Vikimənbə:Günün mətni/aprel 28
Yalquzaq
İvan Turgenyev
Axşamüstü, ara yolla, tək-tənha, arabada ovdan qayıdırdım. Evə səkkiz verstə qədər qalırdı. Qüvvətli madyanım tozlu yolla yortur, arabir fınxırır, qulaqlarını oynadırdı; yorğun tulam arabaya bağlanmış kimi, dal təkərlərdən bir addım belə geri qalmırdı. Tufan yaxınlaşmaqda idi. İrəlidə tünd göy rəngli bir bulud meşənin ardından ağır-ağır ucalırdı; başımın üstündən və qarşımdan isə, uzun boz buludlar axışmaqda idi. Söyüd ağacları təlaşla yırğalanır, pıçıldaşırdılar. Boğucu bürkünü birdən-birə rütubətli bir sərinlik əvəz etmişdi; kölgələr sürətlə qatışırdı. Mən cilovla atı vurub, dərəyə endim, hər tərəfini kol basmış, suyü qurumuş çaydan keçib, təpəyə çıxdım və meşəyə girdim. Qarşımdakı yol burula-burula sıx fındıq kolları arasından keçirdi. Kollar üzərinə artıq qaranlıq çökmüşdü; çətinliklə irəliləyirdim. Arabam təkər izlərindən əmələ gəlmiş uzun çuxurları bürüyüb basmış palıd və cökə ağaçlarının möhkəm rişələrinin üzərilə silkələnə-silkələnə gedir, atım büdrəməyə başlayırdı.