Vikimənbə:Günün mətni/avqust 12
Dram cəmiyyəti
Cəfər Cabbarlı
Çıxmamış ortaya iş,
Çox da fırıldanma balam!
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.
Mənə bir aktyoru
De ki, yox onda qürur;
Necə ki, zərrə qədər
Yox imiş səndə şüur.
Bir ayır gözlərini,
Niyə oldun belə kur?
Bax o cəmiyyətə də
Nə ki var orda tamam
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.
Açılıb əlli kərə
Bu sayaq bəzmi-şüar,
Mən də çox eyləmişəm
Sən kimi fəxrü vüqar.
Yenə puç olmuş hamı,
Olunub "von" be məzar.
Boşalıb fəxr yenə,
Dolunub yəs ilə cam.
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.