Sirlər xəzinəsi/Dördüncü söhbət

Üçüncü söhbət Dördüncü söhbət
Müəllif: Nizami Gəncəvi
Beşinci söhbət


HÖKMDARIN XALQA QAYĞISI VƏ ƏDALƏTİ

redaktə

Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi.
Eyş-işrətlə vurursan öz ömrünü sona sən,
Fələk qatıb başını, oyuncaqsan ona sən.
Quranı, qılıncını bir kənara atmısan,
Əlində cam, sürahi nəşəylə baş qatmısan.
Nə güzgün, nə darağın bir an əldən düşəndir,
Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.
Rabiyə olmasaydı xilaskarı, köməyi,
Susuzluq təşnə düzdə öldürərdi köpəyi.
İgidsənsə, kişilik adından utan barı,
Ərsiz hünər göstərən qadından utan barı.
Qul olmusan iblisə, qəlbə girən şeytana,
Əl atırsan fitnəyə, iftiraya, böhtana.
Öyünmə ki, igidsən, hər gözə iti oxsan,
Bədbəxtin birisən ki, bir qadınca da yoxsan.
Ağıl-kamal bəsləməz igidliyə ədavət.
Hünər də, igidlik də ədalətdir, ədalət.
Hamı sirab, sən təşnə, təşnə halla öyünmə,
Öz üzündə olmayan gözəl xalla öyünmə.
Sən ki fələk deyilsən, cəza hökmü yazırsan,
Cəza hökmü yazmaqla hər cəzaya hazırsan.
Ədalətin ucaltsın qoy nəslinin adını,
El gözündən salmasın özünü, övladını.
Haqsızlığa uyaraq günaha batmaq nədir?
Qan töküb, zalım olub, abrını atmaq nədir?
Bundan əzəl öyündün, qılıncını şaxıtdın,
Neçə igid öldürüb, nahaq qanlar axıtdın.
El gücü - sel gücüdür, hər an çəkin bu seldən,
Yataqda da can alar qisas oxu qəfildən.
Xalqa divan tutanı divan gözlər hər yanda,
Məzlumların fəryadı qorxuludur cahanda.
Hindli ərlər vermədi canlarını sadağa,
Saldı Sultan Mahmudun sağ canını yatağa.
Xalq intiqam fikrindən çox çətin ki, daşına,
Nə müsibət gətirər, qisas sənin başına.
Məslək əri həmdəmdi mələklərin özüylə,
Yumurtaya can verər tısbağa öz gözüylə.
Qılınc çəkib yerimə məzlum kəsin üstünə,
Hər səhər qarğış oxu tökülməsin üstünə.
Dünya özü zalımdır, zülm eləyir varlığa,
Ədalət hakimliyi qalıb hökmdarlığa.
Kim ki zülmün evini bərbad edib indidən,
Öz sabahkı evini abad edib indidən.

QARI VƏ SULTAN SƏNCƏR DASTANI

redaktə

Haqsızlığın odunda bir qarı yandı oda.
Səncərin ətəyindən yapışdı bir gün o da:
"Zülm əlindən qalmışam mən zarıya-zarıya,
Zülmün divan tutdurur bir köməksiz qarıya.
Kefli-kefli qapımın ağzını kəsdi darğan,
Təpiklədi doyunca, o ki var, əzdi darğan.
Bir günahım olmadan çölə atdı daxmadan,
Sürüklədi saçımdan fəryadıma baxmadan.
Mən zülmün zindanında qansız gördüm yağını,
Ürəyimə, canıma basdı zülmün dağını.
Dedi: "Ey qozbel qarı, söylə, filan gecədə
Filankəsi öldürən kimdi sizin küçədə?"
Evimi çox axtardı, - qatil hardadır, - deyə,
Bu müsibət, həqarət sığarmı yerə, göyə?
Darğan sərxoşluq edir, el-obada qan olur,
Bir günahsız qarıya dözülməz divan olur.
Əyyaşlıqla soyurlar el varını darğalar.
Divana da çəkirlər bir qarını darğalar.
Bu zülmə, haqsızlığa dözmək çətindir, çətin,
Mənim abrım tapdanır, səninsə ədalətin.
Bu yaralı sinəmdə əzilməmiş yer hanı?
Ruhum uçub bədəndən, tapşırıram bu canı
Sən dadıma çatmasan, şah demərəm adına,
Qiyamətin günündə çatmasınlar dadına.
"Dad, aman", deyə-deyə qalan görüm səni mən,
Zülmünün cəzasını alan görüm səni mən.
Hər elin hökmdarı el dərdinə qalandı,
Zülmün hara çatıb ki, var-yoxumuz talandı.
Yetimlərin malını talamaqdır işin də,
Abxazları soymusan, şirə qalıb dişində.
Qarıların nəyi var, quldurluqdan sən utan!
Utan, utan, onların ağ birçəyindən utan!
"Şaham" deyib öyünmə, sən ki qulsan tamaha.
Viran qoydun elləri, şah olmaz səndən daha.
Şah elin hər işini nizama salsın gərək,
Həmişə öz xalqının qeydinə qalsın gərək.
Hökmünə, fərmanına baş əyər hamı onda,
Sevib, sonsuz məhəbbət bəsləyər hamı onda.
Aləmi alt-üst edib, talamısan elləri,
Xalqa xeyrin dəyibmi şah olan gündən bəri?
Şan-şöhrəti dünyaya sığışmazdı türklərin,
Ölkəsi ədalətlə güllü yazdı türklərin.
Zalımlığın bəllidir, işin-peşən talandır.
Sən ki hindli quldursan, türk olmağın yalandır.
Zavallı əkinçinin xırmanı dənsiz qaldı,
Şəhərli ev-eşiksiz, yurdsuz, məskənsiz qaldı.
Ölüm gələr, qorxudan saralarsan, solarsan.
Əllərini qaldırıb sən də təslim olarsan.
Ədalətin - gecənə nur saçan aydı sənin.
Bu günün - sabahına haydı-haraydı sənin.
Xoş sözündən sevinsin ağbirçəkli qadın da,
Ağbirçəyin sözünü yaxşı saxla yadında:
"Zavallı məzlumların var-yoxunu talama.
Dərdlilərin oxunu öz sinənə qalama.
Künc-bucaqda qalana sən bu qədər atma ox.
Yoxsulların ahından, qarğışından çəkin, qorx!
Səadət qapısını açmağa yaranmısan,
Sanma sitəm dalınca qaçmağa yaramısan
Hökmdar olmusan ki, yetişəsən haraya.
Daim məlhəm qoyasan hər sızlayan yaraya,
Məzlumlar güvənirlər şöhrətinə, adına.
Sən də yetiş onların köməyinə, dadına.
Nəfəs dərən sailin nəfəsini dinlə sən,
Dünyadan bezənləri süzmə gendən kinlə sən.
Qoy səltənət mülkündə əsməsin qara yellər,
Qoy kəramət tacını başında görsün ellər",
Xorasanda Səncərin zülmü elə car oldu,
Eşitmədi bunları, bəlaya düçar oldu.
İnsan indi taparmı, arasa ədaləti?
Zümrüd quşu aparıb harasa ədaləti.
Haqsızlıq arsız göyü heyran qoyubdur indi,
Torpaq zülmün əlindən cana doyubdur indi
Nizami, etirazın həddini aşdı yenə,
Qana dönmüş qəlbində qan seli daşdı yenə.