Vikimənbə:Günün mətni/aprel 3

Zəmanənin hökmü
Azərbaycan nağılı

Biri vardı, biri yoxdu. Allahın aciz bəndəsi çoxdu. Onların biri də bizim Kür qırağında yaşayan Əlmərdan kişiydi. Bu yazığın əli xamırlı, qarnı ac idi. Ha iştərdi, şumlardı, əkərdi, malalayardı, becərib məhsulu başa gələndə bəy bir yannan, koxa bir yannan, borclu bir yannan bunun məhsulunu xırmanda qurtarardılar. Payız gələndə, kişi təzədən düşərdi qapı-qapı borc dilənməyə. Tikan qırıb satardı, meşədən odun oğurlayıb satardı. Elə ac idi ki, ac.
Günlərin bir günündə Əlmərdan kişi gecə arvadnan sözü bir yerə qoydular ki, ta bundan sonra şəhərdə ruzusunu qazansın. Olsun ki, bir yandan baxtı açıldı. Sabah oldu, tezdən arvadı Əlmərdançun xamralı1 bağladı, bir az da daşa dönmüş pendir qoydu, Əlmərdan düşdü yolun düzünə. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəldi bir dərənin başına satdı.
Bu dərə vilayətdə Cinni dərə adıynan məşhurdu. Buraya girən sağsalamat evinə qayıtmazdı. Sağdan-soldan buludlar içində gizlənən dağları aşıb şəhərə getmək, dərədən də qorxuluydu. Adam çənə, dumana düşür, yolunu azıb, axırda genə də bu dərəyə gəlib çıxırdı, ya da qurd-quş didişdirib aparırdı.
Əlmərdan kişi:
– Cinni dərəyə girərəm, – dedi. – Hər nə olur olsun. Təfavütü yoxdu, acından evimdə ölməkdənsə, canavara yem olmaq, cinə rast gəlmək yaxşıdı.
Kişinin üstündə kəsərtidən-zaddan bir tiyəsi də yoxdu. Çörəyini yoxladı, gördü ki, elə sabahı görər-görməzdi. Koroğlu özünü düşmənə toxuyan kimi, bu da soxuldu dərəyə. Bir xeyli getdi. Yol çox əyrişüyrüş, daşlı idi. Dərənin ensiz bir yerindən açıq bir yerinə çıxmışdı ki, gördü daldan çağırırlar:
– Əlmərdan, Əlmərdan, dayan!