Sənsiz ey ruhi-rəvan təndə təvanım yox idi

Sənsiz ey ruhi-rəvan təndə təvanım yox idi
Müəllif: Seyid Əzim Şirvani
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Sənsiz ey ruhi-rəvan təndə təvanım yox idi,
Təni-zanımda təvan, cismdə canım yox idi.

Ölməyib hicrdə kim, vəslinə yetdim ey məh,
Səxt-can olduğuma böylə gümanım yox idi.

Olmasa kimsə qəmimdən mənim agəh deyibən,
Gərçi dərdim çox idi, ahu fəğanım yox idi.

Ta səhər zülfü-siyahı dəhnin yadı ilə,
Yox idi şəb ki, mənim suzi-nihanım yox idi.

Kakilin şövqi ilə Seyyidi-sərgeştə kimi,
Dolanırdım, o səri-kuydə məkanım yox idi.