Vikimənbə:Günün mətni/avqust 16
Dağlar
Aşıq Bəsti
Dağ üstündən, çəkdin dağı,
De, nəydi günahım, dağlar,
Sən mənə kəsildin yağı.
Tutsun səni ahım dağlar.
Qara gəlibdi dövranım,
Əl vurma, tökülər qanım,
Hanı mənim Xan Çobanım,
Oydu qibləgahım, dağlar.
Niyə belə yazdı fələk,
Ayrılığa dözmür ürək,
Bəsti kimi sən də qal tək,
Olmasın pənahın dağlar.