Vikimənbə:Günün mətni/avqust 22
Nə edim
Cəfər Cabbarlı
Bir nəfər fəqir şəxs nə qədər qeyrətlə çalışırdısa da, külfəti böyük olduğu üçün yeməklərini ödəyə bilmirdi. Bir gün orada, bir gün burada işləməklə öz külfətini bir gün ac, bir gün tox saxlayırdı. Bayrama yaxın neçə dəfə dövlətlilərin yanına gedib yer-yemiş istəmişdisə də verməmişdilər. Odur ki, balaca qızı ona:
- Ata, bayramdir, bizə yemiş al, - dedikdə, biçarə utana-utana qızına belə cavab verirdi:
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?
Vallah, bircə qəpiyə yoxdu gümanım, nə edim?
Qoy qənilər gecə-gündüz olalar xürrəm, şad;
Onlara çünki müyəssər olacaqdır hər zad,
Kef çəkib, bizləri heç etməyəcəklərdir yad.
Görüm ol çərxi-fələk dəhrdə olsun bərbad!
Məni məğmun eləyib dövri-zamanım, nə edim?
Hələ bir çet qəpiyə yoxdu gümanım, nə edim?
Doğrudur, sən də uşaq, bayrama eylərsən həvəs;
Bir mənim də nəzər et haləti-naşadıma bəs;
Hərçi dad eyləyirəm, yox mənə bir kəs verə səs;
Dərdü möhnət çoxalır, ay bala, çəkdikcə nəfəs.
Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim?
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?