Vikimənbə:Günün mətni/aprel 22
Deyərlər
Xəstə Qasım
Ay ağalar, gəlin sizə söyləyim,
Yalqız daşdan olmaz, divar deyərlər.
Bəzirgansan, aç mətahın, xırd eylə,
Ararlar: yükündə nə var? — deyərlər.
Ovçu olan bəslər alıcı quşu,
Sərraflar tanıyar qiymətli daşı,
Bir oğul atadan artırsa işi,
El içində ona tavar deyərlər.
Qızıl gülü dəstə-dəstə dərginən,
Dəribən də yaylıq üstə sərginən.
Hər nə versən öz əlinlə verginən,
Yüz qadanı başdan sovar deyərlər.