Siçan və pişik (şeir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Siçan və pişik Müəllif: Seyid Əzim Şirvani |
Var idi bir şəhrdə bir bəd pişik –
Kim, yox idi bir belə mürtəd pişik.
Muşlərə zülmün edib aşikar,
Göndə edərdi neçə muşi şikar.
Gəlmiş idi təngə siçanlar hamı,
Eylədilər dəfi-qəmə əncamı.
Cəm oluban eylədilər məşvərət,
Gördülər axır bu işi məsləhət –
Kim, tapalar bir cərəsi-pürsəda,
Eyləyələr çareyi-dərdü bəla.
Bağlayalar zəngi pişik boynuna,
Zəng eləyə gürbə gələndə səda.
Gürbə gələn vəqt siçan tutmağa,
Zəngin ola ta ki səsi bərməla.
Qaçıb girə hərə öz yuvasına,
Düşməyələr ta pişik bəlasına.
Cümlə bu tədbirə dedi: - Mərhəba!
Tapdıla bir zəngi-qəvi, pürsəda,
Ərz elədi ta o zaman bir siçan:
Ey sizə qurban ola bu natəvan!
Etdiyiniz yaxşı sərəncamdır,
Kim deyəcək püxtə deyil, xamdır?
Kimdir o sizdən ki, doya canına,
Qoya qədəm ol pişiyin yanıan?!
Kimdə o cürət olu, kimdir o kəs,
Ta pişinin boynuna assın cərəs?
Qaldı o dəm matü məəttəl hamı,
Bilmədilər dəfi-qəmə əncamı.
Eyləmə, Seyyid, bu sifət fikri-xam,
Olma siçanlar kimi sən də əvam.
Fikrə düşüb etmə xəyali-məhal,
Etmə qəvi-çənk ilə fikri-cidal.