Siçan və balası

Siçan və balası
Müəllif: Seyid Əzim Şirvani


Bir ədəd bikəmal bəççeyi-muş –
Ki, hənuz olmamışdı sahibhuş,
Görməmişdi ziyayi-dünyanı,
Eyşü zövqü səfayi-dünyanı,
Bir zaman bixəbər anasından,
Çıxdı dışarı öz yuvasından.
Seyr edərdi o kühu səhranı,
Hər tərəf eyləyib tamaşanı.
Ta ki oldu o xürdsalə əyan,
Bir xürus ilə bir pişik o zaman.
Pişiyi gördü oxşayır özünə,
Xoş göründü pişik onun gözünə.
İstədi eyləsin ona ülfət,
Leyk qıldı xürusdən vəhşət.
Qaçıban girdi öz yuvasına,
Macəranı dedi anasına,
Key olan rahəti-rəvanım ana,
Ey təni-zarıma təvanım ana,
Çıxmış idim bu gün səyahətə mən,
Leyk oldum düçar möhnətə mən.
Rast gəldim mən iki heyvanə,
Üz verib qəm məni-pərişanə.
Biri qayətdə xoşnüma idi,
Sanki məhbubi-dilrüba idi.
Bığlarında həcaməti var idi,
Biz tək əslü nəcabəti var idi.
Eylədim ülfətinə çox rəğbət,
Leyk yarından eylədim vəhşət.
Ku-kələk açdı hərzəvü pürmu,
Hər zaman eyləyirdi quqqulu-qu.
Gah qanadlarını döyürdü yerə,
Xişm edəndə dönürdü şiri-nərə.
Vardı başında şöleyi-atəş,
Ürəyim ondan eyləyirdi ğəşş.
Dedim: - Ey tarı, ver qanad mənə,
Ver bu bədbəxtdən nicat mənə.
Qaçıb ol xəsmdən məni-qafil
Şükr oldum yuvamıza daxil.
Olmasaydı əgər o pür pərü bal,
Mənə hasil olurdu yarə vüsal.
Dedi: - Ey novrəsideyi-madər,
Rahətü nuri-dideyi-madər,
Vəhşətin biməqamü bicadır,
Ol xürusi ki, rəğbət-əfzadır –
Ki, onun yoxdu bir ziyanı bizə,
Bəlkə var rahəti-rəvanı bizə.
Sübh vəqtində tez durub bannar,
Annıyanlar işarəsin annar,
Sənə amma o xoş gələn heyvan
Düşməni-muşdir mühili-zaman.
Ey bala, ondan ehtiraz eylə,
O mühil ilə ülfət az eylə.
Cəfər, ey sərvi-bustani-pədər,
Güli-xoşətri-gülsitani-pədər,
Var elə şey ki, xoşnümadı sənə,
Leyk batində bir bəladı sənə.
Var elə şey ki, xoş gəlir gözüvə,
Leyk anın ziyanı var özüvə.
Necə kim, “Dastani-bəççeyi-muş”.
Oxusan eyləyər səni mədhuş.