Sərbəst insanlar ölkəsində/Pirlərlə yeni söhbət
←Universitetdə və İnstitutda | Sərbəst insanlar ölkəsində. Pirlərlə yeni söhbət Müəllif: Əhməd bəy Ağaoğlu |
Böyüklərə necə sayqı göstərilir→ |
Üç gün sonra pirlər yenə gəldilər. Onlardan soruşdum:
- Bu gün söz və yaşayış sadəliyi haqqında Qanunda göstərilənləri bir az açıqlaya bilərsiniz?
- Böyük həvəslə! Bu iki sadəliyə də azad insanlar ölkəsində ayrıca dəyər verilir. İnsanları azadlığın dayağı olan doğruçuluq və səmimiyyətə, qənaətcillik və gözütoxluğa həmin sadəliklər alışdırır.
- Başa düşmədim, ustad! Onda hər iki sadəlikdən ayrıca danışaq.
- Söz sadəliyi deyəndə anlatmaq istədiyin məqsədi aydın şəkildə və uzun-uzadı əlavələrsiz söyləmək nəzərdə tutulur. Tutalım, vəzifə sahibi olan birinə hər hansı bir işimizi söyləyərkən - "Sizə filan işi söyləmək üçün gəldim" - demək daha doğrudur. Ancaq bunun yerinə "yüksək hüzurunuza acizanə diləklərimi yetirməyə cəsarət etdim" - kimi sözlər işlətməyiniz yersizdir.
- Nə danışırsınız, ustad! Ədəbli və tərbiyəli bir adam böyük vəzifəli bir şəxsin qarşısında o cür davranmamalıdırmı?
- Bəli, alışdığınız tərbiyə elə tələb edir. Ancaq sərbəst insanlar ölkəsi kimi demokratik bir yerdə həmin üslub yaramaz və bəyənilməz.
- Bunun nəyi yaramır ki?
- Üz tutduğun adama xoş görünmək üçün yaltaqlıq etməzlər. Özün düşün, heç "yüksək hüzur" ola bilərmi? Hüzur hüzurdur, nə yüksəyi var, nə də alçağı! Sonra "dilək" nə deməkdir? Azad bir ölkədə kimsə kimsəyə diləyini yetirməz, vəzifələrindən və gördükləri işdən asılı olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludurlar. "Dilək" deyəndə, aşağıdan yuxarıya üz tutmaq, bir növ, harayını çatdırmaq nəzərdə tutulur; halbuki, azad ölkədə aşağıdan, yuxarıdan söhbət gedə
bilməz. Ü stəlik, bütün bunlara "acizanə" sözünü də artırmaq başdan-başa saxtakarlıqdır. Axı aciz, ya da qadir dilək olmur, dilək elə diləkdir! "Cəsarət" kəlməsi də yersizdir. Çünki haqlı diləyini söyləmək hər bir vətəndaşın haqqıdır. Heç kəs bu haqqı dana bilməz. Bu haqqın tanınması da təbiidir və bunun üçün cəsarətə-filana gərək yoxdur. Açıq görünür ki, bütün cümlə başdan-başa süni və saxtadır. Belə cümləni işlədən hər bir adam özünü alçaldır, qarşısındakını
yüksəldir, özünü aciz, qarşısındakını özündən artıq bilir. Bununla da əvvəlcə vətəndaşlar arasındakı bərabərlik prinsipini dağıdır, sonra isə həm özünün, həm də qarşısındakının xarakterini pozur. Və bütün bu alçaltmalara yalnız öz diləyini gerçəkləşdirmək üçün qatlanır. İstibdad zamanı belə davranış təbii sayılır. Çünki o rejimdə haqqa, həqiqətə baxılmaz. Xahişlərin çoxu haqsız olduğu kimi, onların qəbul olunub-olunmaması da vəzifə sahibinin kefinə bağlıdır. Həmin vəziyyətdə vəzifə sahiblərinə yaltaqlanmağı anlamaq mümkündür. Ancaq sərbəst insanlar ölkəsində buna dözmək olmaz!
- Ustad, getdikcə lap mat qalıram. Mən o deyim tərzinə çoxdan alışmışam. İndi dilimi necə dəyişdirəcəyəm?
- Çalışmaq, qeyrət göstərmək lazımdır. Başqa cür mümkün deyil!
- Ancaq, ustad, belə xırdaçılığa qədər getmək vasvasılıq deyilmi?
- Yox, yox! Bu xırdaçılıq deyil. Bəlli bir ruhun, bir düşüncənin ifadəsidir. Diqqət yetir! İstibdad üsulu özünəxas danışıq tərzinə bəzək-düzək vermək üçün gör nə qədər çalışıb! Zülmkar rejimdə istər yazı, istərsə danışıq dili çox yüksək, çox bəzəkli, çox görkəmli və əzəmətlidir. Məqsəd də bir tərəfdən xalqı alçaltmaq, ona yazıqlıq, acizlik və qorxu aşılamaq, digər tərəfdənsə zülmkar rejimin özünü əzəmətli, vüqarlı, eyni zamanda qorxunc və dəhşətli göstərməkdir.