Stalinlə ixtilal xatirələri/Məmməd Əmin Rəsulzadə kimdir?

Ön söz Stalinlə ixtilal xatirələri. Məmməd Əmin Rəsulzadə kimdir?
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Stalinlə ixtilal xatirələri
Mənbə: Stalinlə ixtilal xatirələri. Məqalələr toplusu


Sabahdan etibarən dördüncü səhifəmizdə çox maraqlı xatirələrini oxuyacağınız Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin təşəkkülündə və milli qurtuluş hərəkatında tarixi rolu olan Milli Azərbaycan “Müsavat” Xalq Partiyasının liderliyinə 1917 və 1919-cu illərdə Bakıda toplanan partiya qurultaylarında yekdilliklə seçilmişdir. 28 may 1918-ci ildə cümhuriyyətin istiqlalını elan edən Azərbaycan Milli iurasının sədri idi. Mühacirətdə Azərbaycan milli hərəkatını illərdən bəri təmsil edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmişdir. Müsəlman dünyasının tanınmış bir mühərriri olan Rəsulzadə 1905-1908-ci illər arasında Bakıda intişar edən türkcə qəzetlərdə işləmiş; 1915-1917-ci illərdə yenə Bakıda məşhur “Açıq söz” qəzetini təsis və nəşr etmişdir. 1908-1911-ci illər arasında Tehranda Iran üçün ilk dəfə olaraq Avropa üsulunda gündəlik “Irani-nou” qəzetinin müdir və baş redaktorluğunu etmişdir (bu xüsusda bax: E.Brown. Nisfory literary of Persia. London). Istanbulda çıxan çeşidli türk qəzet və jurnallarında (o cümlədən “Türk yurdu”) çalışmış və 1923-cü ildən 1929-cu ilə qədər Istanbulda nəşr olunan Azərbaycan jurnallarını idarə etmişdir. Qafqazlılar arasında tanınmış siyasət adamıdır: Mavərayi-Qafqaz seymində (1918) müsəlman fraksiyasına sədrlik etmiş, Maverayi-Qafqaz hökumətinin 1918- ci ildə Trabzona, sonra da Batuma, o zamankı Türkiyə nümayəndələri ilə müzakirəyə göndərdiyi heyətlərdə iştirak etmişdir.

* * *

1884-cü ildə Bakıda doğulmuş Məmməd Əmin Rəsulzadə hələ gənc ikən siyasi həyata atılmış, 1903 və 1904-cü ildən etibarən çar rejimi əleyhinə gizli fəaliyyətlərdə iştirak etmişdir. Özünün təşkil etdiyi azərbaycanlı gənc inqilabçılar dərnəyinə başçılıq etmişdir. Bu arada konspirasiya şərtləri içində Stalinlə təmasa girmiş və aralarında yaxşı münasibətlər təsis olunmuşdur. 1908-1910-cu illərdə Irandakı məşrutə hərəkatına qoşulmuş, burada Iran Demokrat Partiyasının Mərkəzi Komitəsinə daxil olmuş və bu partiyanın ideologiyasını həmin partiyanın lideri Seyid Həsən Tağızadə (Iran senatının sədri) ilə birlikdə işləmişdir. 1910-cu ildə Iranda nüfuzu qüvvətlənən çar hökuməti səfarətinin tələb və təzyiqi ilə oranı tərklə Istanbula gəlmişdir. Burada Türkiyə siyasi cəmiyyətləri, o cümlədən Türk ocaqları ilə bərabər çalışmış; eyni zamanda buradan, Bakıda təşkilatlanmaqda olan gizli Azərbaycan fəaliyyətilə təması davam etdirmiş və 1911-ci ildə “Müsavat” Partiyasının təsisini təşviq etmişdir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət yubileyi münasibətilə elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmış, burada həm nəşriyyata başlamış, həm də gizli “Müsavat” Partiyası çalışmalarına və yarım gizli bir neçə təşkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuşdur. 1915-ci ildə I Dünya müharibəsi əsnasında Bakı hərbi qubernatoru tərəfindən həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək üzrə ikən Rusiyada zühur edən inqilab üzündən azad olunmuşdur. 1917-ci ildə Milli Azərbaycan “Müsavat” Xalq Partiyası birləşmiş qurultayı ilə eyni ildə Bakıda toplanan Qafqaz Müsəlmanları qurultayında Qafqaz ilə Azərbaycanın Rusiyadan ayrılaraq muxtar və müstəqil olmaları tezisini müdafiə etmiş; eyni ilin mayın 10-da Moskvada toplanan Rusiya Müsəlmanları qurultayında Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir qərar layihəsini qəbul etdirmişdir. Bundan sonra Tiflisdə toplanan Mavərayi-Qafqazın Rusiyadan ayrılmasını tələb etmiş və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuşdur. 1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən Azərbaycan Milli iurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin istiqlalını elan etmiş və bu Şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı hökumətilə bir müqavilə imzalamıŞdır. Bu müqaviləyə görə türk ordusu bolşevik istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım etmişdir.

* * *

Cümhuriyyənin rus bolşevikləri tərəfindən istilasından sonra (27 aprel 1920) M.Ə.Rəsulzadə həbs olunur. Həbsdə ikən Stalin onu ziyarət edir. Nəticədə Moskvaya aparılır və orada iki il göz dustağı olur. 1922-ci ildə Fin körfəzi üzərindən qaçaraq Avropaya çıxır, oradan Istanbula gəlir və burada nəşriyyat və siyasi fəaliyyətini davam etdirir. Dövri və davamsız nəşriyyatla bolşevik siyasətini, xüsusən kommunistlərin şərq siyasətini ifşa edir. Sovet intriqaları ilə diplomatik demarşları nəticəsində Istanbulu tərkə məcbur qalınca o öz çalışmalarını Avropaya köçürür. Burada “Promotey” cəmiyyətində (Rusiya məzlum millətlərinin birləşmiş cəbhəsi) və 1934-cü ildə Qafqaz konfederasiyası paktını imzalayan Qafqaz Millətləri Birliyində çalışır. Rusiya məzlum millətlərinin müŞtərək orqanı olub Parisdə fransızca intişar edən “Promotey” jurnalında müntəzəm məqalələr dərc etdirir (1928-1939). Ikinci dünya müharibəsi onu dörd il yaşadığı Varşavada yaxalayır. Polşalı dostları ilə birlikdə Buxarestə gəlir. Almaniyanın Sovet Rusiyası ilə başlanan müharibəsi əsnasında Almaniya Xarici Işlər nümayəndəsi fon Şulenberqin (sonra Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən) dəvəti ilə 1942-ci ildə qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə Berlinə gəlir. Qafqazın və o cümlədən Azərbaycan cümhuriyyətinin müqəddəratı ətrafında müzakirələrə girişir və nasistlərin millətlərin istədiklərini anlamaq qabiliyyətindən məhrum olduqlarına, Almaniya hökumətinin Azərbaycan xalqının haqlarını tanımaq istəmədiyinə və milli qurtuluş hərakatının gərəkliyinə hörmətsiz olduqlarına qənaət gətirərək, Almaniya siyasəti haqqındakı mənfi düşüncələrini 5 avqust 1943-cü il tarixli bir memorandumda bəyan edərək Berlini tərklə Buxarestə qayıdır. 1944-cü ildə bolşeviklər Buxarestə yaxınlaşınca hadisələr onu Qərbə çəkilməyə məcbur edir. Isveçrəyə getmək üçün viza almaq imkanında olmadığından Isveçrə sərhədinə yaxın Freyburq 1/B Şəhərinə gəldi. 1944-cü ilin oktyabr ayında bu Şəhər qorxunc hava hücumuna məruz qaldığından o, mərkəzi Almaniyaya sığınmağı məcbur etdi. 24 aprel 1945-ci ildə Amerika işğal məntəqəsində olur. Nəhayət, 1947-ci ilin sentyabrında Türkiyəyə gələ bilir və o zamandan bəri Ankarada yaşayır. Türk ensiklopediyasında çalışır. 1951-ci ildə Türkiyə Cümhuriyyəti Milli Təhsil nəşriyyatında “Azərbaycan Şairi Nizami” adına kapital bir əsəri çap edilmiŞdir. Sovet Rusiyası və Azərbaycan mövzularına dair müxtəlif məqalə və risalələr nəşr olunur. Kommunizm əleyhində və Qafqaz davası lehindəki inadlı mübarizəsini davam etdirir.

“Dünya”, 21 may 1954-cü il