Süleyman və qarğa

Süleyman və qarğa
Müəllif: Seyid Əzim Şirvani


Belə nəql etdi raviyani-kəlam-
Ki, Süleyaman nəbi əleyhi-səlam.
Dedi kim, bir kəlağə eylə güzər,
Cümlə nəsli-tüyurə eylə nəzər,
Hansı ki, hüsndə ola ziba,
Götürüb gəl hüzuruma hala.
Bişəyə ol kəlaq qıldı güzər,
Etdi nəsli-tüyurə cümlə nəzər.
Nəzərində göründü pəstü bülənd,
Etmədi hiç bir güruhu pəsənd.
Öz balasına gəldi qıldı nəzər,
Eylədi batini məhəbbət əsər.
Dedi ki, cümlədən bu zibadır,
Bəs bunu töhfə etmək uladır.
Götürüb düşdü əzmi-cövlanə,
Gətirib xidməti-Süleymanə.
Çün Süleyman o ziştə qıldı nəzər,
Dedi kim, ey kəlaği-bədmənzər,
Yoxdu quşlar içində bundan zişt,
Çox kərihül-cəmalü şumü dürişt.
İnkisar ilə ərz qıldı kəlağ,
Dedi ki, hər tərəfə çaldım ayaq,
Eylədim cümleyi-tüyurə nəzər,
Öz balamdan biri deyil behtər.
Bunda şəkk yoxdur, ey rəsuli-xuda,
Hər kəsə öz balasıdır ziba.
Seyyida, oğlun olsa kurü keçəl,
Görünür hamıdan gözündə gözəl.
“Külli-hizbin bima lədayhi” oxu-
ki, bu mənayədir işarə çoxu.