Vətən yaxşıdır

Vətən yaxşıdır
Müəllif: Əliağa Vahid
Sister Projects. Həmçinin baxın: Haqqında •

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür.

Xəzər Dənizi tək eşqimlə coşdum,
Xülyalar içində sanki bihuşdum,
Vətən arzusu ilə nəğmələr qoşdum,
Tufanlar gözümdə dastan görünür.

Könüllər cəlb edən bu xoş mənzərə,
Zövqümü artırdı şerə qəzələ,
Çatdıqca vətənim, elim nəzərə,
Təbiət də mənə heyran görünür.

Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar vətən yaxşıdır,
Vahid sorma vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan görünür.