Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş

Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş
Müəllif: Seyid Əzim Şirvani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş,
Bağışla, bilmədim biganələrlə aşinasənmiş.

Səni ayineyi-məqsud sandım rubəru durdum,
Göründü əksi-surət, annadım kim, kəcnümasənmiş.

Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq,
Əzizim, nuri-eynim,sən gəda oğlu gədasənmiş.

Səni üşşaq üçün söylərdim əvvəl rəhməti-həqsən,
Vəli, ey mahru, sən gögdən enmiş bir bəlasənmiş.

Kimin zülfünə bənd oldunsa, Seyyid, bivəfa çıxdı,
Şikayət etmə bir kəsdən, özün bəxti qərasənmiş.