Səyavuş/Üçüncü pərdə

İkinci pərdə Səyavuş. Üçüncü pərdə
Müəllif: Hüseyn Cavid
Dördüncü pərdə
I SƏHNƏ


Ətrafda yalçın qayalar və yeşil ovalar… Uzaqda çoban düdüyü çalınır.

S ə y a v ü ş
(Bəhramla bərabər gəlir. Başında tunc dəbilqə var)
İştə ana yurdu, Turan ovası!
Yalçın qayalarda qartal yuvası!

B ə h r a m
Böylə mənzərələr İranda azmı?
Daha üstün desəm doğru olmazmı?

S ə y a v ü ş
Lakin Südabənin vəhşi ədası,
Kinli bir babanın ölüm cəzası
Qaçaq kibi etdi bizi dərbədər.

B ə h r a m
Unut, nə olmuşsa, həp keçər, gedər.
(Cibindən bir kağız çıqarır.)
Hiç aldırma, Əfrasiyab var olsun,
Məktubunu oqu, nasıl da məmnun!
О da saray, bu da!.. Nə farqı varmış,
Bəklər səni burda həp sevgi, alqış.

S ə y a v ü ş
Saray aləminə bəndə yoq həvəs,
Həpsi qanlı məhbəs, parlaq bir qəfəs.
Dayım gömdürsə də bizi altına,
Qoltuğa sığınmaq ağırdır bana.

Bu sırada kənardan qızların türküsü eşidilir.

Q ı z l a r
Bəyaz, pənbə, nazlı bir quş
Yalçın qayalıqda durmuş,
Boynunu, baq nasıl burmuş?
Kimi gözlər gövərçinim?
Bənim dilbər gövərçinim!

B ə h r a m
(heyrətlə göstərir)
İştə, gözəl, yosma qızlar!
Yayları var, oqları var.

S ə y a v ü ş
Həpsi ava çıqmış bəlli,
Bir az yoldan çəkilməli…

B ə h r a m
Nə gözəldir qadın səsi,
Könül açar şən nəğməsi!

S ə y a v ü ş
(mə’nalı ahəng ilə)
Əvət, qadın incə xilqət,
Alçalırsa, hiçdir fəqət.

Əfrasiyabın qızı Firəngiz və nədimələr türkü söyləyərək gəlirlər.

Q ı z l a r
Gövərçinim qanat açar,
Yüksək bulutlara uçar.
Rəqs edərək uçar, uçar,
Qayğı bilməz gövərçinim,
Enib gəlməz gövərçinim.
Zaman olur atar bəni,
Bir gülüşə satar bəni,
Birdən gözü tutar bəni,
Həmən qoşar gövərçinim,
Ruhu oqşar gövərçinim.

B i r i n c i n ə d i m ə
Firəngiz! Diyorlar Səyavüş gəlir

İ k i n c i n ə d i m ə
Bən də eşitmişim, fəqət kim bilir?

F i r ə n g i z
Diyorlar yenilməz qəhrəman imiş,
Adı-sanı dillərdə dastan imiş.

B i r i n c i n ə d i m ə
Diyorlar Südabə vurulmuş ona.

F i r ə n g i z
Demək, annə aşıq oğlum oğluna.

B i r i n c i n ə d i m ə
(ətrafa baqır)
Dur, о nə? Baqsana, maral yavrusu!

İ k i n c i n ə d i m ə
(nişan alır)
Ürkütmüşdür onu ölüm qorqusu.

F i r ə n g i z
(yayına oq qoyaraq)
Durun, diri tutmalıyım bən onu.
(Gedər.)
Şaşırdı, baq, dəyişdirdi yolunu.
Xızlı adımlarla gedərlər.

S ə y a v ü ş
(Bəhramla çıqaraq)
Həpsi bir-birindən sevimli dilbər!..

B ə h r a m
Şübhə yoq, saraya məxsus pərilər…

S ə y a v ü ş
О incə səslərin dalğalı şe’ri
Xatırlatdı bana anam Xubçehri.
Burda rast gəlib də avçılar ona,
Armağan götürmüş İran şahına.

T о s u n
(yaylı, oqlu bir dəliqanlı, əlində davşan ölüsü gəlir)
Gün aydın!

S ə y a v ü ş
Хoş bulduq, sənin adın nə?

T о s u n
Tosun…

S ə y a v ü ş
Əfrasiyab payi təxtinə
Yol çoq uzaqmıdır?

T о s u n
Xayır, pək yaqın.
(Yana baqaraq, məraqla)
О nə? Çevrəsini sarmışlar avın.
(İlərilər.)

S ə y a v ü ş
Dur, baqayım, gülərmi tale bana?
(Yayına oq qoyaraq qaya dibinə çəkilir, görünməz olur.)

T о s u n
(Bəhrama bağırır)
Afərin, afərin!

B ə h r a m
Nə var?

T о s u n
Baqsana!
Yoldaşın devirdi avı bir oqla.

B ə h r a m
(ilərilər)
О bir məharətmi?

T о s u n
Deyilmi?

B ə h r a m
Asla!

S ə y a v ü ş
Ah!..
(Səsi eşidilir.)

B ə h r a m
(qoşar)
О kimdir?

T о s u n
Arqadaşın vuruldu.

B ə h r a m
(gəlməkdə olan Səyavüşün qoluna baqaraq)
Yaranmı var? Ver baqayım, nə oldu?

S ə y a v ü ş
Oqla vurdu avçı qızlardan biri.

B ə h r a m
Hanki?

S ə y a v ü ş
(nədimələr ilə gələn Firəngizi göstərir)
Öndə gələn şu oynaq pəri!

F i r ə n g i z
(yaqlaşır, əlindəki vurulmuş maralı Səyavüşə uzatır)
Al, şu sənin!.. Bən ki, qıymazdım ona.

S ə y a v ü ş
İştə, əlverir bu mükafat bana.

F i r ə n g i z
(təlaş ilə nədimələrə)
Sarğı verin, çabuq!

S ə y a v ü ş
Bir şey deyildir.

T о s u n
(verir)
Al!

F i r ə n g i z
Gətir sarayım…

S ə y a v ü ş
İstəməz.

F i r ə n g i z
Gətir!
(Dərman qoyub yarayı sarar.)

T о s u n
(yardım edər, mə’nalı ahəng ilə)
Həm yaralar bizim qızlar, həm sarar.

S ə y a v ü ş
Onda cürət də var, mərhəmət də var.

F i r ə n g i z
(süzgün baqışla)
Avcığazı diri tutmaq istərkən
Bıraqmadın…

S ə y a v ü ş
Suçum çoqdur gücümdən.

B ə h r a m
(bir az sərt, Firəngizə)
Qarşılıq görürdün qız olmasaydın.

S ə y a v ü ş
Bəhram! Zəifliyin sözündən aydın.

F i r ə n g i z
(gülümsər)
Zəiflər daima gücdən bəhs edər.

S ə y a v ü ş
(Bəhrama)
Bu ən kəskin cəvab! Düşünsən, yetər.

T о s u n
İştə, Əfrasiyab da çıqmış ava,
Kimsə qalmamışdır bu gün sarayda.

F i r ə n g i z
Av için yararmı öylə dəbdəbə?
Qarşı çıqmış onlar həp Səyavüşə.

B i r i n c i n ə d i m ə
Əvət, doğru…

İ k i n c i n ə d i m ə
İştə, gəldi Piran da.

F i r ə n g i z
Haydi seyr edəlim biz də bir yanda.
(Çəkilmək istərlər.)

P i r a n
(gəlir)
Səyavüş? Sənmisin? Хoş gəldin, oğlum!
(Qucaqlar öpər, Bəhrama əl verər.)

F i r ə n g i z
(heyrətlə)
Səyavüşmü?!

P i r a n
(sarğıya baqar)
О nə?

S ə y a v ü ş
Çizilmiş qolum.

T о s u n
Həm yaralar bizim qızlar, həm sarar.

B ə h r a m
Öylə bir şey deyil, keçər…

P i r a n
(gələnləri Səyavüşə göstərir)
Baqsana!
İştə, bütün saray çıqmış qarşına.

S ə y a v ü ş
Təşəkkür!.. Az deyil lütfünüz bana,
Bilməm ki, layiqmi Səyavüş buna?

P i r a n
Hər könüldə sana hürmət bəslənir,
Adın Altay dağlarında səslənir.
(Əfrasiyab hökumət ərkanı ilə gəlir.)

P i r a n
(Səyavüşə)
Dayın Əfrasiyab, о şanlı xaqan!
(Əfrasiyaba)
Oğlumuz Səyavüş, adlı qəhrəman!

Ə f r a s i y a b
(Səyavüşü qucaqlar, öpər)
Хoş gəldin, bu yurda gətirdin səfa,
Qəhrəman Səyavüş!

H a m ı
Var ol, bin yaşa!

Ə f r a s i y a b
(ətrafındakılara)
İştə, həmşirəmin şahin yavrusu!
Parlar gözlərində zəfər duyğusu.

S ə y a v ü ş
Çocuq babasından qaçarsa, bəlli
Ana qucağında bulur təsəlli.

Ə f r a s i y a b
Əvət, İran sana baba ocağı,
Bu yurtda bulursun ana qucağı.
Şübhəsiz хor baqsa baba oğluna,
Ana köksü daim açıqdır ona.

G ə r ş i v ə z
Bu ölkənin qorqu bilməz elləri,
Kişnəyən atları, coşğun selləri,
Qartal yavruları səni gözlüyor,
Həp səninçin şanlı günlər özlüyor.

Pərdə


II SƏHNƏ


Əfrasiyab sarayında türk zevqinə uyğun bir salon.

Ə f r a s i y a b
Afərin Səyavüşə, dün vuruldum bən ona,
Vaqif imiş gerçəkdən bütün hərb üsuluna.

P i r a n
Bəsləmiş qucağında onu sənin həmşirən,
Sonra almış tərbiyə Rüstəm kibi yigitdən.

Ə f r a s i y a b
Çalış, mümkün olduqca, al da onun könlünü,
Unutsun keçənləri, хoş keçirsin beş günü.

P i r a n
Bəncə Səyavüş qızın Firəngizlə birləşsə,
Birləşir iki ölkə…

G ə r ş i v ə z
(son sözləri dinlər, alaycı tərz ilə)
Əvət, gözəl vəsfəsə!..

Ə f r a s i y a b
Firəngizlə Səyavüş görüşdülərmi?

P i r a n
(əli ilə rədd edər)
Asla!

Ə f r a s i y a b
О halda sən onların fikrini sor da, anla!

G ə r ş i v ə z
(acı və alaycı gülümsəyişlə)
Tezdir daha, bəkləyin, çocuq sanmayın onu,
Bir siyasət olmasa, atmaz baba yurdunu.

Ə f r a s i y a b
Yersiz şübhə!.. Bu səndə ikinci bir təbiət…

P i r a n
Səyavüşdən uzaqdır, hər hiylə, hər siyasət.

Əfrasiyabla Piran çıqar.

G ə r ş i v ə z
Gör bəndən daha əvvəl kimlər vəliəhd olur!?
Xayır, yaşatmam onu, umulmaz cəza bulur.
(Çıqar.)

Firəngiz nədimələrlə girir.

B i r i n c i n ə d i m ə
Firəngiz, Firəngiz! Nə olmuş sana?
Söylə, səni üzən hanki fırtına?

İ k i n c i n ə d i m ə
Bayğın gözlərində acı bir hal var,
Səyavüşdənmidir bu iztirablar?

F i r ə n g i z
О bir yıldız kibi aqdı könlümə,
Atəşli bir çiçək taqdı könlümə.
Əlimdən aldı səbrimi, uyqumu,
Alav dalğaları sardı ruhumu.
Çırpınan qəlbimə yardım eyləyin!
Dərdimi siz açın, ona söyləyin!..
İstəməm, istəməm, açmayın, xayır,
Bəlkə onun könlü başqasındadır?!

B i r i n c i n ə d i m ə
Xayır, sənsin onun dilək pərisi.

İ k i n c i n ə d i m ə
(qapıya baqar, arqadaşına)
Biz gedəlim, gəldi iştə kəndisi!

B i r i n c i n ə d i m ə
(Firəngizə)
Əmin ol ki, ələ düşməz bu fürsət.

F i r ə n g i z
Bilməm nə söyləyim?

İ k i n c i n ə d i m ə
Haydi, cəsarət!..
(Pərdə arqasına çəkilirlər.)

F i r ə n g i z
(əli alnında, şaşqın)
Uf, yadımdan çıqdı bütün sözlərim.

S ə y a v ü ş
(gəlir, vurğun bir ahəng ilə)
Sənmisin?.. Nihayət, güldü gözlərim.

F i r ə n g i z
Yaran nə haldadır?

S ə y a v ü ş
Həp sağalmamış.

F i r ə n g i z
(qoluna baqar, şübhəli gülümsəyişlə)
Hanı? Ondan bir iz belə qalmamış…

S ə y a v ü ş
Qəlbimdədir izi, görünməz gözə,
Sızlar, durur, gəlincə biz yüz-yüzə.
Bir kərrəcik səni avlaqda gördüm,
Sonra həp gözümdən iraqda gördüm.
Bütün qızlar bana yaqın olduqca,
Sən ürküb qaçırsın, səbəbsizmi ya?

F i r ə n g i z
(süzgün baqışla)
Qaçmaq da yaqlaşmaq için bir yoldur.

S ə y a v ü ş
Səyavüş о halda bəxtiyar olur.

F i r ə n g i z
Bəxtiyarmı!?

S ə y a v ü ş
Əvət, bir anlat bana,
Sənin də nisbətin varmı xaqana?

F i r ə n g i z
Bən bir misafirim bu aşiyanda,
Köçmək üzrəyim ən yaqın zamanda.

S ə y a v ü ş
Hanki bir diyara?

F i r ə n g i z
Kəndim də bilməm!?

S ə y a v ü ş
Tühaf bilməcədir! Almaz düşüncəm,
Hanki səyahətə çıqsa bir durna,
Bir gövərçin uçub qaçsa hər yana,
Yenə aqşam üstü bulur bir yuva…

F i r ə n g i z
(gülümsər, mə’nalı bir tevr ilə)
Şübhəlidir bənim için о mə’va.

S ə y a v ü ş
Sözlərin başqadır, gözlərin başqa…
(Əllərini yaqalamaq istər.)

F i r ə n g i z
(pərdə arqasına keçər)
Dur, gələn var, görüş qalsın sonraya.

S ə y a v ü ş
(gözləri ilə onu izlər, həyəcan içində)
Bən uymadım hər dilbərin kamına,
Uğradım çoqunun intiqamına.
Bilmədim ki, bir gün bənd olur könül
О şahin gözlərin ehtişamına.
Yürürkən sanki naz edər göylərə,
Səcdə etməyimmi хoş xuramana?
Ə f r a s i y a b , P i r a n , G ə r ş i v ə z və Tosun girir.
Bir gövərçin əsir etdi qartalı
Gözəllik namına, sevgi namına.

Ə f r a s i y a b
Nədir bu dalğınlıq, nə olmuş, oğlum?

S ə y a v ü ş
Saray həyatından artıq yoruldum.

P i r a n
Dayın həp şən görmək istiyor səni,
Burdan evləndirmək istiyor səni.

S ə y a v ü ş
Hər nəyə əmr etsə xaqan haqlıdır,
Lakin Səyavüşün qəlbinə, xayır…

G ə r ş i v ə z
Bəlkə İranda var başqa sevdiyi.

S ə y a v ü ş
Asla!..

Ə f r a s i y a b
(Tosuna)
Firəngizi çağırsan eyi,
Uzlaşsalar, düyün başlanır yarın.

P i r a n
Firəngiz gözüdür bütün qızların.

S ə y a v ü ş
Kimsəyə bən könül vermədim daha,
Yalnız bir avçı qız gördüm avlaqda.
Həmən könlümü bir baqışda çaldı,
Yadigarı iştə qolumda qaldı.

Ə f r a s i y a b
Bütün qızlar gəlsin!

P i r a n
(işarə eylər)
Olur, pək ə’la.

G ə r ş i v ə z
(ətrafa)
Ah, sevdiyi birdən Firəngiz olsa!?
Dəhşət daha kəskin olur şübhəsiz.

Q ı z l a r gəlir.

Ə f r a s i y a b
(Səyavüşə)
Hankisidir?

S ə y a v ü ş
İştə!..
(Firəngizi göstərir.)

Ə f r a s i y a b
(məmnun)
Qızım, Firəngiz!

S ə y a v ü ş
Bən misafir sandım onu sarayda.

Ə f r a s i y a b
Yanlış da bir naxış!..

P i r a n
Əvət, öylə ya,
Həyat səhnəsində həp misafiriz.

Ə f r a s i y a b
(Firəngizə)
Sən də könlünü aç!

F i r ə n g i z
Siz vəkilsiniz.

Ə f r a s i y a b
Afərin, pək gözəl cəvab, afərin!
(Qolları arasına alır. Sonra vəzirə.)
Piran! Uğurludur sənin əllərin,
Dəyişdir bunların bazubəndini,
İcra olunsun da nişan ayini.

P i r a n
(Səyavüşün bazubəndini Firəngizin qoluna, onunkunu da Səyavüşün qoluna taqar.)
İştə, ruhlardakı duman savuşdu,
İki yıldız bir-birinə qavuşdu.

G ə r ş i v ə z
(Tosuna, kinli)
Xayır, xayır, mümkün deyil bu asla,
Gərək dağılsın şu uğursuz yuva!..

T о s u n
Fikrin nədir?

G ə r ş i v ə z
Onu göstərir zaman.

P i r a n
İştə, alqışlara layiq bir nişan!

Ə f r a s i y a b
Səyavüşə tac və xəl’ət verilsin.

S ə y a v ü ş
İstəməm, sadəlik хoşdur bənimçin,
İranda da vardı tacım, xəl’ətim,
Həp bıraqdım, həzz etmədi xislətim.

Ə f r a s i y a b
Niçin bıraqdın? Pək uğursuz şeymi?

S ə y a v ü ş
Sıqdı bəni altın bir zəncir kibi.

Ə f r a s i y a b
Haydi bəndən böyük bir rütbə istə!

S ə y a v ü ş
Gözüm yoqdur bənim hiç bir rütbədə.

P i r a n
Cəngavərlik daha хoş gəlir ona.

Ə f r a s i y a b
Göndərəyim səni Çin hüduduna;
Böyük bir vilayət isyan içində
Həp çırpınıb durur al qan içində.

S ə y a v ü ş
Al qan içindəmi? Səbəbsizmi ya?

Ə f r a s i y a b
Yasamızı kimsə almıyor saya.

S ə y a v ü ş
(məğrur)
Bir ay belə sürməz о qanlı dalğa.

G ə r ş i v ə z
(ətrafa)
Cənazən gömülər orda toprağa.

P i r a n
(əlini Səyavüşün omuzuna qoyaraq)
Səyavüş söndürür onu şübhəsiz.

Ə f r a s i y a b
(qızını süzərək)
E’tiraz etməzmi buna Firəngiz?

F i r ə n g i z
İki könül birsə, diləklər də bir.

Ə f r a s i y a b
Gedin, birlik sizə səadət verir.
Gedirlər.

B i r i n c i v ə z i r
Fikrin nədir?

İ k i n c i v ə z i r
Onu göstərər zaman.

G ə r ş i v ə z
İştə alqışlara layiq bir nişan,
Xayır, xayır, mümkün deyil bu asla,
Dağılsın gərək şu uğursuz yuva.

Pərdə