Stalinlə ixtilal xatirələri/Stalinlə ixtilal xatirələri
←Məmməd Əmin Rəsulzadə kimdir? | Stalinlə ixtilal xatirələri. Stalinlə ixtilal xatirələri Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Çarlığa qarşı mücadilə yarım yüzil öncə→ |
Mənbə: Stalinlə ixtilal xatirələri. Məqalələr toplusu |
Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastik
adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir
pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük
imperatorluğunun ən böyük diktatoru olaraq öldü” - deyə
başlayır.
Həqiqətən də bəşəriyyətin yaşadığı bütün dünya tarixində
Iosif Vissarionoviç Cuqaçvili - Stalindən daha mütləq hökmdar
yoxdur. Mühüm dərəcədə onun şəxsi fəaliyyətilə yaradılmış
Sovet rejimindən daha totalitar bir rejim dünyada mövcud olmamışdır.
Dövrümüzün tarixini yazanlar tarixin bu ən böyük müstəbidi haqqında
cürbəcür hökmlər verəcək, onun Allahlaşdırılan şəxsiyyətini müxtəlif mövqelərdən
təhlil edəcəklər. Fəqət biz onu bir küll olaraq ələ almaq niyyətində deyilik. Ən
qorxunc rus çarlarına nəsib olmayan bir iqtidarla 30 ilə yaxın bir müddətdə Sovet
İmperatorluğundakı iki yüz milyon insanın müqəddəratına hökm edən, yer
kürəsinin üçdə birini kontrolu altına almış, bütün dinləri inkar edən kommunist
dininin bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir rejimin ən böyük
nümayəndəsi Stalini, onun necə bir demaqoq, bir diplomat, bir diktator və neçə bir
terrorist, bir ixtilalçı (inqilabçı), bir marşal, bir generalissimus, fironlara,
Neronlara, Çingizlərə rəhmət oxutduran bir tiran, bir qızıl çar olduğunu azad
millətlər cəmiyyətində bilməyən bir kimsə yoxdur. Bilinənləri təkrar etmək
istəmirik.
1905 və 1917-ci illərdə Rusiya Şərtləri daxilində ortaya çıxan sosialist
cərəyanlarına mənsub ixtilalçılar arasında adi bir şəxsiyyət olub, çox da əhəmiyyət
verilməyən Stalinin mumiyalanmış cəsədi indi Marksdan sonra kommunizmin
ikinci peyğəmbəri Leninin mumiyalanmış cəsədi yanında yatır.
Leninizm marksizmin bir təfsiri olaraq meydana gəlmişdi; stalinizm hər
ikisini təkmil etmiş bir sistemdir. Hitlerin nasional-sosializm formulunu çevirib
sosial-nasionalizm halına qoyan stalinizmi yaxşıca qavraya bilmək üçün Stalinin
fantastik şəxsiyyətini haqqıyla anlamaq lazımdır. Bunu yapa bilmək üçün
tarixçilərin Stalin haqqında yazılan xatirələri, nəql olunan təəssüratları və anladılan
müşahidələri material olaraq gözdən keçirmələri lazım gələcəkdir.
Stalinizmin meydana gəlməsinin xarakterik cizgilərini əslinə yaxın bir
Şəkildə təsvir edə bilmək üçün hər kəsin özünə görə gördüyü və anladığı
“Stalin”lərin qarşılaşdırılmasında, şübhəsiz, böyük bir fayda vardır.
Eyni dövrdə, eyni şərtlər daxilində, eyni nəslə mənsub olaraq yaşayan, dürlü
zamanlarda, dürlü şərtlər altında Stalinlə bu və ya başqa şəkildə təmasa gəlmiş
bulunan bir adam sifətilə xatirələrimin ona aid olan qismini nəşrə qərar verdim.
Çarlıq rejiminə qarşı mücadilə Sovet istilası və əsarəti. Moskva yolunda,
Moskvada iki il və Moskvadan qaçış fəsillərini ehtiva edən bu xatirələr çağdaş
tarixçilərin işinə yarayarsa, sərf edilən əmək boşa getməmiş olar qənaətindəyəm.
Bu xatirələri Stalin həyatda ikən edilən bəzi təkliflərə rəğmən nəşr etmək
istəməmişdim; çünki obyektiv olaraq nəql olunacaq hadisələrin bir qismi, bir
baxımdan, qərəzli izaha yer qoya bilərdi. Indi isə bu ehtimal meydandan qalxmış,
Stalin artıq tarixə qarışmışdır.