Sirlər xəzinəsi/On yeddinci söhbət
←On altıncı söhbət | On yeddinci söhbət Müəllif: Nizami Gəncəvi |
On səkkizinci söhbət→ |
HEYSİYYƏTİ QORUMAQ
redaktəEy tanrıdan, özündən daim qafil olan kəs,
Can qeydinə qalmaqdan saralaraq solan kəs.
"Mən", "mən" deyib öyünmə, axır can da çıxandır,
Can boğaza gələndə bircə anda çıxandır.
Göylər kimi, dünyanı bürüməyə can atma,
Nə ki, sənin deyildir sürüməyə can atma,
Dünya yıxıb gücüylə hər ərini dünyanın
Tutmaz tamah tərəzin gövhərini dünyanın.
Toz nədir ki, qüdrətli uca dağa tay olsun?
Çınqı nədir, gur yanan bir ocağa tay olsun?!
Məmnunluğun kəməri belə möhkəm bağlıdır,
Kimsə onu açammaz - elə möhkəm bağlıdır.
Hərislərdir sələmçi, var möhtacı dünyada,
Məmnunluqdur hər başın şərəf tacı dünyada.
Quldurdandır varlının çox qorxusu bu yolda,
Kim kasıbdır quldurdan yox qorxusu bu yolda.
Varın varsa, ovutmaz arzu-kamın dərdini,
Varın yoxsa, ovudar yoxsul damın dərdini.
Qıymamışdı kosaya dönük baxtı saqqalı,
Gördü yolur ikisi savaş vaxtı saqqalı.
Dedi: "Baxma özümtək üzüqara olan yox,
Arxayınam əl atıb saqqalıma yolan yox."
Sənə qalan deyildir dünya evin dünyada,
Ulaqsızsan, yüksüzsən, buna sevin dünyada.
Daim könül mülkünə sən də can at İsatək,
Ulaqsızca, yüksüzcə mənzilə çat İsatək.
Pak vicdanın varsa da, atəşpərəst olma sən,
Yoxsulluqla fəxr elə, işrətdən məst olma sən.
Dünya coşğun dəryadır, nicat hanı dəryadan?
At yükünü sulara, qurtar canı dəryadan.
Yaşa azad, qayğısız arzuların qoynunda,
Üz sahilə qabaqtək sən suların qoynunda.
Yeyib yatmaqla tapmır insan qədri-qiyməti,
Xarabada tapılır xəzinələr, bil qəti.
Dönmə murdar leş üstə cuman çalağana sən,
Qarğa kimi batırma ayağını qana sən.
Divardakı şəkiltək üzdə qanın qalmasın,
Quzğun didər köksünü, düzdə canın qalmasın.
Ciyər qanın axırda bir şəraba dönəndir,
Dalğalanan alovdur, bir səraba dönəndir.
Damarına sığmayan qana neştər gərəkdir,
Canın polad olsa da, cana neştər gərəkdir.
Çox yeməyə, toxluğa çalışmağın yaxşıdır?
Az yeməyə, pəhrizə alışmağın yaxşıdır?!
Aslan azca yeyir ki, şikar alan olubdur,
Atəş doymaq bilmir ki, tez qaralan olubdur.
Gündüz bircə kökəylə süfrə açıb həmişə,
Müdriklərin gözünə işıq saçıb həmişə.
Sübhün odlu meyindən bağrı yandı gecənin,
Əndamını qaraldan haram qandı gecənin.
Çox yeməkdən kütləşər, ağlın kəm olar sənin,
Reyhan kimi qəlbinə qüssə, qəm dolar sənin.
Ağıl - sənin ruhundur, onsuz quru bədənsən,
Ruh - xəzinə, can - tilsim, xəbərsizsən nədən sən?
Varlığında bilməsən yoxmu, varmı xəzinə,
Sındırmasan tilsimi, nur saçarmı xəzinə?
Bel bağlama heç zaman zəfasına varlığın,
İnan ancaq cövrünə, cəfasına varlığın.
Ömrün boyu qəmindən solmaq sənə qalıbdır?
Vəfasıza vəfalı olmaq sənə qalıbdır?
Zənci dedi: "Ay ata, niyə belə gülürsən?
Qapqaradır üz-gözün, ağla, hələ gülürsən?
Ata dedi: "Gülməsə yüzü qara zənciyə,
Gülmək belə yaraşmaz üzü qara zənciyə".
Qara üzün gülüşü qəlbə axar həmişə.
Şimşək qara buludu yarıb çıxar həmişə.
Aləm sənin məhbəsin, bilməlisən, bilməli,
Şimşək olub aləmə gülməlisən, gülməli!
Tutuquşu gülüşlə şəkər yeyən olubdur,
Qaqqıltısı kəkliyi "ovla" deyən olubdur.
Yersiz gülən dodağı bağlamağın yaxşıdır,
Boş gülüşdən yerində ağlamağın yaxşıdır.
Qəmlənəndə gülməyin, söylə, nəyə yaraşar?
Tez alışıb, tez sönmək, bil, şimşəyə yaraşar.
Gülə-gülə köksünü dağlayarsan şam kimi.
"Gülüşünə yaş töküb ağlayarsan şam kimi.
Ağararmı dişlərin irişməsən, gülməsən?
Çeynə gülən dodağı, irişmə sən, gülmə sən.
Yetər bunca ağlayıb, yetər bunca gülməyin,
Göz dolunca ağlayıb, uğununca gülməyin.
Hər insanın şadlığı, qəhəri var dünyada,
Sevincin də, qəmin də təhəri var dünyada.
Şənləndikcə ələmli olmağını unutma,
Gah nəşəli, gah qəmli olmağını unutma.
Hər şad qəlbin qəm odu, nalə, fəryad səsi var,
Hər gündüzün gövhəri, gecənin şəvəsi var.
Hərislikdən kimin ki, bağrı yanan deyildir.
Tamahkarlıq yolunda qamçılanan deyildir.
Hansı karvan zınqırov səslənmədən gedibdir?
Hansı milçək şəkərlə bəslənmədən gedibdir?
Təlim verən, çoxbilmiş bir dayədir zəmanə,
Nələr öyrətməyibdir gör ki, nədir zəmanə.
Dayən sirkə içirtsə, coşma ki: - Xeyri nədir?
Dinmə, bəlkə də elə bu sənin xeyrinədir.
Əbədiyyət yoluna kim yolçusa cahanda,
Odur Xızrın yoldaşı, odur Musa cahanda.
Uluların yolunun gərək qulu olasan,
Ülviyyətə yüksəlib, sən də ulu olasan.
Elə sadiq dost ara, səni darda qoymasın,
Çəkib tordan çıxarsın, səni torda qoymasın.
MÜRŞİDLƏ MÜRİDİN HEKAYƏTİ
redaktəDünyagörmüş bir mürşid köç etməyə başladı,
Min müridi başında yol getməyə başladı.
Mürşid ağ yel buraxdı birdən-birə səhrada,
Ədəbsizlik ar gəldi, müridlərə səhrada.
Bir-bir atıb getdilər biyabanda mürşüdü,
Tək qoymadı bir mürid çətin anda mürşüdü.
Mürşid dedi: "Müridlər atdılar məni birdən,
Bəs sən niyə getmədin, baş açmadım bu sirdən?"
Mürid dedi: "Heç səni atarammı, haşa, mən?
Ayağının tozunu tac sanmışam başa mən.
Yel deyiləm, əzəldən bir nəfəslə kükrəyəm,
Qoşularaq yellərə boş həvəslə kükrəyəm.
Ələbaxan əlini güdən olub həmişə,
Yellə gələn yellə də gedən olub həmişə.
Tez qalxar, tez oturar, olsa, necə toz-qubar.
Odur duran deyildir bir yerdəcə toz-qubar."
Öz təmkini eyləyib belə uca dağları,
Mətanəti qoyarmı çıxsın puça dağları?!
Pərdə yırtmaq fələyin, Ayın, Günün işidir,
Hər əzaba qatlaşmaq dözümlünün işidir.
Bu dünyaya uymamaq səadətdir həyatda,
Yük daşımaq ulağa bir adətdir həyatda.
Dünya dərdi çəkmədən ol hər zaman müqəddəs
Günahsızdır gözündən yaşlar daman müqəddəs.
Şah xələti geyinən mömin hanı dünyada,
Zənbil hörən görüblər Süleymanı dünyada.
Yanan şamı zər səpən görüb hamı gecələr,
Qəba kimi bürünər piltə şamı gecələr.
Müqəddəslik - açandır xarabata qapılar,
İnci dolu xəzinə xarabada tapılar.
Məsləkidir zinəti, gör ki, kimdir Nizami,
Al bayrağın altında bir hakimdir Nizami.