Vikimənbə:Günün mətni/fevral 9

Kişilər deyirlər
Cəfər Cabbarlı

Vallah, gətiriblər bizi lap cana qadınlar,
Heç oxşamayırlar belə insana qadınlar.

Bir qədri bu məktəbdən uzaq, sadəcə qızdır,
Zalım qızı həs-hüs tanımaz, sanki öküzdür,
Sındırdı, güvəc boşqabı guya ki, donuzdur,
Hər nə desələr arvada, vallahi ki, düzdür.
İnsan deyil, oxşar hamı heyvana qadınlar;
Vallah, gətiriblər bizi lap cana qadınlar.

Arvad nə? Uşaq, ər nədir? İnsan dili bilməz;
Paltarları hisdən qaralarsa, yenə silməz;
İnsan kimi dil bilsə əgər, böylə döyülməz;
Yox fəhmü zəkası, yenə də ar edib ölməz
İnsanlığın adabına biganə qadınlar;
Çıxsın necə insan kimi meydanə qadınlar?!