Vikimənbə:Günün mətni/avqust 21

Nə əcəb
Cəfər Cabbarlı

Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?

Nə bir nəfər tapılır bir kəsi edə rəncur;
Nə bir vahid çalır bir fəqir üçün zənbur;
Nə qəztəçi, nə mühərrir, nə adəmi-məşhur
Biri birin söyüb olmaz nəzakətindən dur.
Qucaqlaşıb hamı meyli vəfaq edir, nə əcəb?
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?

Qəztəçi, inteligent, milyoner, ziyalı, filan,
Kababçı, ləbləbiçi, ortada-arada qalan,
Qoçu, Hacı, məşədi, molla, kəndli, bəy ilə xan
Ediblər əhd ki, can söyləyib, eşitsin can.
Kəmali-şövqlə əzmi-vəfaq edir, nə əcəb?
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?