Sirlər xəzinəsi/On birinci söhbət

Onuncu söhbət On birinci söhbət
Müəllif: Nizami Gəncəvi
On ikinci söhbət


DÜNYANIN VƏFASIZLIĞI

redaktə

Yıx taxtını amansız bir taxtdır bu fələk,
Vəfa yoxdur zərində, nərdtaxtadır bu fələk.
Açmaz vüsal qapısın ömür başa gəlincə,
Zəri səni saraldar bircə qoşa gəlincə.
Söylə, girmək neçindir bu dalğalı dəryaya?
Başdan aşıb fırtına, tapşır malı dəryaya.
Laçın deyib sonaya: "Səhra qoynu gözəldir."
Sona deyib: "Əlvida! Dərya qoynu gözəldir"
Sükançısan fəlakət gəmisinə əzəldən,
Üzmək üçün verilib gəmi sənə əzəldən.
Sür gəmini sahilə, qoyma canı dəryada,
Su dolmamış ağzına çörək hanı dəryada?
Aman verməz bir küncə, sığınmağa bu cahan,
Yelbeyin bir zalımdır, olub ağa bu cahan.
Yox qılığı zərrəcə, istəyindən dad onun:
Ayaq basma mülkünə, ad sənindir, dad onun.
Fələk çadır qurubdur, gendən xoşdur süfrəsi.
Qan qoxuyur kasası, daim boşdur süfrəsi.
Bu süfrəyə baxanlar ağzı bağlı gedibdir,
Ondan söhbət açanlar dili dağlı gedibdir.
Kəcavəsi bomboşdur, zəngi gürlar bir belə,
Kasasında nə var ki, milçəyi var bir belə?!
Kasasında olanın kim dadına baxıbdır,
Kəlləsini üzüktək barmağına taxıbdır.
Sanma daim doğruluq hökm eləyib cahana,
Fitnə-fəsad, oğurluq hökm eləyib cahana.
Fənalığın evini seçib dalda özünə,
Bəxtiyarlıq axtarma qilü qalda özünə
Bacasından tüstüsü hey daransın dünyanın,
Kaftar qarı - içində qoy daransın dünyanın
Dünya deyil uşağın, bu ki, bəlli əzəldən
Onu niyə qucmusan ikiəlli əzəldən?!
Bu dünyanın üstünə çəkib qələm, şad yaşa!
Möhnətinə, dərdinə duyma ələm, şad yaşa!
Uzaq yola çıxırsan, mənzilin çox uzaqdır,
Azuqəni hazırla, son mənzil - ölüm haqdır.
Bu səhra yatağıdır, diyarıdır divlərin,
Məhşər yaxan təşnələr şikarıdır divlərin
Bir dirilik çeşməsi - ciyər qanı onlara,
Odlu günəş bəxş edib nəməkdanı onlara.
Tamahkarın ətindən kabab verər bu səhra,
Gözün duzlu suyundan şərab verər bu səhra.
Şoran düzü susuzluq nəməkdana döndərər,
Ödü suya döndərər, qəlbi qana döndərər.
Bir yolun ki, qorxusu bağrı yara həmişə,
Quldurları soxular karvanlara həmişə.
Alov dolar nəfəsə div yatağı bu çöldə,
Ürəkləri tövşüdər qəm otağı bu çöldə.
Hansı kəs ki, bu düzdə od içində yeriyib,
Ciyəritək qovrulub, ödü kimi əriyib
Dünya sənin məhşərin, gəzmə atəş üstə sən,
Cəhənnəmi verərək, cənnətini istə sən.
Qubar olar, toz olar gil heykəlin bir zaman,
Tapdaq olar ruzgara, bil, heykəlin bir zaman.
Külə dönər sənin də hamı kimi varlığın,
Yoxa çıxar məclislər şamı kimi varlığın.
Yaranmısan torpaqdan, dönməlisən torpağa,
Dönmə yerin başına, enməlisən torpağa.
Ayaqlayıb əzmə sən gəzənləri torpaqda.
Torpaq özü əzibdir əzənləri torpaqda.
Bu dünyadan heç zaman can aparan olmayıb,
Onun sonsuz yolunu sona varan olmayıb.
Başdan-başa tikandır, tikan üstə gəzmə sən.
Tikan batmaz ayağa tikan üstə gəzməsən.
Hər xətəri dəhşətdir bu dəhşətli məkanın,
Vahiməsi harda var bu vəhşətli məkanın?!
Beşgünlük mənzilini yıxar seli dünyanın,
Baharına yağıdır səmum yeli dünyanın.

MÜDRİK MÖBİDİN HEKAYƏTİ

redaktə

Atəşpərəst bir möbid Hindistanı dolaşdı.
Bahar çağı ətirli gülüstanı dolaşdı.
Hər tərəfi naxışlı kaşanəydi gördüyü,
Cah-cəlallı diyardı, gör ki, nəydi gördüyü
Qönçə zalım fələktək hey qan içir doymayır,
Ömrü necə gödəkdir - yazıq lalə duymayır.
Göy çəmənin çırağı, məşəlidir gül-çiçək,
Qəndab qatıb meyinə - nəşəlidir gül-çiçək.
Yaralayıb öz oxu - can üstədir gül indi,
Söyüd qorxub canından, tökür başa gül indi.
Öz saçından bənövşə kəmsik salıb boynuna,
Xumar gözü nərgizin dirhəm səpir qoynuna.
Gül - firuzə, laləsə gövhər ovur çəməndə,
Solacaq, gülsələr də bircə hovur çəməndə.
Həyatları həyatda bircə ana bağlıdır,
Düşünən yox son günü, bu cahana bağlıdır.
Qoca möbid tərk etdi cənnət təki bu bağı,
Sonra da seyrə gəldi cənnətdəki bu bağı:
Köçüb bülbül, solub gül, gülşən varmı dolaşa?
Haray-həşir salıbdır qarğa-quzğun, dolaşa.
Behişt olub cəhənnəm, büsat zaya gedibdir,
Haman qəsrin qeysəri kəlisaya gedibdir.
Otlar necə yanıbsa - kül topası yerində.
Topa-topa tikanlar - gül topası yerində.
Vaxtsız solan güllərdən qəlbi qubar bağladı,
Puç varlığa gülərək öz halına ağladı.
Hansı varlıq əbədi qalan olub həyatda?
Hər varlığın həyatı talan olub həyatda.
Nə ki, sudan, torpaqdan baş qaldıran olubdur.
Öz başına axırda daş saldıran olubdur.
Xarabatın yolundan varmı məyər yaxşı yol?
Xarabata üz qaysam, hamı deyər: "Yaxşı yol."
Müdrikliyin qüdrəti görk elədi özünü,
Yaradanı tanıdı, dərk elədi özünü.
Vaqif oldu sirlərə, şübhələri sovuşdu,
Ülvi eşqin yolunda öz əslinə qovuşdu
Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən,
Bir günəşin eşqindən zərrəcə məst deyilsən.
Kaş ki, hindli möbidtək dərk edəsən dünyanı.
Bu dünyaya uymadan tərk edəsən dünyanı.
Nə vaxtadək gül kimi başda yaşar qürurun?
Beldə kəmər, başda tac, başdan aşar qürurun?
Öz əlinlə belindən aç kəməri gül kimi,
Dünya bələr qanına tac kəməri gül kimi.
Tacla kəmər canını salar lova cahanda, -
Xarabatın eşqinə ver girova cahan da.
Tacın varsa gül kimi, hələlikdir, hələlik!
Belə kəmər vurmağın köləlikdir köləlik!
Ağalıqdan, qulluqdan çalış azad yaşa sən,
Nizamitək ülviyyət mülkündə şad yaşa sən.