Sirlər xəzinəsi/İkinci söhbət

Birinci söhbət İkinci söhbət
Müəllif: Nizami Gəncəvi
Üçüncü söhbət


ƏDALƏTLİ VƏ İNSAFLI OLMAQ HAQQINDA ŞAHA NƏSİHƏT redaktə

Sən, ey canlı aləmə bəxtiyarlıq gətirən!
Gövhər taclı şahları şan-şöhrətə yetirən!
Şahsan, şah cəlalınla nurlar ələ gözə sən,
Gövhərsən, ülviyyətin öz tacını bəzə sən.
Dünyanın o başına yol gəzdilər havayı,
Bu sirri bilən yoxdur məndən, səndən savayı.
Əzəliyyət nuruyla gülən gündən bu varlıq
Kimə nəsib səndəki səadət, bəxtiyarlıq?!
Dünyanın əşrəfisən, dünya mülkü sənindir,
Dünyanın hər neməti, varı, bil ki, sənindir.
Yenilməz pəhləvansan, dünya sənlə öyünər,
Açıq qəlbin köksündə iftixarla döyünər.
Fələyin dövranından öz dövranın mətin ki, -
İki dünya qüdrətdə sənə çatar çətin ki,
Səhər niyə silibdir güzgüsünü görəsən?!
İstəyir aynasında öz üzünü görəsən!
Müqəddəs mehrabındır fələk durub keşikdə.
Səni öz körpəsitək yürgələyir beşikdə.
Sənsən könül quşu da, İsanın nəfəsi də,
Bəşərin öz hüsnü də, eşqi də, həvəsi də.
Camalını görüb ki, belə şadlanır günəş,
Eşqinin atəşiylə yanıb odlanır, günəş.
Telinin həsrətindən canı üzülər ayın,
Görsə nurlu üzünü çöhrəsi gülər ayın
Bəxtiyarsan hamıdan, ömrün boyu şad yaşa,
Qul deyilsən dünyaya, qüssədən azad yaşa,
Yumşaqlığın torpaqtək qoy hamıya xoş olsun,
Müqəddəslik özü də bir şahlıqdır dünyada.
Məslək, inam, dəyanət gərək hər bir insana,
Sədaqəti töhfətək verək hər bir insana.
Məslək eşqiylə yanan qəlb ki vardır həyatda,
Dünyanın o başından xəbərdardır həyatda.
Məslək ilə sənindir ölkə də, bu cahan da,
Bəxtiyarsan onunla bəlkə də bu cahanda.
Dünyanı məslək ilə almaq asandır, asan,
Azğın divin məkrinə gərək aldanmayasan.
Kəhrəbaca məsləki kimin deyildir bəsi?
Bircə batman qızıldır inamın hər zərrəsi.
Sərvətin qara torpaq, bir qara daşdı sənə.
Məsləkin həm qızıldı, həm də qaş-daşdı sənə.
Sənə nemət verən kəs hər qayğına qalandı,
Bir verib on alarmı, on verib bir alandı.
Məsləkindən savayı, bil ki, yoxdu qazancın,
Əgər varsa məsləkin, demək çoxdu qazancın.
Dözümü, yumşaqlığı, təmkini yerdən öyrən,
Hər şeydən vaz keçməyi əsən yellərdən öyrən.
Şahlıq verən buyurub: tut bu məslək yolunu;
Ədalət sahibləri tutdu məslək yolunu.
Məsləhətə möhtacdır ədalət hər bir zaman,
Xalqa zülmün amansız cəzasından dad, aman.
Can yandırsan orduna, məmləkətə, yurduna,
Arxalana bilərsən öz xalqına, orduna.
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,
Ədalət səadətlə abad eylər ölkəni.
Qiyamətin cəzası gözlər hökmranları,
Unutma haqsızlıqla axıtdığın qanları.
Xəcalətdən haraya qoyarsan başını sən?
Xalqı çıxart ağ günə, at zülmün daşını sən.
Ağlını eyş-işrətdə məst eləyib yatırsan,
Öz qurtuluş gəmini fırtınada batırsan,
Gücünlə gücsüzləri talayıb, çapıb, soysan,
Zülmünlə yetimləri çörəyə möhtac qoysan,
Kim çatar qiyamətdə dadına, fəryadına?
Çıxılmaz, xəcalətli gününü sal yadına.
Kafirliyə uyma ki, düz gətirsin hər işin,
Atəşpərəst üz tutar səcdəsinə günəşin.
Bu günəş bir sarı top, zırnıq oyuncağıdır,
Qoynu illət açılmış bir qadın qucağıdır.
Doqquz mıxlı çadırın həngaməsi, oyunu
Zırnıqlı gəlinciyin hoqqasıdır, bil bunu.
İsatək bu çırağı söndür öz nəfəsinlə.
Onsuz yanan çıraqsan eşqinlə, həvəsinlə.
Qanadını yandırma bu şama pərvanətək,
Həsrət qoyar arzuya, hər kama pərvanətək!
Dördüncü asimanı İsatək yarsan özün,
Günəşə yüksələrək günəş olarsan özün.
Bu dünyanın nəbzini kim tutsa İsa kimi
İnsafı, mürvətiylə olar dünya hakimi.
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
Ədalətin - müjdəçi, bu dünyanı şad eylər,
Ədalətin işidir, - ölkəni abad eylər.
Məmləkətin dayağı ədalətdir hər zaman,
Ədalətlə nəsibin səadətdir hər zaman.

NUŞİRƏVANLA VƏZİRİ VƏ BAYQUŞLARIN SÖHBƏTİ redaktə

Nuşirəvan qoşunla çıxmışdır bir gün ova,
Ayrıldı dəstəsindən atla ov qova-qova.
Şahın yaxın həmdəmi artıq yalnız vəzirdi,
Hər ikisi at çapıb, ovlaqda ov gəzirdi.
Çatdı düşmən qəlbitək viranə bir yurda şah.
Tapardı axtardığı hər şikarı burda şah.
İki bayquş səs-səsə verərək ulayırdı,
Qəlbləri şah qəlbitək nəsə "arzulayırdı".
Şah soruşdu vəzirdən: "Nə danışır bu quşlar?
Bir-birinə nə deyir, nə söyləyir bayquşlar?"
Vəzir cavab verdi ki: "Zamana şahsan özün.
Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün.
Səsləri nə müsibət, fəlakət salmır yada?
Nigah-kəbin, cer-cehiz söhbəti var arada.
Bu quş onun oğluna ərə verir qızını,
İndi başlıq istəyir işə salıb ağzını:
"Bu xaraba kənd nədir, bir qıza azdır," deyir,
"Kəbin haqqı" bir neçə xaraba yazdır", deyir.
Elçi gələn quş deyir: "Şərikəm hər sözünə,
Şahın zülmkarlığı bəllidir yer üzünə.
Qanlar tökən görürəm şahı gündə yenə mən.
Yüz min belə xaraba kənd verərəm sənə mən."
Bu sözlər atəş kimi yandırdı, yaxdı şahı,
Elə fəğan qopardı göylərə qalxdı ahı.
Ağladı, ikiəlli qapaz saldı başına,
Nahaq qanlar zalımı qərq edər göz yaşına.
Zülmünü yada salıb, dişlədi barmağını:
Quşlar da eşidibdir zülmünün sorağını.
Var üçün insan nəsli bu obadan silindi.
Toyuq qaqqıldayırdı, bayquş ulayır indi.
Dünyaya uymuşam ki, qəflətdəyəm hələ mən.
Peşman-peşman başıma gərək döyəm hələ mən.
El varını soymuşam, xalqa divan tutmuşam,
Ölməyi, son mənzili büsbütün unutmuşam.
Talan, qarət dalınca haçanacan qaçım mən,
Əməlimlə, başıma-olmaz oyun açım mən?
Şahlığı, məmləkəti Tanrı verib baxtıma.
El nifrət yağdırmasın qoy tacıma, taxtıma.
Mis deyil, qızıl sikkə nəsib olub adıma.
Bu qədər haqsızlıqla haq çatarmı dadıma?!
Zülmkartək tanınım eldə, obada niyə?
Ömrü zülmkarlıqla verim mən bada, niyə?
İndən-belə qəlbimdə mərhəmət olsun gərək,
Tanrıya, ya özümə bir hörmət olsun gərək.
Haqsızlığın həddini lap aşmışam daha mən,
El gözündə dönəcəm ən yaramaz şaha mən.
Yanmalıyam, yanmalı, gör kimə yanır qəlbim?!
Qiyamətdə yanacaq qəlbimə yanır qəlbim.
Qılıncımla elləri biçməyim bəsdir daha,
Alçalıb insan qanı içməyim bəsdir daha.
Talançıyam, fəxr edib öyəcəyəm özümü?
Qiyamətdə sorsalar, döyəcəyəm gözümü.
Xəcalətəm, mümkünmü daha şadlana qəlbim?
Daşqəlbliyəm, mümkünmü dönməsin qana qəlbim?
Qaxıncam, nalə, fəryad qopardığım budur, bu!
Qiyamətə özümlə apardığım budur, bu!
Öz köhlənim özümü tapdayacaq orada.
Can zülmün cəzasına tablayacaq orada?
Saysız xəznə yığmışdı qılıncının zoruna.
Ondan Samla Firidun nə apardı goruna?
Dünyaca var-dövlətim sayılarmı dünyada?
Dünyadan apardığım bir şey varmı dünyada?"
Şah bir odlu məşəldi, yandı yalı köhlənin,
Nəfəsindən əridi polad nalı köhlənin.
Şahanə dəbdəbəylə sarayına yetişdi,
Şəfqətilə hamının harayına yetişdi.
Bir yolluq qələm çəkdi bac-xəracın üstündən,
Son qoydu haqsızlığa, ellər çıxdı pis gündən.
Ədalət göstərərək atdı sitəmkarlığı,
Ömürlük arzusuydu elin bəxtiyarlığı.
Taleyin imtahanı canını alan oldu,
Ədaləti dünyada əbədi qalan oldu.
Ülviyyət aləmində yenə də şahdır özü,
Şan-şöhrət sikkəsinə yazıldı "adil" sözü.
Bəxtiyar hökmdardı, tarixdə qaldı adı,
Kim ki adil şah oldu, belə ucaldı adı.
Hər ürəyi sevindir, xürrəm yaşa dünyada,
Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada.
Günəşi oyadanlar xoşbəxt olsun sayəndə,
Dosta səadət olsun fikrin, zikrin, qayən də,
Dərdlərin təbibi ol, məlhəm qoy hər yaraya,
Yiyələn taxta, taca, həşəmətli saraya.
Eşqinlə atəşə dön, nifrətinlə buza dön,
El yolunda günə dön, aya dön, ulduza dön.
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə.
Hər əməlin üstündən sanma keçəndi dövran,
Hər yaxşını, yamanı yaxşı seçəndi dövran.
Ülviyyətə qulluq et, günah dalınca varma,
Günahkar insan kimi boyun büküb yalvarma.
Ömür keçib gedəndi, dünya qalandı sənə?
Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.
Hər üzrün, yalvarışın - hiylə, kələk, aldanış.
Quru sözdən nə çıxar? İşdən, əməldən danış.
İşlər sözlə düzəlsə, hər iş də düz gələrdi,
Nizami hünəriylə göylərə yüksələrdi.