Sirlər xəzinəsi/On dördüncü söhbət
←On üçüncü söhbət | On dördüncü söhbət Müəllif: Nizami Gəncəvi |
On beşinci söhbət→ |
HAQSIZLIQ VƏ DOĞRULUQ
redaktəEy öküzə, ulağa harınlıqda tay olan!
Ömrü, günü qəflətdə, gecə-gündüz zay olan!
Batıb-çıxan Günəşin gərdişindən xəbərsiz!
Bu lacivərd göylərin hər işindən xəbərsiz!
Müdriklər əməliylə şöhrətidir aləmin,
Nadanlar qəflətiylə möhnətidir aləmin.
Hünər, qeyrət dəmidir, yatma əbəs həyatda,
Ülviyyətə çatmağa göstər həvəs həyatda.
Niyə kefli yatırsan? Qəsdindədir bu fələk,
Aqillərtək ayıq ol, bil ki, nədir bu fələk.
Yatanlara yaxşı bax, bu qəfləti tərk elə.
Gör ki, hara gedirsən, axırını dərk elə.
Ağlın huşsuz qocadır, anmaz səni heç zaman.
Kimliyini bildirsən, danmaz səni heç zaman.
Kamalına görədir şan-şöhrətin dünyada,
Onsuz adın, hünərin olar çətin dünyada.
Öz ağlındır İsatək möcüzəni yaradan,
Ulaq görmək istəməz, bil ki, səni yaradan.
Ya ağlınla ucalıb al Günəşə qovuş sən,
Ya da uca dərgahın qapısından sovuş sən.
Yol göstərən ağılı məst eləmək yaramaz,
Sərçə üçün tərlana qəsd eləmək yaramaz.
Halaldır demişdilər hər məqamda, bu meyə,
Sonra haram etdilər ağla düşməndir deyə.
Çox da dünya qəmini pərən salan şərabdır,
Ağa, içmə, ağlını əldən alan şərabdır.
Çaxır duztək ciyərdə yanan odu söndürər,
Əyyaşların bağrında, inan, odu söndürər.
İçmə, huşyar eyləməz o içdiyin mey səni.
Yaddan çıxar varlığın, şərab eylər key səni.
Sərxoşluğa uyan kəs ələm çəkər ömürlük,
Aqilliyin üstünə qələm çəkər ömürlük.
Xülyaların gözləri qoy milinlə kor olsun,
Meyxanənin meyiylə qoyma ciyər qor olsun.
"Əlif" kimi öyünmə düzdür deyə qamətin,
Lovğalıqdan əyilər bu fələyə qamətin.
"Əlif" olsan, qanadsız quşa dönüb uçmazsan,
"Bey" kimi əyilməsən, bu torpağı qucmazsan.
"Əlif" qəddin olsa da hər məclisə yaraşıq,
Yaraşarmı "əlif"tək sən müflisə yaraşıq?
Sən ki, tikan deyilsən, dikbaş görə el səni,
Gülə bənzə, oxşasın həzin əsən yel səni.
Həyat kimi dünyada çox qalmağa can atma,
Uşaqtək oyuncağa sən də başını qatma.
Üz qoyubdur batmağa şölə saçan günəşin,
Zülmət çökər gözünə batsa haçan günəşin.
Qaranlıqda gündüzün dönər heçə kölgəsi,
Hər bir şeyin ikiqat artar gecə kölgəsi.
Öyünmə ki, kölgəli bir bağ olmaq yaxşıdır,
Qaranlığa nur saçan çıraq olmaq yaxşıdır.
Qaranlıqdan işıqtək qurtar yaxa həmişə,
Kölgə kimi hər eybin çıxsın yoxa həmişə.
Yalnız işıq şöləsi oynar zülmət qoynunda,
Diriliyin çeşməsi qaynar zülmət qoynunda.
Əbəs yerə salmışıq fikrimizi baş-ayaq,
Neçin qara fikirlə ömür boyu yaşayaq?
Səhər qızıl təştini verib nurda üzəsən,
Nura batıb, əlini öz canından üzəsən.
Həmən təştin nurundan qismət nurun əzəldən,
Al günəşin çeşməsi - ismət nurun əzəldən.
Ancaq günəş nuruyla gedər canın ləkəsi,
Zərrə qədər üstündə qalmaz qanın ləkəsi.
Əzəl gündən canını salıb oda xislətin,
Hərislikdən ömrünü verər bada xislətin.
Tamahının odunda qaralsan da zər kimi,
Saf qızıla dönməzsən, saralsan da zər kimi.
Pakdır deyə udmasa hər gedəni cəhənnəm,
Bəs nəylə doldurardı ac gödəni cəhənnəm?!
Doğruluğun zirehdir, səni hər an qoruyar,
Atəş nədir? İstəsən, qasırğadan qoruyar.
Hər eybini əyrilik açan olub həyatda,
Doğruluqla qəm-qüssən haçan olub həyatda?
Tərəzitək doğruluq pozar çətin mizanı,
Ürəyinin düzlüyü - ədalətin mizanı.
Bircə arpa, bircə dən güdən olsa qərəzin,
Əskik ölçsə çanağın, əskik çəksə tərəzin,
Bil ki, onlar baisdir günahına son gündə,
Canlı şahid olacaq tamahına son gündə.
Faydasızdır sarsılıb, yuxalmağın o zaman,
Durar gözə az verib, çox almağın o zaman.
Tərəzinin milini etmə xəncər qəlbinə,
Çox verərək az almaq qüvvətdir ər qəlbinə.
Əyri gülü düzlüklə tikan qucar, aldadar,
Bil ki, şəkər qamışı düzlüyündən bal dadar.
Doğruluğun harda ki, ucalıbdır bayrağı,
Haqq əliylə fələkdən öc alıbdır bayrağı.
ZALIM ŞAHLA DÜZ DANIŞAN QOCANIN HEKAYƏTİ
redaktəXalqa yağı şah vardı, zülmkarın biriydi,
Həccacdan da betərdi, lap qəddarın biriydi.
Hər gecə - min qəzanın fərmanıydı ölkədə,
Hər səhər - min cəzanın fərmanıydı ölkədə.
Şah yanına bir çuğul səhər tezdən qaçardı,
Ay, gün açmayan sirri o əlüstü açardı.
Gecə yatmayıb, Aydan dolanmağı öyrənər,
Səhərdən hər ürəyə boylanmağı öyrənər.
Şaha xəbər verərdi: biri sənə yağıdır,
Deyir: "Zalım şahımız nahaq qanlar axıdır".
Çulğuçunun sözündən qəzəblənib şah dindi:
"Düşmənimin cəzası yalnız ölümdür indi".
Qum tökdürdü gön üstə, cəllad hazır dayandı,
Divanənin cəzası divlərə də əyandı.
Yeltək cumdu bir cavan mərd qocanın yanına,
Dedi: "Şahın hökmüylə batmalısan qanına,
Çağırmamış divsifət, dur, özün get saraya,
Tez başına çarə qıl, çatan olmaz haraya".
Yuyunaraq boynuna kəfən saldı o qoca,
Getdi şahın yanına, əhli-haldı o qoca.
Şah görəndə kəfəni, bildi nədir bu halət,
Qəzəbindən utanıb özü çəkdi xəcalət.
Dedi: "Qoca, qaramca sən o ki var demisən,
Mənə zalım demisən, mənə qəddar demisən.
Süleymanın cəlalı görürsən ki, mənimdir,
Söylə, niyə deyibsən şah ölkəyə qənimdir?"
Qoca dedi: "Adına mən yoxsa şər demişəm?
Dediklərin nədir ki, ondan betər demişəm.
Qoca, cavan əlinlə içib ölüm zəhəri.
Biyarın cana yığıb saysız kəndi şəhəri.
Mən deyirəm eybini, şər işini özünə,
Göstərirəm güzgütək hər işini özünə.
Hər eybini göstərər alsan ələ güzgünü,
Utan, qızar eybindən qırma elə güzgünü.
Düzlüyümlə sadiq bil hökmdarı sən məni,
Əgər doğru demirəm, çəkdir dara sən məni."
Şaha sübut elədi düzlüyünü o qoca.
Açdı şahın qəlbindən hər düyünü o qoca.
Şah gördü ki düz deyir, bildi nədir haqsızlıq,
Qoca tamam haqlıdır, özündədir haqsızlıq.
Dedi: "Alın kəfəni, bu kafuru qocadan,
Xələt verin, müşk səpin, razıyam bu qocadan".
Zülm etmədi, el bundan agah oldu o gündən,
Xalqı sevən, insaflı bir şah oldu o gündən.
Öz düzlüyü kimsəni verməz bada dünyada,
Düz sözüylə kimsəyə yetməz qada dünyada.
Doğruluqla köməkdir hər bir ərə yaradan,
Doğru ol ki, yetirsin hər zəfərə yaradan.
Əzəl gündən qiymətli bir incidir doğru söz,
Acısıyla könüllər sevincidir doğru söz.
Doğru sözə bağlıdır öz qüdrətin həmişə,
Qoy qüdrətdən güc alsın söz qüdrətin həmişə.
El gözündə Nizami ucalıbdır düzlükdən,
İlhamını, qəlbinə güc alıbdır düzlükdən.