Sələbiyyə/Tülkünün xoşhal olması və fal açması
←Biçarə tülkünün avara qalması hekayəti | Sələbiyyə Tülkünün xoşhal olması və fal açması Müəllif: Məhəmməd Bağır Xalxali |
Tülkünün yuxu görməsi→ |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Xülasə, Tülkü çün hatif sözünü
Eşitcək çimçişib açdı gözünü.
Müşəxxəs eyləyib lütfi-xudanı,
Sevindi, güldü, qıldı şadimani.
O dəm tapdı bir aşıq, oldu falçı,
Dedi: Tapsam toyuq, üçdən bir alçı.
Sovuracaq aşıbını alçı durdu,
Sevindi Tülkü şad oldu, qudurdu.
Verib təkyə yerə, durdu ayağə,
O yerdən sallanıb gəldi aşağə.
Yetib bir dərəyə ol zarü əfkar,
Nə gördü, bir damaqlı kök toyuq var.
Yeyib əzbəs ki, danə har olubdur,
Sənin tək xeyli nahəmvar olubdur.
Olub sərməst, edib həqqi fəramuş,
Damağ ilə edər cami-səfa nuş.
Vurar cəh-cəh girəndə laləzarə,
Deyir bülbül nədir, kəklik nəkarə.
Nə Allah anlayır, nə məzhəbü din,
Zəlalətdən edibdir tərki-ain.
Qürurundan yerişin azdırıbdır,
Çəkib qəddin, deyərsən qaz durubdur.