Sirlər xəzinəsi/Peyğəmbərin mədhi
←Peyğəmbərin meracı | Peyğəmbərin mədhi Müəllif: Nizami Gəncəvi |
Davud oğlu Məlik Fəxrəddin Bəhram şahin şəninə→ |
Bir günəş qəndilidir göyün doqquz tağında,
Son nəbidir, nəbilər üzüyü barmağında.
Ən gözəl elçimizdir, ağıltək qulu vardı.
Yəhərinin qaşında iki cahan şikardı.
Gözəllik zəmisində sünbülü təzətərdi,
Sirlərin dəryasında ən qiymətli gövhərdi.
Sünbül saçı - Sünbülə, şölə saçır gündüzə,
Gövhəriylə dür səpir, inci səpir Gün düzə.
Dürrü görünər, deyə gülməz şəkər dodaqlar,
Sədəfin sinəsini dürrü həsəddən dağlar.
İncisindən daşın da daş qəlbi inciməzdi,
Bəs niyə incisini daşlar sındırdı, əzdi?
Harda ki, daşqəlbli var, avam, nadan, naşı var,
Orada daşqalaq var, dəlilər savaşı var.
Dəlilik məlhəmilə ağıllanmazdı dəli,
Sındırmasa incini, əzib ovmasa ləli.
Tənə daşı vuranla istəmədi barışsın.
Yad gövhəri qoymadı gövhərinə qarışsın.
Gövhər o dar mücrüdən çıxaraq azad oldu,
Heyrət nəyə gərəkdi, daşdan gövhər doğuldu.
Qanbahası verməyə gücü hanı o daşla?!
Axdı kiçik ağzının qızıl qanı o daşla.
Daşın ağzından çıxan gövhərlərə qiymət kəs, -
Qanayan dodağına, sınan dişinə dəyməz.
Nə qədər inci, gövhər yatar zəngin mədəndə,
Sanma gövhər dişinə çatar zəngin mədən də.
Qələbə ərz etdi ki, mən hazıram qisasa,
Diş yerinə diş tökdü, toyu döndərdi yasa.
"Uf" demədən, qanlara qəltan ağzını sildi,
Hamı mərhəmətini, comərdliyini bildi.
Qopan dişin ağrısı işləsə də beyninə,
Çıxarıb atdı onu, almadı da eyninə.
Diş nədir, ağrıları çıxardı hər candan o,
Çəkdi tamah dişini hər iki cahandan o.
Ordular da yenməzdi belə ər oğlu əri,
Əl-bayraq, dil də - xəncər, dişdə xəncər kəsəri.
Olsa dişi, kəsəri olmazdı xəncərinin,
Tökdü dişini - ağzı almazdı xəncərinin.
Bu əzabı çəkdi ki, kərəmini görələr,
Tikana uymayalar, bağından gül dərələr.
Güllər sayrışan bağda tikanın nə qorxusu?!
Əfsundan dil çıxaran ilanın nə qorxusu?!
Tavus yanında qarğa nəyə gərəkdi bağda?!
Bülbüllərin cəh-cəhi qəlbə fərəhdi bağda.
İlhamlı nəfəsilə qızıl güldü Nizami,
Güllərin nəğməkarı bir bülbüldü Nizami.
2
Sən, ey müqəddəslərin hər birindən müqəddəs.
Qurban olmaq öyrətdin, qurbanın oldu hər kəs.
Şəfqət qəsri ucaldı xeyirxah əməlindən,
Əzab-zillət evini dağıtdın təməlindən.
Ərəb ariflərinə mahtabsan, nurlu aysan.
Əcəm hakimlərinə şahsan, arxa, haraysan.
Hamı sənə yol verir, yol verməzsən sən yada.
Dünyanın ağasısan olmasan da dünyada.
Öz səfər sovqatından comərd pay əsirgəməz,
Süfrəsini gen açar, sovqatını tək, yeməz.
O süfrənin başında barındın hər nübardan,
Bizə nə gətirmisən daddığın tər nübardan?
Şəkər dodağını aç, şəkər yesin qoy hamı.
Dadıb şirin xurmanı əhsən desin qoy hamı.
Saçın zülmət gecətək sübhə çıxartdı bizi,
Eşq atəşin qaynatdı dirilik çeşməmizi.
Hüsnündən divanədir, yox halı aşiqlərin,
Zənciri saçlarındır sevdalı aşiqlərin.
Kəmərin gərdənbənddir, - çarx dolayıb boynuna.
Gün camalın nur saçır səhərlərin qoynuna.
Suya çəkib qurutdun aləmin ətəyini.
Ənbərinlə doldurdun torpağın göbəyini.
Türbətinin qubarı döndü ənbər ətrinə,
Yurdun ənbər vətəni oldu sənin xətrinə.
Torpağın ətirlidir Süleymanın mehindən.
Cənnət də ətirlənər gülzarının şehindən.
"Ulu tanrı!" dediyin doğma məkandı Kəbə.
Gülabına təşnədi, eşqinlə yandı Kəbə.
Tacın, taxtın vardı ki, dünya paytaxtın oldu,
Səma başının tacı, yer üzü taxtın oldu.
Gölgən ola bilərmi? Həşəmət nurusan sən,
Ülvi nur kölgəsisən, əzəmət nurusan sən.
İslamın sütunutək o dörd bayraq ucaldı.
Şəninə gecə-gündüz beş kərə təbil çaldı.
Oldu Məkkən, Mədinən çiçəklənən gülzarın,
Gözünə işıq gəldi hər bir qərib zəvvarın.
Mübarək qədəminə saçını tökdü gecə,
Başını ətəyinlə bürüdü, bükdü gecə.
Ətəyinə cavahir səpdin odlu baxışla,
Köynəyini bəzədi günəş zərli naxışla.
Nəsimin titrək əli saçına sığal vurdu,
Səhərin sədəfini ənbər ilə doldurdu.
At oynadıb meydanda səba əsirdi yenə,
Ənbər öz ordusuyla ona əsirdi yenə.
Ənbərin əsə-əsə satılması süftədi,
Versən iki cahana, bil iki, yenə müftədi.
Sidrə qəsrin önündə baş əyib kölgə salar,
Ərş-taxtını qurmağa cəlalına alçalar.
Varlığın - bu xilqətin nur saçan səhəridir,
Günəşin ərşi yaxıb zərrə kimi əridir.
Parlaq güzgü olmasa gündüzünə günəşin,
Nurunu saçardımı yer üzünə günəşin?!
Sən ki iki cahansan, yerdə yatmağın nədir?!
Əgər xəznə deyilsən, yerə batmağın nədir?!
Torpaq altda olsan da, xəzinə billik səni,
Torpağa tapşırarlar hər yerdə xəzinəni.
Mənəvi xəzinəsən, viranən saya gəlməz,
Sayən - nurlu şamındır, pərvanən saya gəlməz.
Çarxın nişangahını dəldi atdığın nizə,
Kəndirinlə salladın dolçasını kəhrizə.
Gündüzün al günəşi, gecənin nurlu ayı
Peyk olmasa yolunda, dolanmaz ki, havayı.
Kamalın loğmanısan, şəfası sənsən onun,
Ayda səni soraqlar, səfası sənsən onun.
Qalx, işıqlı səhərin üzümüzə açılsın.
Nizaminin üzündən şadlıq nuru saçılsın.
3
Ey Məkkə, Mədinənin pərdələnən günəşi,
Zülmət pərdələyərmi nur ələyən günəşi?!
Əgər aysan, günəşdən nur almağın görünsün,
Əgər gülsən, ətirli gülşən bağın görünsün.
Həsrətini çəkənlər düşdülər can hayına,
Haraya çağıranın özün çat harayına.
Ay günəş köhlən olub, alsın səni belinə,
Durma ərəb mülkündə, yetiş əcəm elinə.
Bir yeni aləm yarat dünyada qüdrətinlə
Doldur iki dünyanı səsinlə şöhrətinlə,
Xütbənlə xətiblərin özün yetiş dadına,
Hakimlər kəsdirməyən sikkə kəsdir adına.
Torpağının ətrindən ətir saçandı yurdun.
Fitnə, nifaq qoxuyur sənsiz haçandı yurdun.
Harınların əlindən bu taxtı al geri sən,
Alçaqlar ləkələdi, təmizlə minbəri sən.
Cin-şeytan yuvasına döndərdilər dünyanı,
Qoy zalımın, namərdin yerdə çürüsün canı.
Acgöz harınların sən həsrət qoy naz-nemətə,
Torpaqsız qoy onları - uydular qənimətə.
Hamımız cansız bədən gəl, gəl, can ol sən bizə,
Hamımız qarışqayıq, Süleyman ol sən bizə.
Karvanımız soyulmaz, darğamızsan sən özün,
Bayraqdarı neylərik, sərkərdəmizsən özün.
Məsləkindən döndərib, azdırıblar hərəni,
Qəsdə girib kəsiblər, yol-izi, bənd-bərəni.
Ya meydana Əlini - ər oğlu əri göndər,
Ya da şeytan üstünə cəsur Öməri göndər.
Çöhrən - Yəmən ayına, saçın - gecəyə dönsün.
Başın - aytək qoy Yəmən cübbəsindən görünsün.
Azğına yolsuzlara əsarətin gərəkdi,
Aman yox amansıza, cəsarətin gərəkdi.
Beş yüz əlli doqquz il yuxuya dalmısan sən.
Dünyanın axırıdır, bəs harda qalmısan sən?
Qalx! Qoy sənin hökmünlə İsrafil adlı mələk
Qəndilləri söndürsün işıqsız qalsın fələk.
Sirdaş ol pərdələri açılmayan dərgaha,
Biz qəflət yuxusunda, sənsə, yatma, qalx daha.
Bu fəlakət evinin bəla fəlakətindən
Hamını xilas eylə, qurtar dardan, çətindən.
Nə istərsən düzlükdən, ədalətdən savayı?
İradənlə oynamaq havayıdır, havayı.
Qayğınla, köməyinlə, eşqinlə bizə yarsan.
Müqəddəs əməlinlə dağ üstə dağ qoyarsan.
Göstər məslək mülkünü, o müqəddəs yerləri,
Bağışlansın ariflər, sadiq məslək ərləri.
Əməlin uğurludur, zavalsızsan qəzadan.
Yolunun yolçusunu qurtararsan cəzadan
Camalını göstərsən - günəş hüsnün nur yayar,
İki cahan şadlıqdan vəcdə gəlib oynayar.
Eşqini hopdurub ki, iliyinə Nizami,
Həyat tapsın ruhunun gül iyinə Nizami.
Nəfəsinlə ötüşsün qoy ömrünün hər günü,
Bir yoxsula bağışla bu Süleyman mülkünü.
4
Ey nəbilər tacının şölə saçan gövhəri,
Tacidara döndərdin saysız ər oğlu əri
Baxıb ümid gözüylə yaxın da, yad da sənə,
Dönüb dünya evində hamı sənin kölənə
Xilqət - gözəl şerdir ilk beytdir onda adın,
Ən gözəl qafiyətək səslənir sonda adın.
Elə başdan-binadan xarabaydı bu aləm.
Onu abad eyləyən bir sənsən, bir də Adəm.
Bu dünya sarayının qoyulanda təməli.
Suya da, kərpicə də möhtac imiş, deməli.
Adəmin də, Nuhun da kələfləri dolaşdı,
O dolaşıq düyünü sənin əllərin açdı
Adəm bir buğda yedi,- unuduldu tövbəsi.
Ona yasaq edildi dadsız gül mürəbbəsi
Tövbə - günah qoxudu könlünün gülşən bağı
Gülşəkər ətirlidir yollarının torpağı
Könlü sənin tövbəni şirin gülşəkər sandı
Bu tövbədən gülşəkər gülşəkərliyi dandı.
Əzəldən hünər topu yaratdılar hüzura.
Könül mülkü - meydandı, top atdılar hüzura
İlk zərbəni vurmağa Adəm çıxdı irəli,
Qələbə əzmi ilə əsdi çövkənli əli.
Sünbülü görən kimi, atı üstünə cumdu,
Topu ala bilmədi, ah, bu necə hücumdu?!
Nuh susayıb dirilik çeşməsinə can atdı,
Çeşmənin sorağında gəmisi suda batdı.
İbrahim kəcavədə xəcalətdən sıxıldı.
Yarı yolda üç dəfə-kəcavədən yıxıldı.
Davudun boğulanda tutulanda nəfəsi,
Zilə qalxa bilmədi, inlədi bəmdə səsi.
Daim ədalətindən nəşə duydu Süleyman,
Peyğəmbərlik tacına sanma uydu Süleyman.
O quyudan qisməti ah, nə oldu Yusifin?!
Nəsibi bir kəndirdi, bir də doldu Yusifin.
Gedər-gəlməz səfərə atını çapdı Xızır.
Ətəyini isladıb, çeşməni tapdı Xızır.
Camı boşdu həqiqət sorağında Musanın.
Sındı ümid şüşəsi Tur dağında Musanın.
Niyyət bais deyildi təlaşına İsanın.
Atasızlıq qaxıncdı öz başına İsanın
Əməlin təməl oldu sarayına dünyanın,
Məqamında yetişdin harayına dünyanın.
Şərəfinlə şanınla təsdiqləndi bu fərman
Xütbəni tamamladı, yaratdığın bu dövran.
Qalxıb, yaxşı dolandır bu dövranı fələkdən,
Hünər, qüdrət səndədir, mədət hanı fələkdən?!
Fələyin gen sinəsi öz meydanındı sənin,
Yer topunu buraxmaz koğa kimi çövkənin.
Fənalıq tozanağı sarmamış kainatı,
İndi meydan sənindir, çap, şahə qaldır atı.
Fəna həyat camını əlindən ala bilməz,
Alçaq yoxluq adını yadına sala bilməz.
Qoyma varlıq mülkünə düşsün yolu yoxluğun.
Əllərinlə bağlansın əli-qolu yoxluğun.
Nəfəsinlə dil açıb dilsiz varlıq cahanda,
Şəfqətin dərdin, qəmin məlhəmidir hər canda.
Savaş barışıq oldu sənin məsləkin ilə,
Çıxdı ağlın gəmisi qan nəhrindən sahilə.
Doqquz fələk qibləsi yolunda taybataydı.
Bu altı günlük nərgiz saçıntək ətir yaydı.
Əgər bircə tükün də əskik olsa başından.
Bu dünya saçın kimi dağılar təlaşından.
Yazmasan da, yazılı saysız dəri oxudun,
Dinməmiş, beyinləri, ürəkləri oxudun.
Niyə sənin barmağın söz üstünə gəlmədi?
Kafirlər deyərdi ki: nə sözdü, nə kəlmədi?
Kim deyər: sözüm düzdür, üstündən barmağı çək.
Sözünü əzbər bilir hamı beş barmağıtək.
Qubar yox, şəkər tozu qonub astanan üstə,
O şəkər dodaqların innabdı, ya da püstə.
Bir ovuc şəkər tozun eşqin biyabanında
Qırx günlük azuqədir eşq əhlinin yanında.
Qurtuluş səhərimsən, sənsən bəxtiyarlığım.
Dirilik suyumsan ki, torpağındır varlığım.
Könlümün gülşənidir qapındakı torpağın,
Həyat, dünya bağışlar səfalı cənnət bağın.
Pak türbənin üstünü zəvvartək kəsə biləm,
Toz olub qona biləm, yel olub əsə biləm.
Torpağını gözünə tutya sanar Nizami,
Qapında qolubağlı qul dayanar Nizami.
Türbətin ətir saçsın ərənlərin başında,
Torpağın ənbər olsun hər bir ərin başında.