Sadəlövh nökər
Sadəlövh nökər Müəllif: Seyid Əzim Şirvani |
Seyyida, olma əhməq ilə yar,
Ta səni əhməq etməsin zinhar.
Belə təqrir edibdir əhli-bəyan-
Ki, müəssirdir ülfəti-insan.
Elə təsdiq kim, bu söz həqdir,
Əhməqin yoldaşı həm əhməqdir.
Əhməqin yoxdur əql ilə karı,
Bilməz əhməq səyaqi-göftarı.
Sən deyərsən ki, asimandır bu,
O deyər, ari, risimandır bu,
Guş qıl kim, bu xoş rəvayətdir,
Gərçi bir müxtəsər hekayətdir:
Var idi bir əmiri-sahibzər,
Muzd ilə saxlamışdı bir çakər.
Leyk ol çakər əhməq idi, zəbun,
Fəhmdən dur, huşdən məğbun.
Dedi bir gün əmir o gümrahə-
Ki, filan kimsə gəlsə dərgəha,
Məni səndən sual qılsa əgər,
Degilən evdə yoxdu, getdi səhər.
Başa düşdünmü mən deyən hali,
Yaxşı oldunmu bu sözə hali?
Dedi: - Düşdüm başa bunu, amma
Nə deyim gəlməsə bəs, ey mövla?