Ver daşını,şövq ilə cana dilə!

Ver daşını,şövq ilə cana dilə!
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Əliağa Vahid


Ver daşını,şövq ilə cana dilə!
Ətri-vəfa istəsən, ondan dilə!

Aləmi gəz,axtar öz həmçinsini,
Cum dənizin qərinə, mərcan dilə!

Yer üzü sənə qalmağa layiq,
Gəz fələyin, göydə bir eyvan dilə!

Ortaya qoyma canını süfrətək,
Mərdə verib canını mehman dilə!

Yer üzü şeytan qoşunuyla dolub,
Yandıraraq şəmi, Süleyman dilə!

Ey ürəyi yaralı Xaqani, qalx!
Əhl tapıb, dərdinə dərman dilə!

Xızr kimi iç səfərin zəhrini,
Sonra gedib, çeşmeyi-heyvan dilə!

Xeyri bu Şirvanda görən olmayıb,
Xeyri uzaqlarda sən hər an dilə!

At daşını cümlə qohum-qardaşın,
Arxa üçün özkə bir insan dilə!

Yusifə, gör, neylədi qardaşları,
Dostluğu, qardaşlığı yaddan dilə!

İçmədə Şirvan suyunu min nəhəng,
İçməli su, get, Xorasandan dilə!

Cəhd elə dəryanı keçəndən sora,
Tap Təbəristan, tərəbistan dilə!*

Məqsədü amalını Amüldə gör,
Görgana get, Yusifi ordan dilə!*