Tapılmaz (Aşıq Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Tapılmaz
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Deyim bir-bir dərdim sənə yaz, qələm,
Bilinməz hesabı, sanı tapılmaz.
Bağla dəftər, çox eləmə naz, qələm,
Ələ düşməz bu dastanı tapılmaz.

Şərik ol dərdimə sən də buy ara,
Yüz min olub bu sinəmdə bu yara,
Yolçusuyam, yalvarıram bu yara,
Şirin dildə bir nöqsanı tapılmaz.

Arif özü bilər, mətləbi qanan
Yoxdu mənim kimi eşqində yanan,
Könlüm istəklisi sən kimi canan,
Yüz il gəzsəm bu dünyanı, tapılmaz.

Qurbanı olduğum, gəl bir insafa,
Nə bilər qədrini, çəkməyən cəfa,
Seçər dürr versən xoca sərrafa,
Belə əhmər gövhərkanı tapılmaz.

Kəsmə nəzərini bu xətti çaldan,
Xəstəyəm, ölürəm, düşmüşəm haldan,
Baş alıb gedirəm sizin mahaldan,
Axtarsan da bu Qurbani tapılmaz.