— Ay qoca nənələr, deyin görüm, mənim oğlumun dərdi nədir?
Qarının biri dedi:
— Bu oğlan qudurub. Bu saat durub məni dalayacaq, mən də
qudurub sizi dalayacağam. Balta gətirin bunun başını əzək.
Bu qarının məsləhətinə heç kim razı olmadı. İkinci qarı isə dedi:
— Oğlanın dərdi eşq dərdidi. Onun üzünə su səpin, qoyun ayılsın,
özü dərdini desin.
Bu zaman Qurbaninin məktəb yoldaşları Diri dağının sərin
sularından gətirib onun üzünə səpdilər. Bir azdan sonra Qurbani ayıldı və
atasının üzünə baxdı. Atası ondan soruşdu:
— Bala, sənə nə olub ki, belə edirsən?
Qurbani dedi:
— Ata, dilimlə desəm, dilim kabab olar, saz gətirin, dərdimi saz ilə
deyim. Ona tez saz gətirib verdilər. Qurbani sazı alıb, belə başladı:
Yatmış idim xabi-qəflət içində,
Onda gördüm: oyan, oyan dedilər.
Oyandım qəflətdən açdım gözümü,
Min bir kəlmə mənə bəyan dedilər.
Qəflətdən ayıldım, açdım gözümü,
Xaki-övliyaya sürtdüm üzümü.
Dindirdilər, haqq danışdım sözümü,
Al, iç abi-kövsərdən, qan, dedilər.
Qurbani der: çıxdım dağ səhrasına,
Könlüm qalxdı, düşdü eşq sevdasına.
Bir siqnal verdim könlüm pasına,
Məğribdən məşriqə bəyan dedilər.
Qurbani bu sözləri dedikdən sonra yenə huşdan getdi. Üzünə su səpdilər, yenə də ayıldı. Atası dedi:
— Oğul, sən yuxuda kimi görmüsən?
Qurbani dedi:
Bu gün bir nurani kimsənə gördüm,
Görcəyim çağırdı: ya Murtuza Əli!
Sitqinən çağırsan tez yetir dada,
Dillərdə söylənir, ya Murtuza Əli!
Fərəməz bəy dedi:
— Ay bala, o hansı Əlidi?
Qurbani dedi:
On bir oğul var idi, bir anası,
Nurula doludu onun əzası.
Məğribdən məşriqə gəlir sədası,
Dillərdə söylənir: ya Murtuza Əli!
Nurani dediyin nuri-mərfətdi,
Mədinə dediyin bizim tərəfdi.
Qurbani der: ağam əsli ərəbdi,
Ağalar ağası ya Murtuza Əli!
Fərəməz bəy soruşdu:
— Bala, sənə kimi buta veriblər?
Aldı Qurbani:
Könlüm qalxdı, Bərdə sarı yeridi,
Orda bir şəhər var, adı Gəncə hey…
Gözəlləri, məhbublar, xubları,
Xub batıbdı mala, mülkə, gəncə hey…
Tülək tərlan balaların ayırdı,
Ayırıban həm çöllərdə doyurdu.
Fələk vurdu bizi eldən ayırdı,
Biz də düşdük bir digarə, küncə hey…
Fərəməz bəy dedi:
— Ay oğul, bizim bu yerlərdə hansı bəyin, xanın qızın deyirsən sənə
alım, təki sən uzağa getmə.
Aldı Qurbani:
Qurbani der: vüsalıma varmadım,
Əl uzadıb qönçə gülün dərmədim.
İran gəzdi, Turan gəzdim, görmədim,
Gözəllikdə Pərim təki qönçə hey…
Qurbani saz ilə dediyi kimi, söz ilə də deyib atasını başa saldı,
onunla halallaşıb, öz sevgilisindən ötəri yola düşdü. Az getdi, çox getdi,
Daşkəsən kəndinin yaxınlığında yolun kənarında bir ağacın dibində
oturdu. Qurbanini ağacın dibində yuxu tutdu.
Qurbani yatdığı zaman bir aşıq gəlib bura çıxdı. Aşıq gördü ki, bir
gözəl oğlan burada yatıbdır. Sazı isə əlindən sürüşüb düşüb yerə. Həmin
aşıq aldı, görək nə dedi:
Xab içində yatan, ey cavan oğlan!
Söylə görüm, nə məkandan gəlirsən?
Ya hürüsən, ya pərisən, ya qılman,
Ya İsasan, həft asmandan gəlirsən?
Nə olubdu eşq başından aşıbdı?
Nə sevdadı eşq oduna düşübsən.
Yoxsa sən də Qasım kimi yanıbsan?
İndi keçib başü candan, gəlirsən?
Qurbani yuxudan ayılıb aşığa cavab verdi:
Aşıq, sorma mənim eşqi-halımı,
Baş götürüb, Gəncə deyin gedirəm.
Zülmü qurtarmasın görüm zalımın,
Baş götürüb onca deyin görürəm.
Aşıq Qasım dedi:
— Oğlan, bilirəm, sən mən dərdlisən. Söylə görüm haralısan?
Aldı Qurbani:
Ülkardan da göydə o Mars qəlbidi,
İki dünya padişahı bir Əlidi.
İsmim Qurbanidi, kəndim Diridi,
Qaradağdan Qarabağa gedirəm.
Qurbani Qasımla əl tutuşub ayrıldı. Az getdi, çox getdi, Daşkəsən
kəndindən keçəndən sonra yolun qırağında bir bostançıya rast gəldi.
Qurbani bostançıdan çörək istədi, bostançı dedi:
— Otur, bostanı gözlə, gedim evdən sənə çörək gətirim.
Qurbani bostanda qalmaqda olsun, bostançı Mahmud qızı Pəri ilə
bostana gəldilər. Bu qızın adı Pəri olduğundan Qurbani bunun adına bənd
oldu. Pəri Qurbanini nə cürə dilə çəkdisə, az qaldı ki, öz sevgisini
yadından çıxartsın. Bir neçə gündən sonra Qurbani yola düşmək
istədikdə qız atasına dedi:
— Ata, oğlana deynən getməsin, qalsın, məni alsın və sənin maldövlətinə
sahib olsun.
Mahmudun oğlu yoxmuş. Mahmud dedi:
— Qurbani, gəl sən getmə. Mənim qızım Pərini al və mal-dövlətimə
sahib ol.
Aldı Qurbani:
Başına döndüyüm, ay Pərizadə!
Can içində cana vermərəm səni.
Neynirəm bostanı, neynirəm bağı,
Yüz bağa, bostana vermərəm səni.
Dağlarda maralsan, düzlərdə ceyran,
Ala gözlərinə mən özüm heyran.
Ordubad, Naxçıvan, Şamaxı, Şirvan,
Güllü Gürcüstana vermərəm səni.
Qurbani der: can içindən can gəlir,
Gözlərimdən yaş yerinə qan gəlir.
Üzünü görməyə Süleyman gəlir,
Külli Süleymana vermərəm səni.
Qurbani getmək istəyəndə qızı atasına dedi:
— Ata, oğlan deyəsən qalmayacaq, o yediyi yemiş-qarpızın haqqını
bundan al.
Qurbani bunlarla razılaşıb yola düşdü, bir neçə gündən sonra Gəncə
şəhərinin yaxınlığına çatdı. Altı nəfər gürcü qızına rast gəldi. Buraların
ab-havasını öyrənmək üçün qızlara belə dedi:
Sallana-sallana üstümə vardı,
Sataşdı gözümə xalı gürcünün.
Apardı halımı, çəkdi huşumu,
Sataşdı gözümə xalı gürcünün.
Örtüb ağ yanağa qırmızı lalə,
Boy sünbülə bənzər, qaməti lalə.
Bu biçarə aşıq qurbanız ola,
Üzükdən keçərdi beli gürcünün.
Qızlar Qurbanini çalıb oxuyan görüb, bir nəfər qarıya qonaq
verdilər. Qurbani qarının evində yeyib-içəndən sonra qarının öz sarı
sifətli qızı ilə davası düşdü. Qız dedi:
— Oğlan gərək mənimlə yata.
Qarı dedi:
— Yox, oğlan gərək mənimlə yatsın.
Aldı qarı öz qızını nə cürə pislədi:
Başına döndüyüm, ey cavan oğlan,
Gəl alma qızımı, sarıdır, sarı.
Səndən ötrü bəsləmişəm şirin can,
Gəl alma qızımı, sarıdır, sarı.
Aldı qız:
Başına döndüyüm, gülüzlü oğlan,
Gəl alma anamı, qarıdır, qarı.
Səndən ötrü bəsləmişəm şirin can,
Gəl alma anamı, qarıdır, qarı.
Aldı qarı:
İşvə məndə, qəmzə məndə, naz məndə,
Aşıq öldürməyə gözəl söz məndə.
Öpmək məndə, qucmaq məndə, üz məndə,
Gəl alma qızımı, sarıdır, sarı.
Aldı qız:
Matəm yerdə söhbət olmaz, saz olmaz,
Bir gülünən bahar olmaz, yaz olmaz.
Günü keçmiş qarı gəlib qız olmaz,
Gəl alma anamı, qarıdır, qarı.
Qurbani bunları aldatdı ki:
— Mən gələndə həyətinizdə bir ağ daş görmüşəm. Onu mənə kim tez
gətirsə onunla yatacağam.
Bu sözü eşidən kimi qarı ilə qızı bir-birinə toxuna-toxuna bayıra
çıxdılar. Qurbani isə qapını arxadan bağlayıb, özü tək o gecə orada qaldı,
sabah açılan kimi qapını açıb onlardan soruşdu:
— Bu şəhərdə sazbənd yoxdumu, mən orada sazımı düzəldəm?
Qurbani bilirdi ki, saz qayıranlar aşıqlara yaxın olur və bunun
vasitəsilə Pəri xanımın yerini bilmək olar. Bunlar sazbəndin evini
göstərdilər. Qurbani ora getdi, sazbənddən soruşdu:
Usta, sizin yerdən gözəl qız sevdim,
Cəm gözəllər onun səbəbkarıdı.
Alma yanaqlıdı, laçın caynaqlı,
Şirin can şikarı, şirin sözlüdü.
Sazbənd dedi:
— Bəlkə, belə gözəl qız səni sevmədi?
Aldı Qurbani:
Canan bilsə gəldiyimi can eylər,
Canımı canına ərmağan eylər.
Qəzəbkardı qəmzələri, qan eylər,
Mələklər şahidi, sitəmkarıdı.
Qurbani belə deyəndə sazbənd dedi:
— O gözəlin adı nədi?
Aldı Qurbani:
Alagözlü Pərim zülfü şeydadır,
Quranda oxunan əlif, beydadır.
Desələr: Qurbani, bu nə sevdadır,
Alagöz Pərimin yadigarıdı.
Sazbənd dedi ki:
— Oğlan, bəlkə Abdulla xanın bacısı qızı Pəri xanımı deyirsən?
Qurbani dedi:
— Bəli, onu deyirəm.
Sazbənd dedi:
— Sən onda gecikmisən. Qızı üç gündən sonra verirlər Qara Vəzirin
oğluna.
Qurbani soruşdu:
— Pəri xanım bu saat harada olar?
Sazbənd dedi:
— Bir saat bundan qabaq qırx nəfər qızla hamama getdilər.
Bu xəbərdən sonra Qurbani getdi, hamamın elə bir yerində gizləndi
ki, hamamdan çıxan adam Qurbanini görə bilməzdi, amma Qurbani hər
kəs hamamdan çıxsa idi görə bilərdi. Qurbani burda bir az gizləndikdən
sonra gördü ki, yuxuda gördüyü qız telin darıya-darıya hamamdan çıxır.
Bu zaman Qurbani cuşa gəlib ona belə dedi:
Sallana-sallana çıxdı hamamdan,
Asta yeri gözəl sənə göz dəyər.
Seryağublar tənə-tənə sözləri,
Yayın bədnəzərdən sənə göz dəyər.
Bu sözü eşitdikdə Pəri xanım başını salıb aşağı tez-tez getməkdə
oldu. Bunun zirək getməsinə Qurbani belə dedi:
Yavaş get, yavaş get kimin yarısan?
Hansı bəxtəvərin xiridarısan?
Kölgədə bəslənmiş quzey qarısan,
Sabahın yelləri tez dəyər sənə.
Pəri xanım bu sözləri eşidib karıxıq girdi kəcavəyə ki, baxsın görək
bu sözləri atan kimdi? Bu zaman karıxdığından saçının bir hissəsi qaldı
çöldə. Bunu görən Qurbani belə dedi:
Qurbani der: heç kəs yarın öyməsin,
Açılmasın çarın-çarpaz düyməsin.
Dəstələ telini yerə dəyməsin,
Yer elə tozlanar, toz dəyər sənə.
Qurbani adını eşitcək Pəri xanım tez başını kəcavədən çıxarıb ona
sarı baxdı və gördü ki, yuxuda gördüyü oğlan bu sözləri deyir. Pəri
xanım düşündü ki, "görən bu Qurbani qorxmur, bu toy qabağı mənə söz
atır?" Pəri xanım özlüyündə Qurbanidən küsən kimi oldu.
Aldı Qurbani:
Durum dolanım başına,
Aşığından küsən dilbər!
Ləblərini sal ağzıma,
Qoy bir alım busan, dilbər!
İtirmişəm maralımı,
Dərd çəkməyən saralarmı?!
Gündüz kəsən qərarımı,
Gecə yuxum kəsən dilbər.
Qurbaninin fikrinə gəldi ki, bəlkə bu xan nəslindəndi ki, məni
eşitmək istəmir.
Aldı Qurbani:
Qurbani özü də bəydi,
Naz-qəmzən canıma dəydi.
Nə dedim xətrinə dəydi,
Bu mən dilbər, o sən dilbər.
Qurbani Pəri xanımla görüşdü. Pəri xanım dedi:
— Qurbani, bu şəhərdə mənim adımı çəkmə! Səni öldürərlər. Lakin
üç gündən sonra gələrsən darvazanın ağzına, ora saman səpəcəyəm.
Pəri xanımla Qurbani ayrıldılar. Qurbani şəhərə gəzərkən Pəri
xanımın qardaşı Abdulla xan və Qara Vəzir Qurbaniyə rast gəldilər.
Bunlar dedilər ki, bu aşıq təzə aşıqdı, bunu oxudaq, əgər yaxşı oxusa
uşaqların toyunu elə bu edər. Onlar Qurbanini çağırdılar yanlarına və ona
dedilər ki:
— Aşıq, bizim üçün bir az oxu.
Qurbani hamamda Pəri xanımla görüşməyini bunlara belə dedi:
Bu gün bir gözəlin seyrinə vardım,
Əlində şanəsi tel kənarında.
Həlqə-həlqə, qıvrım-qıvrım, çinbəçin,
On dörd hörük gördüm bel kənarında.
Qapıya gəlmişəm, sayılam, sayıl,
Haq verən paylara olaram qayıl.
Pərimin boynunda heykəl-hamayıl,
Ləl bazubənd düzüb qol kənarında.
Qurbani der: mənim sözüm düzgündü,
Yar əlindən yazıq canım üzgündü.
Baxdım yarın gözü mənə süzgündü,
Bir cüt öpüş aldım yol kənarında.
Bu sözləri eşidən Qara Vəzir xənçəlini çıxarıb Qurbanini öldürmək
istədi. Ancaq Abdulla xan işi başa düşüb qoymadı. Onlar Qurbanini
götürüb Quru bağa gəldilər. Bu zaman Quru bağda qırx nəfər şagirdi olan
Aşıq Heydər Qurbaniyə sual verdi:
— Bala, sən də şagird olmağa gəlmisən?
Qurbani dedi:
— Mən özüm şagird axtarıram, ona dərs deyəm.
Bunların sözü bir-birinə xoş gəlmədiyi üçün deyişməyə başladılar.
Aşıq Heydər dedi:
Səndən xəbər alım, ay bala aşıq,
O nədi ki, göydən haça gəlibdi?
Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada,
Əfzəli içində neçə gəlibdi?
Aldı Qurbani:
Al cavabın deyim, ey böyük aşıq,
O qələmdi, göydən haça gəlibdi.
Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada,
Əfzəli yeddidi, neçə gəlibdi.
Aldı Heydər:
O kim idi ərşdə qızdırdı tası,
O kimdi Turda qaldı əsası.
İsmayıla gələn qoçun anası,
Hansı ayda, gündə qoça gəlibdi?
Aldı Qurbani:
Həzrət Əli ərşdə qızdırdı tası,
Musa idi Turda qaldı əsası.
İsmayıla gələn qoçun anası,
Çərşənbə günündə qoça gəlibdi.
Aşıq Heydərin sözü olmadı. Sazın təhvil verdi Qurbaniyə. Abdulla
xan Qurbaninin yaxşı aşıq olduğunu görüb ona belə dedi:
— Üç gündən sonra mənim bacım Pəri xanımın toyudu, gələrsən ora,
toy məclisində oxuyarsan və çoxlu da məmər yığarsan.
Hər ikisi razılaşıb ayrıldılar. Qurbani gəldi Pəri xanım olan yerə və
üç gün burada Pəri xanımla söhbət elədilər. Üçüncü gün Qurbani Pəri
xanıma dedi:
— Sənin qardaşın Abdulla xan məni sənin toyunu eləməkçün toy
məclisinə çağırıb mən gedirəm ora.
Qurbani toy məclisinə getməkdə olsun, Pəri xanım öz qulluqçusu
Şah-Xubana dedi:
— Get, qardaşım Abdulla xandan icazə al, mən də gedim o məclisdə
olan yeni aşığa qulaq asım.
Şah-Xuban Abdulla xandan icazə aldıqdan sonra Pəri xanım getdi
toy məclisinə.
Qurbani Pəri xanım toy məclisinə gircək ona belə dedi:
İftidadə qədəm basdı məclisə,
Ustadlar ustadı görüm handadı?
O qızın dərd-səri çoxdu canımda,
Göhərli sözlərim hələ kandadı.
Bu vaxt Qara Vəzir Qurbanini öldürmək istədisə də camaat
qoymadı.
Aldı Qurbani:
Həzrət Əli mənə verdi badəni,
Canıma saldılar qovğanı, qanı.
Qurbaninin fikri, zikri, xəyalı,
Deyə bilməm yenə Pəri xandadır.
Bu sözləri eşidən kimi Qara Vəzir lap acıqlandı və onu öldürmək
istədi. Abdulla xan onu sakitləşdirib Qurbanidən soruşdu:
— Qurbani, açıq de görək, bu şəhərə nədən ötrü gəlmisən?
Qurbani cavab verdi:
— Abdulla xan, and iç ki, nəyə gəldiyimi verəcəksən, deyim.
Abdulla xan and içdi ki:
— Nədən ötəri gəlmisən verəcəyəm aparasan.
Görək Qurbani nədən ötəri gəlib:
Başına döndüyüm, ey Abdulla xan!
Mətləb budu: Pərim üçün gəlmişəm.
Namiyəm, nadanam, həm də cavanam,
Mətləb budu: Pərim üçün gəlmişəm.
Abdulla xan dedi:
— Mənim bacımın bir gizli adı var, onu desən Pərini aparacaqsan.
Aldı Qurbani:
Əyninə geyibdi püst ilə dəri,
Qurbani yolunda qoyub can, səri.
Gizlini Nigardı, aşkarı Pəri,
Mətləb budu: Pərim üçün gəlmişəm.
Bu sözlərə Abdulla xan razı olsa da, Qara Vəzir razı olmadı. Qara
Vəzir dedi:
— Qurbanini mən özüm imtahana çəkəcəyəm.
Məclisdəki adamlar dağılıb evlərinə gedərkən Abdulla xan düşündü
ki, Qurbanini kimə qonaq versə Qara Vəzir onu öldürəcək, ona görə də
belə fikrə gəldi ki, onu Qara Vəzirin özünə qonaq versin. Qara Vəzir
Qurbanini qonaq saxlamaq əvəzinə onu saldı zindana, qapısına da gözətçi
qoydu. Pəri xanım Qurbanin vəziyyətini öyrənmək üçün Şah-Xubanı ora
göndərdi. Şah-Xuban gəlib gördü ki, Qurbanini salıblar zindana və
qapısında da gözətçi qoyublar. Qurbani Şah-Xubandan Pəri xanıma belə
bir namə yazdı, göndərdi:
Ay Şah-Xuban, mənim ərzi-halımı,
Gedər olsan, nazlı yara deyərsən.
Xəstə qaldım, yandım onun küyündə,
Üzü dönmüş beiqrarə deyərsən.
Axıb-axıb dəryalara dolmuşam,
Saralıban gül rəngi tək solmuşam
Qurbaniyəm, indi dustaq olmuşam,
Üzü dönmüş xoş Nigara deyərsən.
Məktubu Şah-Xuban gətirib Pəri xanıma verəndə o, məktubu tez
açıb oxudu. Pəri xanım Qurbanini qurtarmaq üçün bir neçə havla
hazırladı, bu havlaların yarısına behuşedici qatdı və Şah-Xubana verib
dedi:
— Apar bu behuşdarı olmayan havlaları ver Qurbaniyə, behuşdarı
olanları da keşikçilərə. keşikçilər yeyib bihuş olan kimi Qurbanini oradan
çıxart, gətir mənim yanıma.
Şah-Xuban elə də etdi.
Sabah tezdən qara Vəzir baxıb gördü ki, Qurbani zindanda yoxdu.
Qara Vəzir tez axtarmağa başladı, axır gəlib onu Pəri xanımın yanında
tapdı. Qurbani Qara Vəzirə orada belə dedi:
Səni görüm, Qara Vəzir,
Haq işini bitirməsin.
Göydən min bir bəla gəlsə,
Birin səndən ötürməsin.
Beş barmağın bıçaq olsun!
Gözlərinə sancaq olsun!
Balaların qaçaq olsun!
Qapında itin hürməsin!
Qara Vəzir dedi:
— Bunun özünə bax, Pəri xanımla bir yerdə oturmasına bax!
Aldı Qurbani:
Qurbani də çıxdı taxta,
Qan qusasan laxta-laxta.
Əzrayıl gələn vaxtda,
Üstündə Quran olmasın.
Qara Vəzirin acığı tutub şəhər əhalisini ora topladı və başladı
Qurbanini imtahan etməyə. Qara Vəzir Qurbaniyə dedi:
— Sənin gözlərini bağlayacağam, Pəri xanımı da üç qızla sənin
gözünün qabağından keçirdəcəyəm. Əgər onların içində Pəri xanımı
tanısan, bil ki, Pəri xanım sənindi.
Qurbani razı oldu. Onun gözlərini bağladılar. Qara Vəzir öz qızını,
axsaq Şah-Xubanı və Pəri xanımı eyni paltarda Qurbaninin yanına
gətirdi. Birinci dəfə öz qızını Qurbaninin gözünün qabağından keçirtdi.
Aldı Qurbani:
Əyninə geyib qırmızı,
O gündən yandırır bizi.
Bu gələn Vəzirin qızı,
Bundan sonra Pərim gəlsin!
Vəzirin qızından sonra axsaq Şah-Xuban gəlib Qurbaniyə
yaxınlaşanda belə dedi:
Dağlar başı oldu duman,
Münkürdən heç getməz güman.
Bu gələn şah-Xuban,
Qoyun gəlsin, Pərim gəlsin!
Axırda Pəri xanım üzünü tutub Qurbaninin yanına gələndə Qurbani
dedi:
Bir quş gəlir zarı, zarı,
Çıxın yollarından barı.
Bu gələn Qurbaninin yarı,
Qoyun gəlsin, Pərim gəlsin!
Belə bir işdən sonra camaat tələb elədi ki, Pəri xanımı versinlər
Qurbaniyə. Qurbani Pəri xanımı da götürüb yola düşdü. Bir az vaxtdan
sonra Məhəmməd xan gəlib çıxdı Gəncə şəhərinə. Qara Vəzir tez
Məhəmməd xanın yanına qaçıb Abdulla xandan şikayət etdi və dedi:
— Abdulla xan mənim oğlumun toyunu yarımçıq qoyub nişanlısını
verdi başqa yerdən gəlmiş bir oğlana.
Məhəmməd xan bir neçə atlı düzəldib Qara Vəzir də içlərində Pəri
xanımı qaytarmağa getdilər. Onlar gəlib Qurbangilə çatdılar. Pəri xanımı
zorla geri qaytardılar. Qurbani buna dözməyib dedi:
Başına döndüyüm, alagöz Pəri,
Əlim ətəyindən üzmə sən barı.
Görüm ki, olasan imama zavvar,
Əlim ətəyindən üzmə sən barı.
Dirili Qurbani sən də sal yada,
Əməyini vermə, amandır bada.
Hər ikimiz gəl şərt qoyaq arada,
Əlim ətəyindən üzmə sən barı.
Bu sözlərə baxmadılar, Pəri xanımı qaytardılar geri. Qurbani Pəri
xanım gözdən itdikdən sonra Allaha belə yalvardı:
Qadir Allah, səndən budur diləyim,
Aman, Allah, imdad eylə bu işə!
Səndən başqa yoxdur mənim köməyim,
Aman, Allah, imdad eylə bu işə!
Bismillah elədim, girdim meydana,
Ümidim bağladım Şahi-Mərdana.
Məcnun kimi məni qoyma divana,
Aman, Allah, imdad eylə bu işə!
Qurbani der: əslim Qaradağlıdı,
Yar üzündən ürək düyün-dağlıdı.
Zülm eyləyən vəzir namərd oğludu,
Aman, Allah, imdad eylə bu işə!
Rəvayətə görə, Qurbani burada yatır, bir vədə oyanır, görür ki,
Mazannənə pirindədi. Bu işə Qurbani çox təəccüb eləyir, az qalır ki,
bağrı çatlasın. Bu zaman onu bir də yuxu aparır. Ona yuxuda deyirlər:
"Qurbani, sən gəl Şıx oğlu Şah Abbasın yanına get, vəziyyətini ona
söylə. O sənə köməklik edər".
Qurbani yuxudan ayılan kimi Xudafərin körpüsündən adlayıb gedir
Şıx oğlu Şah Abbasın yanına. Vəziyyətini ona belə deyir:
Mürşüdi kamilim, Şıx oğlu Şahım!
Bir ərzim var, qulluğuna, şah, mənim.
Oxu ərizəmi, bil sən dərdimi,
Dərdimdən olgunan bir agah mənim.
Şah Abbas deyir:
— Ay oğul, sənə hələ cavansan, axı sənin dərdin nə ola bilər? De
görüm, sən haralısan?
Aldı Qurbani:
Bir ah çəkdim, gəldi ahim dərindən,
Ağlım, huşum oynar keçər sərimdən.
Körpü düşdü, keçdim Xudafərindən,
Mürşüdümsən, yetir dərmana məni.
Şah Abbas dedi:
— Ay bala, sənə kim zülm eyləyib onu mənə de!
Aldı Qurbani:
Qış gedibsən, yaz ayları gələndə,
Dağlar damanından qar istər könül.
Hüri, Pəri, mələkləri görəndə,
Xəstəyəm, onlardan nar istər könül.
Yay olanda gün əritməz qarımı,
Mən sənə bağladım ümidvarımı.
Əlimdən aldılar Pəri yarımı,
Mürşüdümsən, yetir yarıma məni!
Qurbani sonra ətraflı başına gələn vəziyyətlərin hamısını Şah
Abbasa söylədi. Şah Abbas Məhəmməd xanın və Abdulla xanın üstünə
bir məktub yazdı ki, Pəri xanımı tez bir zamanda gətirib Mazannənə
pirində versinlər Qurbaniyə. Şah Abbas Qurbaniyə dedi:
— Get, Mazannənə pirində öz yarını gözlə. Gətirib onu orada
verəcəklər sənə.
Qurbani tez yığışıb gəldi Mazannənə pirinə. Bir müddətdən sonra
baxıb gördü ki, Soltanlı kəndindən Diri dağına bir dəstə atlı gəlir, Pəri
xanım da bunların içindədi. Qurbani bir qənşər yerə çıxıb onları
qarşılamaq istədi. Bu zaman Qurbanini ilan vurdu. Qurbani ağır
xəstələndi və su içmək istədi. O belə fikirləşdi ki, əgər suya getsə gəlib
onu tapmayacaqlar. Qurbani sazını Mazannənə pirində qoydu və sazdan
başlayıb daş düzə-düzə suya getdi ki, daşın izi ilə gəlib onu tapsınlar.
Pəri xanımı atlılar gətirib Mazannənə pirində qoydular, Qurbaninin
sazını orda gördülər, dedilər ki, indi bu saat onun özü də gələcək. Atlılar
qayıdıb getdilər Gəncə şəhərinə. Pəri xanım tək Mazannənə pirində
Qurbanini gözlədi, gözlədi, gəlmədi. Sonra baxıb gördü ki, sazdan
başlayıb daş düzə-düzə gediblər. Pəri xanım bu iz ilə gəlib gördü ki,
Qurbani suyun kənarında ölüb. Pəri xanım tez Qurbaninin başını aldı
qucağına və başladı ağlamağa. Pəri ağlaya-ağlaya belə dedi:
Mən aşiqəm, sal yana,
Dara zülfün sal yana!
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.
Mən aşiq, Gəncəm haray!
Tiflisdən gencəm haray!
Qurbani öldü, getdi,
Mənə bir əncam, haray!
Pəri xanım ağladı, ağladı, axırda bağrı çatlayıb öldü.
Xalq Mazannənə pirində iki qəbir qazıb, bu sevgililərin hərəsini birində dəfn elədi.