Vikimənbə:Günün mətni/avqust 7
Arzu
Cəfər Cabbarlı
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb deyəndə lərzə tutur cismi-zarımı,
Bulvar yanında eyləyir əskik güzarımı,
Hər gün bu məktəb artıq edir intizarımı.
Bundansa... kaş atam qazıyaydı məzarımı.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Gündə gəlib müəllim edir vəzi-moizə,
Tülkü, inək, qoyun, keçir axırda ilbizə.
Yerdən qurtardı, qoyma ki, dırmaşdı ulduza.
Vallah, çərən-pərən, nəyə lazım bular bizə?
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb binasını yekə bulvar tikəydilər,
Bir dəstə modalı mənə paltar tikəydilər,
Bu qırmızı xəritəni şalvar tikəydilər.
Qızlar geyəydi leyk bir az, dar tikəydilər.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!