Sərbəst insanlar ölkəsində/Böyüklərə necə sayqı göstərilir

Pirlərlə yeni söhbət Sərbəst insanlar ölkəsində. Böyüklərə necə sayqı göstərilir
Müəllif: Əhməd bəy Ağaoğlu
Əzəmətli bir maşın fabrikası


Ustad hələ də mənim gözümü açırdı: "İstibdad sadəliyə heç dözməz, sözün doğrusunu söyləyəni həmişə utanmazlıqda, başından böyük danışmaqda suçlayar. Bax, buna görə də, əslində şah və sultan olanlar, axırda şahənşah (şahların şahı), padişah (şahların başı, baş padişah), hökmdari-əzəm (böyük hökmdar), zillüllah (Allahın kölgəsi), müəyyəd min taraf illah (Allahdan güc alan), şəhriyari-əzəm (əzəmətli şah), əlqaimi-billah (Allahın yerini tutan), əlmutəsimi billah (Allahın yolunu göstərən) adlanıblar. Yenə bu səbəbdəndir ki, əslində vəzir və vəkil olanlar, axırda sədriəzəm (baş vəzir), sərdari əkrəm (əliaçıq komandan), saidüdövlə (dövlətin görkəmlisi), rüknülmülk (mülkün dirəyi), sərdari küll (hamının komandanı) və s. olublar.
Qocalmağa başlayan pozğunlar köhnə günləri xatırlatmaq üçün üz-göz boyasına və bər-bəzəyə güc verdikləri kimi, bu başsız, beyinsiz adamların yarıtmaz idarəsi ucbatından dağılıb xarabaya çevrilən mühitlər yalançı adlara və qurama üslublara söykənirlər!.. Beləcə, görkəmli və əzəmətli görünməklə içdən çürüdüklərini gizlətməyə çalışırlar.
Misal üçün, ölkəsi xarici müdaxiləyə məruz qalan və ölkədə yeganə elektrik maşınları idarəsinə təyin olunmuş rəisə yazılmış bir ərizənin başlığını eynən sənə çatdırıram:
"Hüzuru bəndəqani cənabi mustətab, əcəllu əkrəmu əfhamu vala vəziri lambei elektrikiyei humayuni muddə zillahulali"
(Ən böyük, səxavətli, ali və niyyəti gözəl, ilahinin mübarək kölgəsi - elektrik lampası nazirinin çox hörmətli cənab müşavirinin hüzuruna).
Görürsənmi, nə qədər gurultulu müraciətdir. Bir nağara gumbultusuna oxşayır. Ancaq diqqət yetirsən, bu gurultu gör nə qədər boşluğu gizlədir.
Birincisi, vur-tut, bircə elektrik lampasından ötrü ayrıca nazirlik qurularmı? Sonra zavallı ərizəçi bu elektrik lampası nazirinə birbaşa üz tutmaq cəsarətini özündə tapmır! Vasitə kimi onun müşavirindən faydalanır. Daha sonra bu bircə lampanın nazirinə əcəl, əkrəm, əfham, vala ünvanlarını verir, axırda da həmin nazirin əbədi kölgəsinə sığınır!..
Övladının bu qədər alçalmasına razı olan bir ölkə uğur qazana bilərmi? Bütün bu qurama və yapma dildən, ləyaqət və həqiqətlə əsla əlaqəsi olmayan bu yalançı adlardan məqsəd nədir? Təbəənin zillətini və başçının əzəmət və gücünü ifadə deyilmi? O cür üslubun hakim olduğu mühitdə, doğruçuluqdan, səmimiyyətdən, gerçək sevgidən, gerçək bağlılıqdan, bir sözlə, ictimai yaşayışın təməlini quran əlaqələrdən nişanə qalırmı? Bax, həmin səbəbdən, zahirən möhkəm və bir yumruq
kimi görünən bu mühitlər elə toxunmağa bənddir ki, qum topası kimi dağılsın. Üstəlik, belə yerlərdə bu qədər ad-san, bu qədər əzəmət və böyüklüklə hər yanı dövrələnmiş bir nazirin süqut gününü xatırlamağa dəyər! Hələ işdənçıxma xəbəri çıxar-çıxmaz hamı ondan qaçar və talenin xoş vaxtlarında ona qəsidələr həsr edib, mədhiyyələr yazanlar, bərli-bəzəkli sözlərlə ona üz tutanlar indi də hər yandan qarğa kimi üstünə uçuşar və danlaq, söyüş və qaxınc üslubuna qol-qanad verərək, evini, əşyasını soyub-çaparlar. Min dəfə təcrübədən çıxmış bu halı şair aşağıdakı beytində nə gözəl təsvir edib:

"Xuda göstərməsin asari izmihlali bir yerdə,
Ahibba şiveyi yağmada məbhut eylər adayı".

(Allah heç bir yerdə belə dağıntını göstərməsin,
Əziz adamlar düşmən diliylə namizədi mat qoyarlar.)

Sərbəst insanlar ölkəsində isə, nə təsadüfi bəxt var, nə qəsidə, nə öygü, nə də qarət.
- Təşəkkür edirəm, ustad! Söz sadəliyinin mənəvi və tərbiyəvi əhəmiyyətini anladım. Keçmişdəki bir çox hadisələrin hikməti mənə indi aydın oldu. Ancaq beynimdə bir sual var, onu da cavablayarsınızmı?
- Söylə!
- Sərbəst insanlar ölkəsində böyük adamlara sayqı göstərib baş əymirlər?
- Sərbəst ölkədə böyük adamlara nə qədər desən sayqı göstərilir. Bir bağçalarımızı, parklarımızı, meydanlarımızı, muzeylərimizi, məktəblərimizi gəz. Hər tərəfdə böyük adamların heykəllərini, abidələrini, şəkillərini görəcəksən. Tariximizi, ədəbi əsərlərimizi oxu. Böyük adamların ömür yolu ilə, yaratdıqlarının dolğun məzmunu ilə, onların başına gələn hadisələr əsasında yazılmış hekayələr, romanlar və teatr pyesləri ilə doludur. Onlara diri çağlarında sayqı göstəririk. Öləndən sonra isə unutmuruq. Daim minnətdarlıqla yad edirik. Adlarını qəlblərimizdə yaşadır, xatirələrini nəsildən-nəslə yetiririk. Ancaq bütün bunları edərkən, özümüzü, öz şəxsiyyətimizi, ləyaqət və şərəfimizi də yaddan çıxarmırıq.
Ü stəlik, böyük adamların nöqsanlarını, səhvlərini, çatışmazlıqlarını da diqqətə yetirməkdən çəkinmirik. Onları şişirdib insanlıqdan çıxarmaqdan, bütə çevirməkdən çəkinirik. Qısası, sərbəst ölkə bu baxımdan həm sayqının ağını çıxarmaqdan, həm də sayqısızlıq göstərməkdən eyni dərəcədə çəkinir. Halbuki qəsidəyə və həcvə alışqan mühitlərdə böyük adamlar öyülüb asanlıqla büt dərəcəsinə qaldırıldıqları kimi, işdən çıxarılandan və ya ölümlərindən sonra,
həcvlə, yəni acı tənqid və qaxıncla yenə də o cür asanca alçaldılırlar. Həqiqətdə, belə mühitlər böyüklüyün nə olduğunu da anlamır. Görkəmli adamları tezcə unudur, xatirələrini qorumur, məktəblərdə, muzeylərdə, küçələrdə şəkilləri, heykəlləri görünmür. Çoxları onların bioqrafiyasından da xəbərsiz qalır. Deməli, gerçəyə qalanda, həmin mühitlərin sayqı göstərib əziz tutduqları şey böyüklük deyil, gücdür, qüvvədir.
Nə qədər ki, böyük adamlar güc sahibidirlər, o güc mühitində yaşayan insanlar öz şərəf və ləyaqətlərini belə unudaraq onları bütə çevirirlər. Ancaq böyük adamların gücü azalar-azalmaz, həmin insanların gözündə hər cür dəyər və qiymətlərini itirər və onlardan ən ağır söyüş və təhqirləri belə əsirgəməzlər.
Sərbəst insanlar ölkəsi isə bu iyrənc şişirtmə və alçaltmalardan özünü qoruyur və yetirdiyi böyük adamları göylərə qaldırmadığı kimi, çirkaba da atmır.
- Ustad, yenə bütün varlığımı alt-üst etdiniz. Yenə bir az tək qalmaq, düşünmək istəyirəm. İcazənizlə, bu günkü söhbəti bitirək.
- Lap yaxşı! İki gündən sonra yenə görüşərik.