Vikimənbə:Günün mətni/iyul 21

Yenə yad eylədim keçən günləri
Molla Vəli Vidadi

Yenə yad eylədim keçən günləri,
Axdı gözlərimdən qan gedər oldu,
Bihuş oldum, nitqim, səbrim, qərarım,
Çıxdı bu cismimdən can gedər oldu.

Dil necə ağlayıb çəkməsin zarı,
Hər gün artar bir dərmansız azarı.
Elə kasad oldu könül bazarı,
Sanasan şəhrindən xan gedər oldu.

Ey könül pozuldu rəngi-alların,
Tər sima, xoş bədən, xəttü xalların,
Şirin göftarların, dür xəyalların,
Atəşi-hicranə yan gedər oldu.

Hanı ol əzəlki nazü rifətlər,
О qəddü qamətlər, hüsni-surətlər,
Gedərmiş mərdümən qədrü hörmətlər,
Elə ki, şövkətü şan gedər oldu.

Ey Vidadi xəstə, noldu bazular,
Düşdü qələm, itdi gözdən yazılar.
Hümmət edin, yar, müsahib, qazılar,
Yüz min həsrət ilə can gedər oldu.