Sərbəst insanlar ölkəsində/"Yalan", "Riya" "Yaltaqlıq"

Azadlıq bir çiçəkdir Sərbəst insanlar ölkəsində. Yalan, Riya, Yaltaqlıq
Müəllif: Əhməd bəy Ağaoğlu
Azadlıqla casusluq


- Qanunun ikinci maddəsində yalanın yasaq olduğundan bəhs edilir. Bu günaha qanunda ayrıca önəm verilir.
- Niyə? İnsan olan kəs necə ola bilər ki, heç yalan söyləməsin?
- Azad insan yalan söyləməz. Yalan zəiflərin, zəlillərin, qorxaqların işidir. Axı azad ola bilməkdən ötrü güclü, qoçaq, inadlı olmalısan. Yalan həqiqəti gizlətmək və üzə çıxarmağa qoymamaq üçün bir vasitədir. Həqiqət gizlədilən yerdə yalançı inanclar hakim olur. Yalançı inanclar hakim olduğu yerdə xeyir-bərəkət qalmaz. Ağlı başında olan camaat buna, əlbəttə ki, yol verməz. Bax, bu üzdən sərbəst insanlar ölkəsi yalan söyləmək suçuna ayrıca önəm verir.
- Anladım, ustad. Keçmişin bir çox qaranlıq tərəfləri gözümdə dərhal aydınlaşdı. Amma o boyda əhalinin arasında yalanın kökünü necə kəsmək olar?
- Bu bir tərbiyə məsələsidir ki, ailədən və məktəbdən başlayıb, əhaliyə də aşılamalısan. Ailə və məktəbdə uşaqların ilk ruhi təməlləri yaranır. Uşaq ki var, ata-anasını və müəllimini yamsılayan bir varlıqdır. Yalançı ata-ananın və yalançı müəllimin yetişdirdikləri uşaqlar da mütləq yalançı olurlar. Buna görə də ata-ana və müəllimlərin borcu uşaqların yalana alışmamalarına daim diqqət yetirməkdir. İlk və ən təsirli vasitə onların özlərinin yalandan çəkinmələridir. Onlar uşaqların yalan söyləməsinə heç cür icazə verməməlidirlər. Ən xırda və ən günahsız bir yalana da, dözüm göstərmək olmaz. Bir sözlə, uşaq ailə və məktəbdən çıxıb cəmiyyətə qovuşduğu zaman yalanın iyrənc bir azar olduğunu duyub anlamalıdır.
Cəmiyyətə, yəni topluma gəlincə, o da yalana qarşı güclü əngəllər qoyarsa, tutalım, sərbəst insanlar ölkəsində olduğu kimi, yalançını içindən atarsa, adamlar yalan danışmaz. Amma bunun tam tərsinə olaraq, məharətlə söylənmiş bir yalanı ağıl nümunəsi sayan və ya yalançılıqla qazanılmış bir uğuru bəyənib alqışlayan və yalançı olduqlarını bildiyi insanlara hörmət-izzət göstərən toplum yalançılıq azarının bütün acılarına və bütün qorxunc sonuclarına boyun əymək
məcburiyyətində qalır.
O cəmiyyətdə heç kəs heç kimə inanmaz, özünə arxa saymaz. Buna görə də birgə fəaliyyətdən və birgə təşəbbüsdən söz belə getməz. Nəticədə inkişaf və yüksəlişin bütün yolları kəsilər və yavaş-yavaş soysuzlaşma gedər, olub-qalan yaxşı keyfiyyətlər də itirilər, heçliyə sürüklənmə başlar!
- Ah, ustad! Mən də bu hala düşmüşdüm. Mən də bu halları yaşayıb görmüşdüm. Ancaq səbəbini indi anladım. Mümkünsə, üçüncü maddənin də hikmətini anladın.
- Böyük həvəslə!
- Bu maddəyə görə, ikiüzlülük və yaltaqlıq edənlərə daşlanmaq kimi dəhşətli bir cəza verilirmiş. Doğrusu, niyə belə şiddətli cəza verildiyini başa düşmədim. Vəzifə və güc sahibi olan adamları öymək, onlara sitayiş etmək olmazmı?
Ədəbiyyatdan bildiyimiz neçə-neçə parlaq qəsidənin, yəni heç qiyməti yoxdu? Axı bu da gerçəkdir ki, min cür nemət və səadət bu güc və yüksək vəzifə sahiblərinin əllərindədir. Bəzən kiminsə taleyi, müqəddəratı həmin adamların bircə baxışından asılı olur. Belə isə, onların qürurunu oxşamaq təbii sayılmazmı?- Anlayıram ki, bu sənədin qaydaları sizin kimi istibdad adətinə alışmış insanlara qəribə görünür. Bir şey soruşum: Sən azad və sərbəst olmağa qəti qərar vermisən?
- Söz yox.
- Bu halda özün dəyişməlisən. Axı bütün o saydığın şeylər sənin kölə və əsir olduğun zamanlara aiddir. İndi ki zəncirlərini qırmısan, sərbəst olmağa qərar vermisən, bilməlisən ki, yaltaqlıq kölələrin, əsirlərin işidir, ruhun alçaqlığına, zəlil və miskin olduğuna dəlildir. Yaltaq adamda şərəf və sayqı-sevgi olmaz. Bu cür adam söz dediyi insanı da pozar, onda qürur, təkəbbür, həqiqətə, haqqa dözümsüzlük kimi pis sifətlərin oyanmasına səbəb olar.
İndiyədək Şərq cəmiyyətlərini içindən yeyib gəmirən xəstəliklər arasında bu öygü və yaltaqlıq ən qorxuncu və ən pozucusudur. İlan zəhəri kimi beynin və qəlbin lap dərinliyinəcən işləyir, bədəni çürüdüb iflic edir.
Şərq qəsidəxanları - öygü şairləri bilməyib fərqinə varmamaqdan millətlərinə ən çox pislik etmiş insanlardır. Yazdıqları parlaq olsa da, o biri yandan mənəvi pozuntulara yol açıblar. Onlar həm də cazibəli olduqlarından, təqlidçilər və ardıcıllar doğurublar.
Qəribədir ki, bu qəsidələr azad olmaq istəyən eynidurumlu cəmiyyətlərin məktəblərində hələ də ədəbi örnək sayılaraq oxutdurulur. Yəni bunların törətdikləri eybəcərliyin fərqində deyillər? Yəni bilmirlər ki, gənclərin qəlbinə, gənclərin beyninə şerin, musiqinin təsiri böyükdür?
Nə olur-olsun, azad olmaq istəyən bir cəmiyyətin bu hərəkəti, əkini əkib üzərinə kükürd səpən bir əkinçinin hərəkətindən fərqli sayılmaz. İngilis qanunu hələ XV əsrdə kralın öyülməsini onun qınanması qədər yasaq hesab edib.
Bax budur azad olmaq istəyən bir millətin hərəkəti!!!...