Vikimənbə:Günün mətni/iyun 16
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm
Ağəli bəy Naseh
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
Bu sirri eyləmədim kimsəyə bəyan, ölürəm.
Bacardığımca qəmi-eşqi gizlədim, axır
Kəsildi taqətü səbrü qərari-can, ölürəm.
Səfayi-vəsldir aləmdə gərçi məqsudim
Bəlayi-hicrin ilə bağrım oldu qan, ölürəm.
Açılmamış gül idim gülşəni-nəzakətdə,
Bahari-ömrümü eşq eylədi xəzan ölürəm.
Başım bənəfşə kimi qəm dizində çox qaldı,
Vüsalın olmadı üstümdə sayəban, ölürəm.
Şikayət eyləmədim möhnəti-fəraqından,
Zəlilü xarü diləfkarü bizəban ölürəm.
Ümid idim çəkərəm dərdi-eşqi Naseh tək,
Qırıldı rişteyi-ümmid nagəhan, ölürəm.