Sərbəst insanlar ölkəsində/Azadlıqla casusluq

"Yalan", "Riya" "Yaltaqlıq" Sərbəst insanlar ölkəsində. Azadlıqla casusluq
Müəllif: Əhməd bəy Ağaoğlu
Bir mitinq:Natiqlərin sözləri

- Amma ustad, böyük adamlara sayqı göstərmək haqq və hüquqları tanıyanların vəzifəsi deyilmi?
- Şübhəsiz! Ancaq gerçək sayqı göstərməklə, baş əyməklə yarınmaq və yaltaqlıq tam başqa-başqa şeylərdir.
- Necə yəni başqadır?
- Çünki gerçək sayqı və sevgi doğruçuluq və səmimiyyət istəyir. Doğruçuluq və səmimiyyətin şərti də düşünülən fikri, duyulan hissi olduğu kimi söyləməkdir. Ü rəkdən sevdiyiniz bir adamın, tutalım, oğlunuzun, qardaşınızın, əziz bir dostunuzun çatışmazlıqlarını söyləməyi, yalnışlıqlarını düzəltmələri üçün öyüd verməyi özünüzə borc bilməzsiniz yəni? Millətin yetişdirdiyi böyük adamlar oğuldan, qardaşdan daha əziz, daha qiymətlidir axı. Axı bunlar ümumi və ortaq səadət və bəxtiyarlığın qaynağıdırlar. Deməli, onlara qarşı daha səmimi, daha doğrucul
olmaq daha əsaslı bir borc sayılmalıdır. İkiüzlü və yaltaq adamlarsa bunun tam tərsini edirlər.
Böyük adamlara daşımadıqları sifət və qabiliyyətləri də verir, çatışmazlıq və yanlışlıqlarını üstünlük kimi göstərirlər.
Doğrunu, həqiqəti onlardan gizləyir, onları daim əyri yollara çəkirlər. Bütün bunlar sırf şəxsi mənfəətləri üçün edilir.
Əsasən öz xeyrini güdən və yaltaq adam doğru sözdən qaçar və dost olmaz. Doğruculluq və dostluq kimi yüksək sifətlər ruhca kasıb adamların işi deyil. Tale üzünü böyük adamlardan çevirincə, ruhən yoxsullar da həmin adamlara arxalarını çevirirlər: yəni onları ələ salır, söyür, onlara hücum çəkir və yenə də qüvvətli tərəfin - yüksək vəzifə əldə etmiş yeni adamın yan-yörəsində yer tuturlar.
- Çox haqlısınız, ustad! Belə faciəli xəyanətlərin acı mənzərələrinə neçə dəfə şahid olmuşam. O zamanlar vətəndən usanmamaq və vətəndaşlardan iyrənməmək üçün özüm-özümlə nə qədər mübarizə aparmışam.
- Elədir! Öz xeyrini güdmək və yaltaqlıq hər hansı cəmiyyəti alçaldan ən qorxunc yollardır.
- Elə isə, ustad, insanlar bundan niyə xoşlanırlar?- Zəifliklərinə görə! Ancaq bu zaman ən böyük suçu cəmiyyət işlədir. Axı cəmiyyət pis sifətlərin yayılmasına meydan verməməlidir. Çünki sonda ən çox zərəri də cəmiyyət görəcək.
- Anlamadım, ustad...
- İndi anladaram. Bir ağac üçün çiçək və meyvə nədirsə, bir cəmiyyət üçün də böyük adamlar odur. Məlumdur ki,
ağacın cinsini yaşadan, onun varlığını göstərən həmin ağacın çiçək və meyvələridir. Cəmiyyətləri də yetişdirdikləri böyük adamlar yaşadır, varlığını qoruyur və bu cəmiyyətlərin yüksəlişi üçün yol göstərir.
Doğrudan da, hər hansı cəmiyyətin varlıq qüvvəsi fikir, sənət, elm, hərb və sair sahələrdə yetişdirdiyi böyük adamların alışqanlıq və qiymətləri ilə ölçülə bilər. Bu baxımdan böyük adamların yetişdirilməsi, onların qorunması cəmiyyət üçün ölüm-qalım məsələsidir. Böyük adamların yetişdiyi zamanlarda ağlı başında olan bir cəmiyyət onlardan bacardıqca çox
faydalanmağa çalışar, həyatlarının hər dəqiqəsindən bəhrələnməyi özünə məqsəd bilər, onların əməyinin boşa çıxmasına və pozulmalarına isə heç dözməz. Axı böyük adamlar hər gün və hər zaman yetişmir. Bəzən bir millət əsrlərcə hamilə olduqdan sonra onlardan birini həyata yetirir. Bəzən də bu doğuş əməliyyatı çox çətin və qorxunc olur.
O səbəbdən ağlı başında olan cəmiyyət elə övladını göz bəbəyi kimi qoruyur və onlardan bacardıqca çox faydalanmağa çalışır! Bax, buna görə azad ölkədə öz xeyrini güdüb yarınmaq və yaltaqlanmaq daşlanmaq kimi ağır bir cəza ilə cəzalanır. Axı o cür pis sifətlər pozucu amillər arasında ən qorxuncudur!
- Anladım, ustad! Bu açıqlamanız keçmişin bir çox qaranlıq və acı tərəflərini aydınlaşdırdı. İndi də, lütfən, Nizamnamənin dördüncü maddəsini izah edin.
- Böyük həvəslə. Həmin maddədə deyilir ki: "Xəbərçilik edənlər sərbəst ölkənin vətəndaşı ola bilməzlər".
Bilməlisən ki, azadlıq və çuğulçuluğun yan-yana yaşaması mümkün deyil. Çuğulçuluq olan yerdə azadlıq olmaz, azadlıq olan yerdə də ondan-bundan çuğulluq etmək. Təsadüfi deyil ki, istibdadın istifadə etdiyi ən təsirli vasitə çuğulçuluqdur. İstibdadın ilkin istəyi odur ki, vətəndaşlar arasında tərəddüd və şübhə toxumları səpsin, onların birbirinə inam və arxayınçılığına yol verməsin. Bu səbəbdən istibdad quruluşları çuğullamalara böyük önəm verir, gizli xəbərçiliyi ən qüdrətli vasitə sayır.
Çuğulçuluğun çiçəkləndiyi yerdə kimsə kimsəyə inanmaz. Hər kəs hər kəsdən hürkər. Doğruçuluq və açıqlıq aradan qalxar. Yalan və ikiüzlülük onların yerinə keçər. Birlikdə iş görmək mümkün olmaz. Bu hala düşən cəmiyyətlər sapı çürüyüb sökülmüş parçaya bənzəyir, hər cür müqavimət qabiliyyətini itirər və nə zorakılığa qarşı dayanar, nə də elm, sənət, ticarət və s. sahələrdə birgə irəliləyə bilər.
Təbii ki, azad ölkə bu qədər zərərli bir şeyə dözməz. Biz vətəndaşlarımızın ruhunda ta aqlıqdan bu qorxunc bəlaya qarşı nifrət və iyrənmə duyğusu tərbiyə edirik.
Uşaqlarımızın bir-birindən gileylənməsinə pis baxırıq. Bir-birinə böhtan yağdıranlara və bütün günahları bir-birinin boynuna atanlara şiddətli cəza veririk. Başqalarına ibrət olmaq üçün yoldaşının hər hansı bir işini xəbər verən uşağı hər kəsə göstərir, pis əmələ qurşandığını hamıya bildiririk. Qısası, çuğulçuluğun iyrənc bir bəla olduğunu işimiz və sözümüzlə uşaqlara aşılayırıq ki, böyüdükdən sonra onlar qanunu güdsün. Beləcə, ölkədə çuğulçuluq aradan qalxır.
- Ustad! Verdiyiniz izahat bütün varlığımı alt-üst etdi. Bir az tək qalmaq, düşünmək istəyirəm. Etiraz etmirsinizsə, bu günlük bu qədərlə kifayətlənək.
- Lap yaxşı! İki gündən sonra yenə gələrik, - deyər əlimi sıxıb otaqdan çıxdılar.