Vikimənbə:Günün mətni/avqust 27
Tövbə
Cəfər Cabbarlı
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Məni bu qəzetçi aldatdı, yolumdan azdım,
Öz əlimlə özümə çahi-bəlanı qazdım
Hər nə gəldi əlimə, sizlərə böhtan yazdım:
Olsa idim sizə tabe bu cürə olmazdıım.
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Siz deyən sözlər hamı doğrudur, indi qanıram,
Qanıram, sizdən uzaq olmağıma çox yanıram,
Hər nə mən sizlərə böhtan demişəmsə danıram;
Sizi bundan sonra mən sadiqi-dövran sanıram,
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.