Vikimənbə:Günün mətni/dekabr 29

Nə yazım?
Mirzə Ələkbər Sabir

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Şərə məşğul edərik xatiri-qəmmayilimi,
Qoyuram qənşərinə kağızımı, çernelimi,
Gəlirəm yazmağa bir kəlmə, - tutarsan əlimi,
Qorxuram, ya nə üçün, - çünki kəsirsən dilimi!
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!

Hələ mən dörddə birin yazmayıram, karına bax,
Üstümə gündə söyürsən bu qədər, arına bax,
Özün insaf elə, əfkarına, ətvarına bax!
Istəmirsən yazam? Öz eybli kirdarına bax!
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!