Vikimənbə:Günün mətni

Payızın yetişməsi və Leylinin ölməsi
Nizami Gəncəvi

Qaydadır yarpaqlar tökülən zaman
Qanlı sular axar o yarpaqlardan.
Hər bir budağın ki, içində qan var,
Axır, deşiklərdən süzüb damcılar.
Suyun şüşəsi də soyuyub donar,
Bağların üzünə sarılıq qonar.
Ölüm zərbəsilə qabarar budaq,
Torpağa pay olar hər qızıl yarpaq.
Nərgiz öz köçünü dəvəyə çatar,
Şümşad taxtdan düşüb, tacını atar.
Yasəmən siması saralar yenə.
Gül də qan məktubu alar əlinə.
Zöhhak ilanı tək hey qıvrılaraq,
Çəmənin başına sarılar torpaq.
Qaydadır acı bir külək əsəndə,
Tökülər yarpaq da, solar çəmən də.
Dəniz tufanına düşən adamlar
Qorxudan saxlamaz əynində paltar.
Solar yaşıl otlar, bənzəyər yenə
Sarılıq tozundan xeyri gülünə.